Azər Ələkbərov: Zamana və məkana sığmayan böyük Zəfər! Şəhidlər ölməz, Vətən bölünməz!
- 14-11-2023, 11:13
- Cəmiyyət
- 0
- 149
ATİAHİ Yardımlı rayon komitəsinin sədri Azər Ələkbərov - 200 illik ədalətsizliyə son qoyuldu
Bu gün çoxəsrlik tariximizin şərəfli səhifələrindən olan müqəddəs Vətən müharibəsində tarixi Zəfərimizin üçüncü ildönümünü qeyd edirik. Hər bir əlamətdar tarix keçilən yolu, ən əsası həmin hadisənin yaşanmasını şərtləndirən amilləri təhlil etməyi bir zərurət kimi qarşıya qoyur.
Tarixi Zəfərimizin yaratdığı reallıqları düzgün dəyərləndirmək üçün Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasətinə qısa nəzər salaq. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər bizə qarşı erməni təxribatları bir an belə olsun səngiməyib. Vətənsiz erməni toplumu məskunlaşdığı ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, əksəriyyət təşkil etdiyi əzəli yurd yerlərimizdən azərbaycanlıları sıxışdırıb çıxarmışlar. Erməni qəsbkarları 1905-1907-ci illərdə on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda ümumiyyətlə, soydaşlarımızın yaşadıqları bütün ərazilərdə on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara misli görünməmiş işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir. Azərbaycanlıların öz tarixi torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Təkcə 1988-ci ildə deportasiya olunmuş azərbaycanlı əhalinin sayı 500 min nəfərə yaxın idi. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərimizin, şəhərlərimizin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
Bu gün bunlar tarixdir. Tarixi saxtalaşdırmaq isə qeyri-mümkündür. Yalan təbliğata əsaslanan siyasətin ömrü uzun ola bilməz. Azərbaycanın 200 il davam edən ədalətsizliyə 44 gün davam edən Vətən müharibəsində son qoyması bunun bariz nümunəsidir. Qəhrəman Azərbaycan xalqı və onun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordusu sübut etdi ki, gec-tez ədalət zəfər çalır. Bu gün işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin təqdimatıdır. Çünki ermənilər bu torpaqlardan Azərbaycan xalqının izlərini silmək üçün bütün tarixi və mədəni abidələrimizi yerlə-yeksan etsələr də bunun mümkünsüzlüyünün şahidinə çevrildilər. Reallıq budur ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayaraq burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi. Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu ildə o vaxt işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması sülh danışıqlarına son qoydu. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən keçmiş təmas xəttində mütəmadi olaraq atəşkəsin pozulması İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin , xalqımızın səbir kasasının dolmasına səbəb oldu. Həmin gün başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında ağır məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 30 ilə yaxın bir müddətdə kağız üzərində qalıb saralan 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi.
Vətən müharibəsinin rəmzi
Müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. Sentyabrın 27-də uğurlu əks-hücum əməliyyatının ilk saatlarından düşmənin möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusu ilk gündən Qarabağın Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etdi. “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də ermənilərin Madagiz adlandırdıqları kəndi işğaldan azad etdi. Bu xoş müjdəni özünün tviter hesabından xalqımıza çatdıran dövlətimizin başçısı kəndin tarixi adını da bərpa edərək onu Suqovuşan adlandırdı. Ordumuz oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut qəsəbəsini düşməndən təmizlədi. Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini əməliyyatların ilk günlərindəcə darmadağın edən rəşadətli Ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltdı. Oktyabrın 18-də - Müstəqilliyin Bərpası Günündə Azərbaycanın üçrəngli Bayrağı qədim Xudafərin körpüsünün üzərində dalğalanmağa başladı. Bundan iki gün sonra – oktyabrın 20-də isə Zəngilan şəhəri işğaldan azad olundu. Ordumuz oktyabrın 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini azad etdi. Qəhrəman ordumuz bu gün Zəfər Günümüz kimi qeyd etdiyimiz, Azərbaycanın və dünya hərb tarixinin şanlı səhifələrindən birini təşkil edən çətin Şuşa əməliyyatını uğurla başa çatdıraraq mədəniyyət beşiyimizi işğaldan azad etdi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın 30 ilə yaxın həsrətlə gözlədiyi bu şad xəbəri Azərbaycan vətəndaşlarına noyabrın 8-də sübh tezdən Şəhidlər xiyabanından çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq... Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Şuşanın azad edilməsi Ermənistan ordusunun müqavimət gücünü tamamilə sarsıtdı. Nəticədə bu əməliyyatdan bir gün sonra – noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Müharibədəki ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi.
Dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamı tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edir. Sözügedən sənəd, eyni zamanda, indiki və gələcək nəsillərə tariximizin bu səhifəsinin daha dərindən öyrənmələrinə bir çağırışdır.
