» » “Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə

“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə



Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin bölgədən çıxması prosesinin başladığı barədə məlumatlar var. Belə ki, dünən sosial mediada sülhməramlılara məxsus hərbi texnikaların Tərtərdə hərəkətini əks etdirən görüntülər də yayılıb. Lakin onların hansı istiqamətdə hərəkət etdiyi barədə məlumat verilməyib. Bildirilir ki, sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika artıq Qarabağ ərazisini tərk edib.

Qeyd edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Erməni mediasının məlumatına görə, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ iqtisadi rayonundan çıxarılması mərhələli şəkildə həyata keçirilir. “News.am” saytı diplomatik mənbələrə istinadən məlumat yayıb ki, qoşunların çıxarılması eşelonla, Dağıstan vasitəsilə həyata keçirilir.

Yeri gəlmişkən, iki gün əvvəl Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib ki, ermənilərin Qarabağdan çıxmasından sonra Rusiya sülhməramlılarının bölgədə qalması səbəbləri azalıb. Onun sözlərinə görə, Azərbaycan Rusiya qoşunlarının Qarabağdan çıxması məsələsini hələ qaldırmır: “İstəmirlər ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etsin. Bu gün Qarabağda sülhməramlıların qalması Rusiya və Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində isə erməni əhalisi qalmadığı üçün sual yaranır: bizim sülhməramlıların orada nə işi var?”.

Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasını təsdiqləyib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib”. Bu sözləri isə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışarkən deyib.

“Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, - deyə H.Hacıyev bildirib.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib ki, onsuz da Rusiya hərbçilərinin Qarabağda işi qalmamışdı:

- Rusiyanın ərazilərimizə sülhməramlı adı altında yerləşdirilən hərbi kontingenti nəhayət ki, ərazilərimizi tərk edir. İki minə yaxın rus hərbçilərinin çox az hissəsi bir neçə gün əvvəl Kəlbəcərdən, Xudavəng məbədi ərazisindən çıxarılmışdı. Ötən ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra Qarabağ məsələsi bitdi. Hazırda ərazilərimiz tam şəkildə Azərbaycan Ordusunun nəzarətindədir və problem həll olunub. Qarabağda yaşayan ermənilər könüllü şəkildə ərazilərimizi tərk etdilər. Bundan sonra rus hərbçilərinin orada qalmasına nə ehtiyac var idi?! Antiterror əməliyyatından sonra Rusiya hərbi kontingenti elan etməli idi ki, artıq orada fəaliyyətlərinə ehtiyac qalmayıb, çıxıb gedirlər. Amma Rusiya sülhməramlı kontingentinin belə bir bəyanatı olmamışdı.

- Rusiya antiterror əməliyyatlarından sonra hərbçilərini niyə geri çağırmırdı?

- Antiterror əməliyyatından sonra Rusiya düşünürdü ki, Qarabağdan köç edən erməniləri zor gücünə də olsa, geriyə gətirə biləcək. Bunu daha əvvəl etmişdilər, 44 günlük müharibədə Qarabağdan Ermənistana getmiş erməniləri Rusiya Xankəndiyə qaytarmışdı. Könüllü gəlmək istəməyənləri də zorla Xankəndiyə, Ağdərəyə gətirmişdilər. Hətta ermənilərin sonradan Ermənistana getməsinə də ləğv olunan Laçın dəhlizində əngəllər yaradırdılar. Rusiya düşünürdü ki, 2023-cü ildə keçirilən antiterror əməliyatlarından sonra da bölgəni tərk edən erməniləri Xankəndiyə qaytaracaq. Lakin bu dəfə belə olmadı, erməniləri əraziyə qaytara bilmədilər. Sonra isə Üçtərəfli Birgə Bəyanatın müddəasına əsasən 2025-ci ilədək Rusiya hərbi kontingenti Qarabağda qalmaq niyyətində idi. Hətta iki həftəyə yaxındır ki, ruslar guya orada minatəmizləmə əməliyyatında Azərbaycana kömək etməyə çalışırdılar. Sual olunur, 2020-ci ildə Qarabağa gələn ruslar 2021-ci ildə Ermənistanda istehsal olunan on minlərlə minanın bölgəyə gətirilməsinə niyə göz yumurdular? Əksinə, separatçılara şərait yaradırdılar ki, o minalar Azərbaycan ərazisinə basdırılsın, ərazilər təhlükə mənbəyə çevrilsin. İndi minatəmizləyən, humanitar yardım edən olublar? Guya mina təmizləmək əməliyyatlarında iştirak etməklə fəaliyyətlərinin olduğunu, onlara ehtiyac olduğunu göstərmək istəyirdilər. Məqsəd bəlli idi, Rusiya hərbçiləri buradan çıxmaq niyyətində deyildilər. Maksimum çalışdılar ki, bölgəni tərk etməsinlər. Bu, Kremlin planı idi. Rusiya istəyir ki, Azərbaycan ərazisində hərbi kontingenti olsun, bununla hansısa təsir rıçaqları qalsın. Hətta Rusiya hərbçilərini 2025-ci ildən sonra da Qarabağda saxlamaq niyyətində idilər. Görünür Azərbaycanın tələbi və uğurlu diplomatik danışıqlar nəticə verib. Bu, rəsmi Bakının diplomatik uğurudur.

- Belə məlumatlar da var ki, Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçiləri ərazidən çıxarılacaq. Bu barədə nə deyə bilərsiniz?

- Yaxın aylarda Monitorinq Mərkəzi fəaliyyətini dayandıracaq. Bir neçə gün əvvəl həmin Mərkəzdəki Rusiya hərbçiləri oradan çıxmağa başlayıblar. Bu halda qardaş Türkiyə hərbçilərinin Ağdamda qalmasına ehtiyac yoxdur. Bu Mərkəz bölgədə olan vəziyyəti monitorinq etmək üçün yaradılmışdı. Bu gün onlar nəyi monitorinq edirlər? Ona görə də Rusiya və Türkiyə hərbçilərinin Mərkəzdə qalmasına ehtiyac yoxdur. Həm də bu, əlavə xərcdir. Yəni demək olar ki, Monitorinq Mərkəzinin də Qarabağda missiyası bitib. Əslində ötən ilin sentyabrındakı antiterror əməliyyatından sonra Mərkəz fəaliyyətini dayandırmalı idi.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya