Mahmud Bağırov: Ötən 20 il ərzində nəinki Azərbaycan xalqı, eləcə də bütün dünya şanlı tarix yazan, bütün vədlərini yerinə yetirən, güclü siyasi qətiyyəti və iradəsinə, böyük uzaqgörənliyinə, zəngin idarəçilik təcrübəsi və məharətinə şahidlik etdi
- 20-12-2023, 15:28
- Siyasət
- 0
- 124
Masallı rayon Yol İstismarı İdarəsinin rəisi Mahmud Bağırov - Bu gün Azərbaycan dövləti tarixinin ən güclü dövrünü yaşayır. Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətin nəticəsində ölkəmiz qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş olan dövlətə çevrilib. Ən başlıcası isə üç ildir ki, 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımız azad edilib. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın üçrəngli, müqəddəs bayrağı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə, düşmən tapdağından azad edilən torpaqlarda qürurla, şərəflə dalğalandırılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə xalqımızın bütün dünyaya haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu. Dünyaya səs salan möhtəşəm Qələbə müstəqil Azərbaycanımızı dünyada qalib xalq, məğlubedilməz dövlət kimi yenidən tanıtdı. Bizi qürurlandıran uğurlar, zəfərlər 2020-ci il 8 noyabrda Şəhidlər xiyabanından xalqa səslənərək “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!” deyən Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi sayəsində mümkün oldu.
Dövlətçiliyimizin ən şərəfli səhifələrini yaşayan Azərbaycan növbəti tarixi mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin dekabrın 7-də növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında imzaladığı Sərəncama əsasən 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkiləri keçiriləcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində Prezident seçkiləri reallaşacaq. Ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti olan bu növbədənkənar Prezident seçkiləri, eyni zamanda, tarixə Zəfər seçkiləri kimi də həkk olunacaq. Taleyüklü bu keçid mərhələsində Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu növbəti dəfə də nümayiş etdirəcək. Görülən işlərə, qazanılan qələbələrə yüksək qiymət verən xalqımız yaxşı bilir ki, Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan tarixində heç zaman bugünkü kimi qüdrətli, güvənli olmayıb. Ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar, 44 gün davam edən Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi deməyə əsas verir ki, 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkilərində xalq ölkədə aparılan demokratik islahatlara, Azərbaycanın qalib ölkə kimi tanınmasına səs verəcək.
Xalqın inandığı, güvəndiyi İlham Heydər oğlu Əliyev Prezident seçildiyi ilk gündən Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyinə, hər bir soydaşımızın Prezidenti olacağına, düşmən işğalı altında qalan torpaqlarımızı azad edəcəyinə söz verdi və vədinə əməl etdi, mənfur düşmənin illərlə sinsi-sinsi həyata keçirdiyi təcavüzkar, məkrli planları alt-üst etdi. Azərbaycanın Qalib Prezidenti 30 il düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın yarasına 44 gün ərzində məlhəm çəkdi, elimizə, obamıza möhtəşəm Qələbəni ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə soydaşlarımızın doğma ata-baba yurduna qayıdış ümidlərini reallığa çevirdi. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” - deyən Prezident İlham Əliyev ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail oldu, Azərbaycanın siyasi, iqtisadi imkanlarını genişləndirdi, ölkəmizin beynəlxalq arenadakı mövqelərini möhkəmləndirdi. Odur ki, cəmi 5 min üzvü toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələr də bütün etibar limitlərini itirdiklərini, nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirlərin, ritorikaların yersiz olduğunu anlamalıdırlar. Özünü müxalif partiyası adlandıran AXCP seçkiləri boykot etdiyini elan edir. Hər zaman dövlətinin, Prezidentinin yanında olan xalqın sərt təpkisi altında əziləcəklərini yaxşı bilən bu müxalif partiyanın qərar verənləri, başbilənləri unudurlar ki, seçkilərdə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Radikallar “boykot” pərdəsi altında zəifliklərini, yalanlarını, ara qarışdırmağa xidmət edən oyunlarını gizlətməyə çalışırlar. “Boykot” sözü tək bəsdir ki, onların çirkli niyyətləri haqqında fikir formalaşsın.
“Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin, Prezident cənab İlham Əliyevin yanında olacaq.