Səttar Möhbalıyev: “AHİK İƏT-nin Əmək Mərkəzinin fəaliyyətində yaxından iştirak edəcək” -Fotolar
“İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılması və Bakı şəhərində yerləşməsi Azərbaycan həmkarlar ittifaqları üçün də böyük əhəmiyyət kəsb edir. İslam Əməkdaşlıq Təşkilatı müasir dövrün əsas çağırışları olan işsizlik, əməyin mühafizəsi, kadr hazırlığı, işəgötürənlərlə işçilər arasında münasibətlərin hüquqi müstəviyə keçirilməsi, hökumətlə sosial dialoq və digər mühüm problemlərinin həllində mühüm rol oynayır”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Bakıda Əmək Mərkəzinin açılış sessiyasında deyib.
Onun sözlərinə görə, dövlətimizin başçısı cənab İlham Əliyevin İƏT-nin Əmək Mərkəzinin Bakıda yerləşməsi təşəbbüsü əmək münasibətlərinin tədqiqi və problemlərin birgə həlli, müxtəlif dövlətlərin əmək qanunvericiliyinin unifikasiyası, sosial müdafiənin gücləndirilməsi, əməyin mühafizəsi, kadr hazırlığı, işsizlik və yoxsulluğun azaldılması, dövlətlərarası dialoq üçün yeni platforma yaradır: “Bu platforma əməkçilərin hüquqi müdafiəsinin təmin edilməsini, əməyin mühafizəsinin müasir standartlarının tətbiqini, işəgötürənlərlə işaxtaranlar arasında münasibətlərin sadələşdirilməsini və şəffaflığını, üzv dövlətlərin beynəlxalq əmək bölgüsü prosesində daha fəal iştirakını təmin etməlidir. Əmək Mərkəzinin fəaliyyəti onun Nizamnaməsində də nəzərdə tutulduğu kimi, gələcəkdə islam dövlətlərinin vahid əmək bazarının yaradılmasına, ölkələrimiz arasında əməkçi miqrant axınlarının tənzimlənməsinə, ixtisaslı kadrlarla mübadiləyə, islam mədəniyyətinin, dəyərlərinin təbliğinə yönəlməlidir”.
“Əməkçilərin hüquq və maraqlarının müdafiəsi, layiqli əməyin təmin edilməsi və sosial tərəfdaşlığı, dayanıqlı inkişafı, kadr hazırlığını prioritet istiqamətlər kimi qəbul edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Əmək Mərkəzinin fəaliyyətində yaxından iştirak edəcək. Bu xüsusda dövlətlərimiz arasında sıx əlaqələri əsas götürərək ölkələrimizin həmkarlar ittifaqları mərkəzləri arasında da əlaqələri genişləndirmək, məsləhətləşmələr aparmaq, vahid mövqeyi formalaşdırmaq üçün birgə toplantının Bakı şəhərində keçirilməsini təklif edirəm. Nəticədə həmkarlar ittifaqları da İƏT-nin qəbul etdiyi qərarların müzakirəsində iştirak edə və onun uğurlu fəaliyyətinə öz töhfəsini verə bilər. Buna görə də, Əmək Mərkəzi ilə bizim aramızda əməkdaşlıq əlaqələrinin yaradılması təşkilatlarımızın qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsində, daha məhsuldar fəaliyyətində mühüm rol oynayacaq”, - Səttar Möhbalıyev vurğulayıb.