» » AHİK sədri Səttar Möhbalıyev sanatoriya və müalicə pansionatlarına baxış keçirib

AHİK sədri Səttar Möhbalıyev sanatoriya və müalicə pansionatlarına baxış keçirib



İşçilərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların müalicəsinin təşkili Azərbaycan həmkarlar ittifaqlarının əsas funksiyalarından biri hesab olunur. Bu məqsədlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 8 sanatoriyası və bir müalicə pansionatı fəaliyyət göstərir. Sanatoriyalardan 6-sı ilboyu, 2-si isə mövsümi işləyir. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi üçün hər cür  şərait yaradılır.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev mütəmadi olaraq həmkarlar ittifaqlarına məxsus olan sanatoriya-kurort müəssisələrinə baş çəkir, şəraitlə yerində tanış olur, istirahət edənlərlə söhbətlər aparır, müalicə və istirahətlərinin necə təşkil edilməsi ilə maraqlanır.
Avqustun 9-da AHİK sədri “Şıx”, “Abşeron”, “Günəşli”, “Bilgəh” sanatoriyalarına, eləcə də yeni tikilməkdə olan “Şəki” və təmirə dayanmış “Xəzər” sanatoriyalarına baş çəkib.
Belə ki, öncə “Şıx” sanatoriyasına gələn S.Möhbalıyev buradakı vəziyyətlə tanış olub. O, sanatoriyanın ərazisini gəzib, tibb məntəqəsinə, müalicə və yaşayış otaqlarına, yeməkxanaya və mətbəxə baxış keçirib, xəstələrlə söhbətləşib, müalicə şəraiti ilə maraqlanıb. Sədr həmçinin pasiyentlərin fikirlərini və təkliflərini öyrənib. Məlumat verilib ki, buraya xarici ölkələrdən də müalicə üçün üz tutanların sayı artmaqdadır. Yaradılmış şəraitdən minnətdarlıq ifadə edən insanlar aparılan müalicədən razı qaldıqlarını bildiriblər. S.Möhbalıyev sanatoriyanın hazırda təmir olunan korpusunda görülən işlərlə tanış olub. Bildirilib ki, burada Şərqi Zəngəzurdan və Qarabağdan olan məcburi köçkünlər məskunlaşmışdı. Dövlətimiz tərəfindən onlar yeni mənzillərlə təmin olunduqdan sonra korpus boşaldıldı və təmir işlərinə başlanıldı. Hazırda binada müasir tələblərə uyğun bərpa və yenidənqurma işləri həyata keçirilir və yaxın zamanlarda istifadəyə veriləcək.
Qeyd edək ki, dayaq-hərəkət aparatının xəstəliklərinin müalicəsinə müsbət təsir göstərən “Şıx” sanatoriyası 100 çarpayı və hər cür şəraitli bir və ikinəfərlik nömrələrə malikdir.
Pasiyentlər bura gələn kimi müayinə olunur və növbəti 18 gün ərzində tibbi nəzarət altında qalırlar. Pasiyentlər üçün tərkibində az miqdarda yod və brom olan termal hidrosulfid su vannaları təşkil olunur. Bununla bərabər, sanatoriyanın xidmətlərinə naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə də daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir. Sanatoriyada sualtı duş-masaj, xüsusi şəkildə təchiz olunmuş hovuzlarda sualtı dartılma (hidrotraksiya) və velotrenajor vasitəsilə aşağı ətraf oynaqlarının işlənilməsi kimi balneoloji müalicə üsulları tətbiq olunur. Burada milli və Avropa mətbəxlərinin müxtəlif təamlarını təklif edən komfortlu yeməkxana fəaliyyət göstərir. Həmçinin qidalanma rejimində pəhriz menyusu da nəzərdə tutulub.
Sonra S.Möhbalıyev “Abşeron” mədə-bağırsaq sanatoriyasında və eyni məkanda yerləşən “Miras” istirahət mərkəzində olub. AHİK sədri ərazini gəzib, müalicə və yaşayış otaqlarına baş çəkib, pasiyentlərin müalicə şəraiti ilə maraqlanıb.
