Şamxal müəllim: Xalqın yekdil dəstəyi və etimadı
İş adamı Şamxal müəllim - Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində üçrəngli bayrağımız bu gün uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızda dalğalanır. Ölkəmizin yeni qələbələrə və uğurlara imza atması üçün natiqlər seçiciləri seçki günündə fəal olmağa və cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Nəyə görə gözlənilirdi və nə üçün xalqın seçimi məhz İlham Əliyevdir?
Birincisi, Prezident İlham Əliyevin ötən müddətdə dövlət başçısı kimi həyata keçirdiyi fəaliyyət Azərbaycanın rifah və tərəqqisinə hesablanmış alternativsiz xətdir. Bu xətt davamlı sosial islahat paketləri ilə daim zənginləşməkdə və inkişaf etməkdədir. Kadr islahatları isə götürülmüş kursun yüksək səmərə verməsində müstəsna tamamlayıcı faktordur.
İkincisi, Prezident İlham Əliyev yenilikçidir. O, siyasətini müasir dövrün tələblərinə məharətlə uzlaşdırmağı bacarır. Nəticə etibarilə, İlham Əliyevli Azərbaycan həm də çağdaş dünyamızın istər mədəni, istər iqtisadi və mənəvi baxımından ayrılmaz tərkib hissəsidir. İdarəçiliyin İlham Əliyev modeli müasirləşmə yolunda da alternativ tanımır.
Üçüncüsü, Prezident İlham Əliyev prinsipial və qətiyyətlidir. Onun xarakterinin bu hərəkətverici amalı ölkəmizin müstəqilliyinin daimiliyi, dönməzliyi və onun kənar amllərin təsirindən qorunmasıdır. Qətiyyət və prinsipiallıq, eyni zamanda, Azərbaycan üçün həlli vacib məsələlərin operativ və ardıcıl surətdə reallaşdırılması prioritetini rəhbər tutmaqdadır.
Dördüncüsü, İlham Əliyev siyasət dühasıdır. Ulu öndər Heydər Əliyev kimi, o da miqyası Azərbaycanın hüdudlarını aşan danılmaz liderdir. Onun liderliyi dünyada qəbul edilmiş gerçəklikdir.
Beynəlxalq aləm İlham Əliyev adı gələndə postsovet məkanının rəhbər şəxsləri barədəki klişelərdən uzaq baxış ortaya qoyur. Bu mənada Ulu öndər mövcud anlamdakı stereotipləri sındırmış dövlət adamı idisə, İlham Əliyevin liderliyi artıq sınmış olan stereotipləri tamamilə silməyi bacardı.
Beşincisi, Prezident İlham Əliyev sözünün ağasıdır. O, heç bir kəlməni boş yerə demir. Dilə gətirdiyi hər fikrin reallıqla fiksasiyası labüd və qaçılmazdır. Çünki dövlətimizin başçısının irəli sürdüyü xətt əvvəlcədən ciddi şəkildə düşünülüb. Mövcud düşüncə üçün riskləri nəzərə alma bir deyil, bir neçə istiqamətli amplitudaya malikdir. Onun belə yanaşması qarşıya qoyulmuş məqsədin həyata keçirilməsinin qarşısının alınmasına yönələn cəhdlərdən etibarlı sığortadır. Sözügedən sığorta isə həm də deyilmiş sözün etibarlılıq təminatıdır.
Altıncısı, İlham Əliyev vətənpərvərdir. Onun vətənpərvərliyi bu sözü ifadə etmənin əməli nümunələri ilə zəngindir. İlham Əliyevin xarakteri üçün əsas olan xalq və dövlət naminə görülmüş konkret işlərdir. Bu mənada YAP lideri vətənpərvərliyin ənənəvi baxış stereotiplərini də sıradan çıxarmış rəhbərdir. Artıq Azərbaycan insanı üçün Vətəni sevməyin ehkamlaşmış İlham Əliyev nümunəsi var. Yeri gəlmişkən, mövcud nümunə Heydər Əliyev siyasi kursuna varisliyin də növbəti göstəricisi kimi çıxış etməkdədir.
Yeddincisi, İlham Əliyev varisliyin özünün də mükəmməl örnəyidir. Məlum olduğu kimi, dünyanın ayrı-ayrı ölkələrində siyasi varislik xətti əsas götürülməkdədir. Başlıca məsələ bu xəttin dünyada qəbuludur. Bir çox hallarda qəbuletmə gerçək anlam daşımır. Bu zaman varis, bir növ, kölgədə qalır. Ancaq İlham Əliyev əməli fəaliyyəti ilə özünü, necə deyərlər, avtonom şəkildə sübut etməyi bacarmış liderdir. Hakimiyyətinin ötən iyirmi illik dövrü onu təsdiqlədi ki, YAP-ın sədri heç bir halda Heydər Əliyev nəhəngliyinin kölgəsində deyil.