Ordumuzun döyüş təcrübəsi və taktikası dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya 44 günlük müharibədə Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistan silahlı qüvvələrini deyil, “yenilməz erməni” mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi darmadağın edildi.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş qalib Orduya çevrilib. Azərbaycan Ordusu döyüş hazırlığına görə dünyada ön sıralarda gedir. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı zamanı XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Azərbaycan müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından (PUA) yüksək peşəkarlıqla istifadə edərək dünya hərb tarixində mühüm yeniliklər etdi. İkinci Qarabağ müharibəsinə qədər PUA-lardan bu miqyasda, bu cür səmərəli şəkildə istifadə olunmamışdı. Vətən müharibəsində qazandığımız şanlı Qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığının və vətənpərvərliyinin dayandığını önə çəkən dövlət başçısı İlham Əliyevin bu sözləri ordumuzun rəşadətinə verilən ən yüksək qiymətdir: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı hər zaman uca tutulur
Vətən müharibəsində şanlı Qələbəmizi təmin edən şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı tarix- sentyabrın 27-si Anım Günü, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın işğaldan azad edildiyi tarix- 8 Noyabr Zəfər Günü kimi təsis edilib. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi prioritet məsələlərdəndir. Bir mühüm məqamı da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Xətai rayonunda açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkına gələn hər bir insan Silahlı Qüvvələrimizin gücünün və iradəsinin şahidi olur. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları buraya qədəm basan hər bir ziyarətçinin Ermənistanın nə qədər cinayətkar olduğunu görməsinə səbəb olur. Burada, həmçinin Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik!
2020-ci il dekabrın 10-da keçirilən Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradı müzəffər Ordumuzun hansı gücə və imkanlara malik olduğunu bir daha dünyaya nümayiş etdirdi. Bu möhtəşəm paradın özəlliyi ondan ibarət oldu ki, işğaldan azad edilmiş ərazilərimizdə qalibiyyət rəmzi kimi əzəmətlə dalğalanan üçrəngli Bayrağımız Azadlıq meydanına gətirildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paraddakı çıxışında belə bir arzusunu ifadə etmişdi: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan Bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.”
Dövlət başçısı İlham Əliyev Zəfər paradında məhz ötən paradlara baxış əsasında bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir: “Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”
Qələbə diplomatiyası
Azərbaycanın diplomatik uğurları davamlılığı ilə diqqət çəkir. Bu uğurların təməlində real faktlara, tarixi həqiqətlərə əsaslanan siyasətimiz və təbliğatımız dayanır. Rəsmi Bakı ən yüksək tribunalardan Azərbaycan həqiqətlərini, artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdıraraq belə bir çağırışı edirdi ki, xalqımız heç zaman işğalla barışmayacaq. Qarabağ Azərbaycanın əzəli torpağıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycan ərazisi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyin öz əksini tapıb. Ən mühüm çağırışlardan biri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsidir. Bildirilirdi ki, bəzən bu qətnamələr 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 27 il gözlədik.
Dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərə baxmayaraq Azərbaycan heç zaman ruhdan düşmədi, əksinə hücum diplomatiyasını uğurla həyata keçirərək tarixi faktları özündə əks etdirən təbliğatı ilə dünyanın diqqətini keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyətinə yönəltdi. İkinci Qarabağ müharibəsinin başlamasından öncə BMT Baş Assambleyasının sessiyasında Prezident İlham Əliyev Ermənistanın yeni ərazilər uğrunda müharibə planlarından danışaraq dünyaya bölgədə yaranan real təhlükə barədə çağırış etdi. Əfsuslar olsun ki, dünya gücləri bu ciddi xəbərdarlığa biganə yanaşaraq, yenə də seyrçi mövqedə dayanmağa üstünlük verərək bu məsələyə diqqət göstərmədilər.
44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə dövlət başçısı İlham Əliyevin xarici mətbuata 30-dan artıq müsahibəsinin hər biri Azərbaycanın diplomatik uğuru kimi tariximizə yazıldı. Bu müsahibələr Azərbaycan həqiqətlərinin təbliğində zəngin mənbə oldu. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr Azərbaycan mediasının fəaliyyətinə də istiqamət verdi. Mübaliğəsiz demək olar ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr bir-birinin ardınca, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı Azərbaycan Prezidenti informasiya cəbhəsində də qalib gəldi. Dövlət başçısının jurnalistlərin suallarına cavabında gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Prezident İlham Əliyevin ürəkdən gələn, xalqın hiss və duyğularını əks etdirən hər bir sözü, hər bir fikri millətimizin hafizəsinə əbədi həkk olundu, dillər əzbərinə çevrildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir müsahibəsi, çıxışı dünya güclərinə tarix, hüquq, milli qürur dərsi oldu. Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə böyük uğurlar qazanıldı. Gərgin və davamlı təbliğat nəticəsində bütün dünyaya sübut edildi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmədirlər.