Sanatoriya iki korpus üzrə 188 çarpayıya, 21 ikinəfərlik lüks kateqoriyalı, 67 ikinəfərlik birotaqlı və 6 birnəfərlik nömrələrə malikdir. Burada böyük və kiçik konfrans zalları, istirahət otaqları, yeməkxana, həmçinin tennis meydançası, hovuz, geniş istirahət parkı və s. mövcuddur. Sanatoriyanın xidmətlərinə yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə prosedurları daxildir. Buranın müalicə bazası kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir.
Son illərdə təmirdən çıxmış “Miras” istirahət mərkəzi qədim memarlıq ənənələrini qoruyub saxlayıb. Burada otaqlar kondisionerlərlə, televizorlarla, soyuducu, seyf və digər məişət texnikası ilə tam təchiz edilib. Üzgüçülük hovuzu, massaj otağı, ayaq vannaları, sauna, həmçinin qapalı və açıq məkanda trenajorlar ziyarətçilərin ixtiyarındadır.
AHİK sədri Abşeron yarımadasının sahilində – Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” nevroloji sanatoriyasına da baxış keçirib, buradakı vəziyyətlə maraqlanıb.
Bildirilib ki, sinir sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün “Günəşli” sanatoriyası olduqca əlverişlidir. Burada tam komfortlu yaşayış korpusları, tennis meydançası və geniş park ziyarətçilərin xidmətindəndir. Sanatoriya iki beşmərtəbəli korpus üzrə 303 çarpayıya, 49 ikinəfərlik lüks kateqoriyalı nömrəyə, 95 ikinəfərlik birotaqlı nömrəyə və 15 birnəfərlik nömrəyə malikdir. Sanatoriyada milli və Avropa mətbəxlərinin müxtəlif təamlarını təklif edən komfortlu yeməkxana mövcuddur. Qidalanma rejimində pəhriz menyusu da nəzərdə tutulub. Dincələnlərin asudə vaxtı da olduqca maraqlı şəkildə təşkil olunur. Park boyunca gəzintilər, dəniz vannaları və çimərlikdə istirahətdən savayı, ziyarətçilərin qulluğunda kitabxana, kafe, çayxana və diskobar fəaliyyətdədir. Sanatoriyada həmçinin müxtəlif məişət xidmətləri göstərilir. Balneoloji müalicəxananın imkanlarına müxtəlif duşlar, vannalar, kliniki-diaqnostik və biokimya laboratoriyaları, müxtəlif növ inhalyasiyaların, eləcə də masaj və müalicəvi bədən tərbiyəsinin keçirilməsi daxildir. Sanatoriyada yod-brom vannaları, naftalan terapiyası, parafin terapiyası və təbii palçıq vasitəsilə müalicə mövcuddur. Dəniz vannaları və açıq səma altında yuxu sinir sisteminin bərpası və güclənməsinə ən çox təsir göstərən müalicə üsulları arasındadır. Sədr burada müalicə olunanlarla danışıb, səhhətləri ilə maraqlanıb. Onlar istər aparılan müalicədən, istər qidalanmadan, istərsə də digər mövcud şəraitdən razılıq ediblər.
Abşeron yarımadasında yerləşən “Bilgəh” kardioloji sanatoriyasına gələn S.Möhbalıyev burada yaradılmış şəraitlə tanış olub, korpus otaqlarını və şöbələri gəzib, müalicə alanların  səhhəti ilə maraqlanıb.
“Bilgəh” kardioloji sanatoriyası Bakı şəhərindən 40 km məsafədə, Abşeron yarımadasının şimal sahilində, yerləşir. Sanatoriya müasir diaqnostik və müalicə aparaturası ilə təchiz edilmiş komfortlu müalicə imkanına malikdir. Burada funksional diaqnostika, müalicəvi gimnastika, fizioterapiya, elektroyuxu terapiyası, müalicəvi masaj, oksigenoterapiya, stomatologiya və ginekologiya kabinetləri, balneoloji müalicəxana və həmçinin kliniki-diaqnostik və biokimya laboratoriyaları fəaliyyət göstərir. Arxitektura cəhətdən milli memarlıq ənənələrinə sadiq qalan sanatoriya korpusları ən son tələblərə tam cavab verir. Qonaqlara hər cür rahatlıgı olan tək və ikinəfərlik otaqlar təklif olunur. Rahat və səliqəli təşkil olunmuş müalicəvi qidalanma zalında müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxinin təamları təqdim olunur. Dincələnlər asudə vaxtlarında parkda gəzir, dəniz vannaları qəbul edir və çimərlikdə istirahət edirlər. Həmçinin burada bilyard otağı, futbol, voleybol və tennis meydançaları, eləcə də videosalon, kitabxana, kafe və digər müəssisələr qonaqların qulluğundadır. Bunlardan başqa, sanatoriya ərazisində poçt, teleqraf, mağaza yerləşir və müxtəlif məişət xidmətləri göstərilir.
Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində oynaq xəstəliklərindən əziyyət çəkən insanlar üçün müasir əsaslarla yeni tikilməkdə olan “Şəki” sanatoriyasına baş çəkən Konfederasiya sədri burada görülən işlərə baxış keçirib, ərazini gəzib, bir sıra vacib göstəriş və tövsiyələrini verib. Bildirilib ki, burada layihəyə uyğun olaraq tikinti-quruculuq işləri sürətlə davam etdirilir və yaxın gələcəkdə istifadəyə veriləcək.
Sədr həmçinin Buzovna qəsəbəsində yenidənqurma və bərpa işləri aparılan “Xəzər” sanatoriyasında da olub. Qeyd olunub ki, burada yerləşmiş məcburi köçkünlər dövlətimiz tərəfindən yeni mənzillərə köçürüldükdən sonra sanatoriyada əsaslı təmir işlərinə başlanılıb.
Jurnalistlərə müsahibəsində AHİK sədri bildirib ki, həmkarlar ittifaqlarının əsas vəzifələrindən biri üzvlərinin istirahətinin mənalı və səmərəli təşkili, sağlamlıqlarının qorunmasıdır: “Ümumiyyətlə, ölkə vətəndaşlarımızın sağlamlığının qorunması həmişə dövlətimizin diqqət mərkəzində olub. Xatırlayırsınızsa, hələ pandemiya başlayanda dövlətimizin başçısı cənab İlham Əliyev bəyan etdi ki, bizim üçün əsas məsələ insanlarımızın sağlamlığıdır. Həmkarlar ittifaqları da bunu özünün fəaliyyətinin təməl prinsipi hesab edərək hər il minlərlə üzvünə sağlamlıqlarının bərpası üçün yollayışlar verir. Ümumilikdə isə yüz mindən artıq üzvümüz istirahət və sağlamlıq mərkəzlərinə getmək üçün yollayışlarla təmin edilir. İldən-ilə sanatoriyalarımızın maddi-texniki bazası gücləndirilir, müasir tibbi avadanlıqlarla təchiz edilir, təmir işləri aparılaraq yeni dövrün tələblərinə uyğunlaşdırılır. Burada müalicə olunmaq üçün hər cür şərait yaradılır, qonaqlara peşəkar səviyyədə xidmətlər göstərilir. Əlimizdən gələni edirik ki, üzvlərimizin istirahəti və sağlamlığı etibarlı şəkildə təmin olunsun. Pasiyentlərlə söhbət zamanı gördük ki, müharibə veteranı, qazi və şəhid ailələrindən olan üzvlərimiz də burada müalicə olunurlar. Onlar bizim qürurumuzdur, onlara diqqət göstərmək hər birimizin müqəddəs borcudur. Ölkə Prezidenti də həmişə şəhid ailələrinə, qazilərə, veteranlara qayğı göstərməyi tövsiyə edir. Azərbaycan həmkarlar ittifaqları da bu məsələyə həssaslıqla yanaşır.”
Qeyd edək ki, AHİK sədri Səttar Möhbalıyev sanatoriyalarda müalicə olunanlarla görüşlərdə pasiyentlər onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirir, müalicənin və istirahətin yüksək səviyyədə təşkil olunduğunu qeyd edirdilər. AHİK sədri həmçinin istirahət edənlərin təkliflərini də dinlədi. Sanatoriya rəhbərlərinə xidmətlərin daha da yüksək səviyyəyə qaldırılması və yaranan hər hansı bir problemin tezliklə həll olunması üçün tövsiyə və tapşırıqlarını verdi.
AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
  











  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya