Bakıda “Dayanıqlı inkişaf üçün həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda subregional seminar keçirilir
Noyabrın 22-24-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Turin Beynəlxalq Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf üçün həmkarlar ittifaqlarının fəaliyyəti” adlı subregional seminar keçirilir.
Tədbirdə AHİK sədrinin birinci müavini İlyas Əliyev, BƏT-nin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə bürosunun sektor müdiri Sergeyus Qlovaskas, Turin Beynəlxalq Tədris Mərkəzinin Avropa və Ərəb dövlətləri üzrə fəaliyyət meneceri Evelin Tot, BƏT-nin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva bürosunun Baş mütəxəssisi Qoça Aleksandriya, həmçinin Azərbaycan, Moldova, Qazaxıstan və Özbəkistan həmkarlar ittifaqlarının nümayəndələri iştirak edirlər.
Seminarda Dayanıqlı İnkişaf Məqsədlərinin mahiyyəti, qarşıya qoyulmuş məqsəd və hədəflər, dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektləri, inkişaf istiqamətləri, dünyada DİM-lə bağlı son vəziyyət, həmkarlar ittifaqı hərəkatının DİM-lər üzrə BMT ilə qarşılıqlı əlaqəsi, Azərbaycan, Moldova, Qazaxıstan və Özbəkistan təcrübəsi, layiqli əmək və iqtisadi artıma dair 8 DİM-in həyata keçirilməsində əldə olunmuş nailiyyətlər, ölkələrarası təcrübə mübadiləsi, DİM-dən istifadə etməklə sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi yolları, ekoloji cəhətdən davamlı iqtisadiyyat və cəmiyyətlərə ədalətli keçidin təşviqində həmkarlar ittifaqlarının rolu və digər zəruri məsələlərdən bəhs olunur.