Həqiqət anı
Böyük Qələbəyə aparan yolda beynəlxalq səviyyədə həyata keçirilən siyasətin, diplomatik fəaliyyətin, dünya ölkələri ilə yaradılan dostluq münasibətlərinin rolu ayrıca qeyd edilməlidir. Bir sıra beynəlxalq təşkilatlar və Azərbaycana dost ölkələr ədalətli mübarizəmizdə ölkəmizə böyük dəstək verdilər. Qoşulmama Hərəkatına üzv ölkələrin nümayiş etdirdikləri prinsipial mövqe sayəsində Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında ölkəmizin mənafeyinə zidd olan qətnamə layihəsinin qəbul edilməsinin qarşısı alındı. 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı kimi dəyərləndirildi. Kimin haqqın, ədalətin, kimin isə şərin, təcavüzkarın yanında olduğu təsdiqləndi. Bu müharibə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının təqdimatında öz sözünü dedi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk gündən dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı və sonadək ölkəmizə siyasi, mənəvi dəstəyini əsirgəmədi. Bu gün böyük qürurla qeyd edirik ki, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaq. Tarixi Zəfərimizin dünyaya təqdimatı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı İlham Əliyevin yanında olması dünyaya növbəti mesaj oldu. Bir daha sübut olundu ki, iki qardaş, dost ölkə sevincli, kədərli günlərdə daim biri-birinin yanındadır. Zəfər paradında Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Rəcəb Tayyib Ərdoğan Zəfər paradında belə bir əminliyi ifadə etmişdi: “Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir”.
Tarixi Zəfərimizdən ötən üç ildə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində qardaş Türkiyənin, onun şirkətlərinin öz payı, dəstəyi vardır. Bu gün Zəngilanda Azərbaycan və Türkiyənin ilk birgə investisiya layihəsi icra edilir. Azərbaycan və Türkiyə prezidentləri birgə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarını dünyaya açdılar. Bu addımların zirvəsi 2021-ci ilin iyun ayında Türk dünyasının mədəniyyət paytaxtında Şuşa Bəyannaməsinin imzalanması oldu. Bu sənəd iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafı barədə aydın təsəvvür yaradır.
Böyük Qayıdışa doğru
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilməsi dünya tarixində nadir hadisələr sırasındadır. Azərbaycan bu addımı ilə də ilklərə imza atdı. Çünki müharibədən çıxan bir ölkənin dərhal bərpa-quruculuq işlərinə başlaması mümkün deyil. Azərbaycan bu addımı ilə həm iqtisadi imkanlarını təqdim etdi, həm də necə qurucu xalq, bu torpaqların sahibi olduğunu bir daha dünyaya nümayiş etdirdi. Qısa müddətlə görülən işlərin miqyası o qədər böyükdür ki, onların xronologiyasını belə təqdim etməklə bitməz. İşğaldan azad edilmiş ərazilərimizdə beynəlxalq statusa malik üç hava limanının tikintisi bu ərazilərin əlverişli coğrafi mövqeyə malik olduğunu bütün dünyaya nümayiş etdirir. Gələcəkdə bu torpaqlarımız böyük investisiyalar, turizm məkanı kimi diqqətdə olacaqlar.
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərlərinin hər biri Böyük Qayıdışa doğru atılan addımdır. Hər bir səfər bir sıra sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu torpaqlarda tarixi və dini abidələrimizin bərpası Heydər Əliyev Fondu tərəfindən aparılır. Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günləri ənənəsinin bərpası da təqdir edilən addımlar sırasındadır. Xalqımız tam əmindir ki, Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində bu torpaqlarda bərpa-quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdaraq onlara yeni həyat verəcək. Soydaşlarımızın qayıdış ünvanlarının sayı gündən-günə artır. Hazırda Ağalı və Talış kəndləri, Laçın və Füzuli şəhərləri mərhələli şəkildə sakinlərinə qovuşurlar. Böyük Qayıdışın növbəti ünvanı Xankəndiyədir.
Qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız Xankəndidə dalğalanır
Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini irəli sürdü. 2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, reallıqda onun əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun tör-töküntüsü Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.
Cari ilin mühüm uğurları sırasında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsini xüsusi vurğulamaq lazımdır. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması şanlı Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən və insan tələfatı ilə nəticələnən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə başladı. 2023-cü il sentyabrın 20-də müvafiq şərtlər altında bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsi oldu. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan bütün ərazilərində öz suverenliyini tam bərpa etdi. 15 oktyabr tarixində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək” fikirlərinin davamı olaraq onu da böyük əminliklə bildirdi ki, nəyi demişəmsə, onu da etmişəm: “Bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.”
Hədəf Qərbi Azərbaycana qayıdışdır
Dövlət başçısı İlham Əliyev ötən il doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Bu görüşün təbii ki, rəmzi mənası var idi. Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra tarixi ədalətin bərpasına yönələn növbəti addım-Qərbi Azərbaycana qayıdış bir tələb kimi qarşımızda dayanır.
Dövlət başçısı İlham Əliyev bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində bildirmişdir ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün tam haqlı olaraq bu mövzunu beynəlxalq arenaya çıxarmışıq. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur.
Bu qayıdış ilə bağlı zəruri olan bütün addımlar atılır. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib. Xalqımız tam əmindir ki, zamanında bu hədəfimizə də çatacağıq.