Səkkizincisi, İlham Əliyev nəinki Heydər Əliyev böyüklüyünün kölgəsində qalmadı, eyni zamanda, onun siyasəti varislik prinsipinə yeni çalarlar qazandırdı. Azərbaycanın lideri sübut etdi ki, institusional struktura malik Heydər Əliyev dəst-xəttinin ən böyük sərmayəsi elə varislik imiş. Mövcud sərmayə ölkəmizin hazırkı reallıq sistemi üçün, sanki, bol məhsuldur.
Doqquzuncusu, İlham Əliyev Qarabağ davasının məharətli sərkərdəsidir. Ölkəmizin lideri bildirib ki, Qarabağı onun hakimiyyəti dövründə yetişmiş gənclər işğaldan azad etdilər. Əlbəttə, öyünməyə tam haqqı var. İlham Əliyev, həmçinin çox haqlı olaraq, onu da deyib ki, müəyyən vaxtlarda insanlarımızın torpaqlarımızın geri qayıdacağına ümidi azalmışdı. Ümidi qığılcımlarını sönməyə qoymayan isə onun özüdür. Prezident bütün çıxışlarında Qarabağ məsələsindən bəhs etmiş, ortaya prinsipiallıq və qətiyyət qoymuş və bununla bağlı işlətdiyi hər fikir dərin ideoloji məzmun qazanmışdı. Nəticədə işğala son qoyulacağına həm inam yaranmış, həm həmin inam möhkəmlənmiş, həm də məfkurəvi obraz qazanmışdı.
Onuncusu. İlham Əliyev müdrik Prezidentliklə yanaşı, Ali Baş Komandan olduğunu da sübut etdi. Dövlətimizin başçısı 44 günlük müharibəni hər cəbhədə aparması ilə yaddaşlarda əbədi qaldı. Savaşın, belə demək mümkünsə, silah cəbhəsində də, o, əsl sərkərdəyə çevrildi. İnformasiya cəbhəsində isə mahir diplomata. Bu iki amplua bir-birini o qədər gözəl şəkildə tamamladı ki, yaranmış mənzərə heyrət doğurmaya bilməzdi.
On birinci məqam. Əlbəttə, İkinci Qarabağ savaşı müstəvisindəki haqqında söz açdığımız heyrət mənzərəsinə Prezidentin sadə xalqın adamı olması mahiyyəti də güc verdi. 44 günlük müharibə dönəmində hər kəs onu özündən biri sandı. Kimisi dövlət başçısını qardaş, kimisi dost və sirdaş, kimisi isə əmi və dayı, ümumən ən yaxın qohum, əziz insan bildi. Bu, Xalq – İlham Əliyev, İlham Əliyev – Xalq vəhdətinin ən parlaq və mükəmməl təntənəsi idi.
On ikinci məqam. İlham Əliyev obrazı qloballaşan və dəyişən dünyamızda Azərbaycanın, sadə dildə desək, sağqalma formuludur. Bu formul gücünü təminat faktorundan alır. Nəzərə alaq ki, dünyamız sürətlə dəyişdikcə, bir deyimin aktuallığını görürük – geridə qalan atları güllələyirlər. Təəssüf ki, özünü humanist sayan bəşər aləmi diqqətə çatdırdığımız zərb-məsəlin həqiqət epizodlarına şahidlikdən usanmaq bilmir. Elə təəssürat yaranır ki, kimlərsə “geridə qalmış atları güllələmək” üçün qəddar və amansız missiya yerinə yetirməkdədir.
İlham Əliyevin prezidentliyi dövlətə və dövlətçiliyimizə, habelə uca xalqımıza iti sürətlə addımlamaq üçün müqavimət qazandırdı. Daha doğrusu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan dövlətçiliyi qazandığı immuniteti İlham Əliyevin rəhbərliyi ilə gerçək müqavimətə çevirməyi bacardı. Müqavimət yeni ruhdur, yeni ümidlərdir. Bu mənada İlham Əliyev şəxsiyyəti Azərbaycanın gələcəyə olan son dərəcə fundamental xassəyə malik ümididir. Heç bir şübhə yoxdur ki, bu ümid 2024-cü il fevralın 7-də yeni pərvərişini yaşayacaqdır.