Vüqar Əhmədov “Azərişıq” ASC-nin hər tenderindən nə qədər pul “qatdalayır” – II yazı
Əslində bu yazı bir məqalədən daha çox Azərbaycanın hüquq mühafizə və digər aidiyyatı qurumlarına müraciətdir. Dövlət Təhlükəsizlik Xidmətinə, Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə, Respublika Hesablama Palatasına müraciət edirik. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat-maliyyə fəaliyyətinin yoxlanılması məqsədi ilə maliyyə-təftiş komissiyası yaradılsın və sözügedən qurumun son 3 illik fəaliyyəti araşdırılsın, geniş ictimaiyyət məlumatlandırılsın. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də buradan öz payını götürsün. Çünki, son illər “Azərişıq” ASC-nin dövlət satınalmalarında yol verdiyi qanunsuzluqlara, ayrıseçkiliyə, tərəfkeşliyə şəraiti məhz onlar yaradır.
Aktualinfo.org bir neçə gün əvvəl “Vedi construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nurəddin Sadıqov tərəfindən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin keçirilməsini planlaşdırdığı açıq tenderdən əsassız olaraq kənarlaşdırılmaları ilə bağlı Respublikanın Baş prokurorluğuna və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış şikayət məktubunun bir hissəsini oxuculara açıqlamış, araşdırmalardan sonra mövzuya yenidən qayıdacağını bildirmişdi.
Xatırladaq ki, “Vedi construction” MMC-nin nümayəndəsi şikayət məktubunda bildirirdi ki, “Azərişıq” ASC tərəfindən “Elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması üzrə” 06 fevral 2023-cü il tarixdə 55685 nömrəli müsabiqə elan edilmiş, tələb olunan sənədlərin təqdim olunmasının son tarixi 27 fevral 2023-cü il, təkliflərin son təqdim olunma tarixi 07 mart 2023-cü il, zərflərin açılış tarixi isə 09 mart 2023-cü il tarixi kimi müəyyən edilmişdir.
“VEDİ CONSTRUCTİON” MMC -nin rəhbərliyi açıq tender müsabiqəsində iştirak etməyi qərara almış, həmin tarixdə bizdən tələb olunan sənədlər və təkliflər zərfi satın alan təşkilata təqdim edilmiş, iddiaçı kimi satın alan təşkilat tərəfindən qeydiyyata alınmışıq. Tender prosedurunda 09 mart 2023-cü il tarixdə zərflər paketi açılmış, bizim təklif etdiyimiz qiymət digər iştirakçıların təklif etdiyi qiymətdən sərfəli olmaqla ən aşağı olmuşdur. Sonradan, tenderin təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün əlavə vaxt tələb olunması nəzərə alınaraq tender təklifinin qüvvədə olma müddətinin və tender təklifi təminatının qüvvədə olma müddətinin uzadılması barədə bizə təklif göndərilmiş, həmin təklif bizim tərəfimizdən müsbət qarşılanaraq tender təkliflərinin qüvvədə olma müddəti və tender təklifinin təminat müddətinin uzadılması ilə bağlı cavab məktubları portal vasitəsilə sizə təqdim edilmişdir. Məhz bu tarixdən, yəni tender təklifləri zərfinin açıldıqdan sonra satın alan təşkilat tərəfindən bizə qanunda və Əsas Şərtlər Toplusunda (ƏŞT) nəzərdə tutulmayan tələblər və sənədlər tələb edilməyə başlanılmışdır.
Qanunvericilikdə tələb və təqdim olunması qadağan edilsə də, “Azərişıq” ASC Tender Komissiyasının tələb etdiyi həmin sənədlər bizim tərəfimizdən təqdim edilmiş, lakin buna baxmayaraq, əsassız olaraq qanunvericilkdə nəzərdə tutulmayan əsaslarla 07.04.2023-cü il tarixli cavabla “bizim təklifimizin tender komissiyasını qane etmədiyi və müvafiq icra hakimiyyəti orqanına müraciət etdiyiniz” kimi cavab yazılmışdır.
Bundan sonra, 11 may 2023-cü il tarixdə tender təklifimizin kənarlaşdırılması barədə 4 nömrəli protokola Əlavə bizə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, “təqdim etdiyiniz mal-materialların qiymətləri ilə ehtimal olunan qiymət arasında kəskin fərqlər olduğundan 08.04.2023-cü il tarixində texniki rəylərin verilməsi və qiymətləndirilmə aparılması üçün aşağıdakı cədvəldə göstərilən mal-materialların nümunələrinin təqdim olunması üçün sizə sorğu göndərilmişdir. Sorğumuza cavab olaraq nümunələrin tərəfinizdən təqdim olunmayacağı bildirilmişdir. Şirkətinizin Tenderin Əsas Şərtlər Toplusunun formal tələblərində təqdim etdiyiniz sənədlərdə (İddiaçının son 3 (üç) illik və fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar; (Arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır). Şirkətinizin bu sahədə təcrübəsinin olmadığı, oxşar layihələrin tərəfinizdən həyata keçirilmədiyi tender komissiyası tərəfindən aşkarlanmışdır.”
Göründüyü kimi “Azərişıq” ASC-nin Tender Komissiyası “Vedi construction” MMC-ni tenderdən kənarlaşdırmaq üçün primitiv üsullardan istifadə edib. Belə ki, MMC bundan əvvəl bir neçə ayrı-atrı dövlət qurumlarının elan etdiyi tenderlərin qalibi olub və üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib. Yəni şirkətin iş təcrübəsi və oxşar layihələrdə iştirak etməməsi bir bəhanədir. İkinci bəhanə isə ehtimal olunan qiymət arasında kəskin fərqlərin olması göstərilir. İndi gəlin tenderdə iddiaçı qismində iştirak etmiş digər şirkətlərin təklif etdiyi qiymətlərə baxaq.
“Azərişıq” ASC tərəfindən elektrik xəttlərinin daşınması və bütövlüyünü təmin etmək üçün zəruri mal-materialların satın alınması məqsədi ilə keçirilən açıq tendrdə zərflərin açılması üzrə 09.03.2023-ci il tarxli iclas protokolunda göstərilir. Müsabiqədə toplam 4 iddiaçı iştirak etmişdir. İddiaçıların təqdim etdiyi qiymətlər aşağıdakılardır.
“AS TEXNİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti: 2 208 698.04 AZN
“AZELEKTRO SERVICE CO” Məhdud Məsuliyyətli Cəmiyyəti: 2 264 759.01 AZN,
“FUGA GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti: 2 299 757.32 AZN,
“VEDİ CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti: 1 681 278.70 AZN,
Tender komissiyası tenderin әsas şәrtlәr toplusunda göstәrilmiş tәkliflәrin qüvvәdә olma müddәtinin bitmәsinә 10 bank günü qalanadәk qiymәtlәndirmәni bitirәrәk qәrar qәbul etsin.
Göründüyü kimi “Vedi construction” MMC-nin təklif etdiyi qiymətlərlə digər şirkətlərin təklif etdiyi qiymətlər arasında aşağısı 527 min yuxarısı isə 618 min manat fərq var. Bu çox böyük bir fərq deyilmi? Ortadakı fərq 200-300 min manat olsaydı bir az real görsənərdi. Amma göründüyü kimi “Vedi construction” MMC-nin mütəxəsisləri əgər tenderi belə qiymətləndiriblərsə, deməli bu işin elə bu qiymətlərə görülməsi ehtimalı var. Üstəlik şirkət bu qiyməti təklif edərkən öz gəlirlərini də nəzərə alıb. Deməli bəhs edilən satınalmanın qiyməti ondan da aşağıdır. Amma göründüyü kimi “Azərişıq” ASC-nin Tender Komissiyası bu qiyməti sərfəli hesab etməyərək daha baha qiymətlər təklif edən şirkətlərdən birini seçib. Hansı ki, zərflər paketinin açılmasından 3 ay keçməsinə baxmayaraq tenderin qalibi və ayrılmış məbləğ barədə dövlət satınalmalarının vahid internet portalında heç bir məlumat yerləşdirilməyib.
Burada “Azərişıq” ASC-nin Tender Komissiyası tenderin baş tutmamasını iddia edə bilməz. Çünki birinci yazıda qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, qanunvericilikdə əgər tender baş tutmayıbsa, onun baş tutmama səbəbləri göstərilməklə 30 bank günü ərzində yenidən tender elan olunmalıdır. Əgər satınalan tərəf hər hansı bir səbəbdən tender prosedurunu uzadırsa, bununla bağlı iddiaçı tərəflərə yazılı bildiriş göndərilməli, dövlət satınalmalarının vahid internet portalında tender prosedurunun hansı tarixədək uzadılmasının səbəblərini göstərilməklə bildiriş yerləşdirməlidir.
Bu “Azərişıq” ASC-nin Tender Komissiyasının 08.04.2023-cü il tarixində “Vedi construction” MMC-yə ünvanladığı imtina məktubundan da məlum olur. Deməli göstərilən tarixdə tender baş tutub, iddiaçıların biri qalib seçilib ki, digərlərinə imtina məktubu göndərilib. Belə olan təqdirdə 60 gün keçməsinə baxmayaraq sözügedən tenderin qalibi ictimaiyyətə nə üçün açıqlanmayıb?
Göründüyü kimi “Azərişıq” ASC-nin Tender Komissiyası tender prosedurlarının təşkili zamanı çox ciddi qanun pozuntularına yol vermişdir. Belə ki, dövlət satınalmalarının vahid internet portalında “Azərişıq” ASC-nin Tender Komissiyası tərəfindən sözügedən tenderin keçirilməsi ilə əlaqədar nə iddiaçılara dəvət elanı, nə tender prosedurunun uzadılması barədə bildiriş, nə də tamamlanmış açıq tenderin qalibi barədə heç bir məlumat yerləşdirilməyib. Bu isə tenderin saxtalaşdırıldığını deməyə əsaslar verir. Əgər bir tenderin keçirilməsində bu qədər qanunsuzluqlara yol verilirsə, onda ASC-nin illik satınalma planlarına daxil etdiyi, müxtəlif mal matrialların və xidmətlərin satın alınması ilə bağlı təşkil etdiyi yüzlərlə tender prosedurlarında görün nə qədər qanun pozuntularına yol verilir.
Qeyd edək ki, “Azərişıq” ASC son illər bölgələrdə və işğaldan azad olunmuş rayonlarda Paylayıcı Elektrik Şəbəkələrin yenidən qurulması işlərəinə həyata keçirmək məqsədi ilə dəyəri milyonlarla manat olan tenderlər keçirib və hal-hazırda keçirməkdədir. Onların böyük əksəriyyəti də içtimaiyyətə açıqlanmadan həyata keçirilir. Qurumun Tender Komissiyası hər belə milyonluq tenderin qiymətləndirilməsində 500 min deyil, 2-3 yüz min manat geri “qatdalasa” görün nə qədər dövlət vəsaiti təyinatından kənar edilir. Göründüyü kimi, “Azərişıq” ASC-də dövlət vəsaitlərindən səmərəli, qənaətlə istifadə etmək əvəzinə, talan edilməsinə üstünlük verilir.
Əldə etdiyimiz məlumatlara görə bunların hamısı 2020-ci ilin yanvar ayından Vüqar Əhmədovun “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmasından sonra baş verənlərdir. Bu işlərin başında isə sədrin tələbə yoldaşı olmuş Kamil Hüseynovun durduğu söylənilir. Bu dostların keçmişdə gördüyü işlər barədə elektron mediada kifayət qədər geniş məlumat var. Bunlar görünən tərəflərdi. Biz onların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindəki işbirliyinin görünməyən tərəflərinə bir daha qayıdacağıq.
Aktualinfo.org