Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib
Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib.
Müsahibənin tam mətnini təqdim edirik:
Prezident İlham Əliyev: Sabahınız xeyir.
Müxbir: Sabahınız xeyir, cənab Prezident, necəsiniz?
Prezident İlham Əliyev: Təşəkkür edirəm, yaxşıyam. Sizi yenidən görməyimə şadam.
- Mən də Sizi görməyimə şadam. Ermənistanla münaqişə mövzusundan başlamaq istəyirəm. Rusiyanın sülhməramlı vasitəçiliyindən razısınızmı?
- Bəli, ümumilikdə biz bundan məmnunuq. Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq. Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq.
- Aydındır. Bakı azad olunmuş ərazilərə sərmayə qoyacaqmı?
- Biz artıq sərmayə yatırırıq. Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1.3 milyard ABŞ dolları təşkil edir. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq.
Hazırda biz avtomobil və dəmir yolları inşa edirik. Azad olunmuş ərazilərdə, Füzulidə yerləşən yeni hava limanı hazırdır. Artıq o, ilk təyyarələri qəbul edib. Biz onu səkkiz aya inşa etmişik. Daha iki hava limanının inşası davam edir. Bununla yanaşı, biz artıq yaşayış binalarının tikintisi layihələrinə başlamışıq. İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib. Yəni, biz işlərə çox fəal başlamışıq və planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır.
- İtaliyanın yenidənqurma işlərinə cəlb edilməsi nəzərdə tutulurmu və ya İtaliya artıq bu işlərdə iştirak edirmi?
- İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu, təsadüfi deyil. Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq.
- Bildiyiniz kimi, Avropada qazın qiymətində ciddi artım var. Trans-Adriatik qaz kəmərinin qiymətin müəyyən dərəcədə aşağı səviyyədə saxlanılmasında rolu ola bilər. Həmin boru xətti ilə bağlı hansı yeni imkanlar var?
- Biz əsasən diqqətimizi Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin başa çatdırılmasına yönəltmişdik. Ötən ilin sonuncu günü – dekabrın 31-də ilk qaz Avropaya nəql edilməyə başlandı və İtaliya artıq Azərbaycandan qaz qəbul etməyə başladı. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi İtaliya bazarını 8 milyard kubmetr və hətta bundan da artıq həcmdə qazla təmin edəcək. Yəni, bu iş artıq başa çatdırılıb. İndi isə biz gələcəyə baxmalıyıq, çünki biz yeni qaz yataqları kəşf etmişik. Bununla yanaşı, mövcud yataqlardan da daha çox qaz hasil etməyi planlaşdırırıq. Həmçinin xarici investorlarla bərabər yenilənən enerji mənbələrinə böyük sərmayə qoyuruq.
- Gəlin, Əfqanıstan haqqında danışaq. Siz Taliban hökumətini tanımağa hazırsınızmı?
- Biz hazırda hər hansı bir addımın atılması mərhələsində deyilik. Azərbaycan bilavasitə Əfqanıstana yaxın coğrafiyada yerləşmir. Hesab edirəm ki, ilk olaraq, bu qərarı Əfqanıstanın qonşuları verməlidir. Biz heç vaxt nə siyasi, nə iqtisadi, nə də ki, nəqliyyat sahəsi baxımından Əfqanıstanla sıx bağlı olmamışıq. Bizim Əfqanıstanda mövcudluğumuz orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb. Yeri gəlmişkən, Azərbaycan hərbçiləri Kabil hava limanını sonuncu tərk edənlər sırasında olublar. Hərbçilərimiz hava limanını orada baş verən partlayışdan bir gün əvvəl tərk ediblər. Yəni, biz missiyamızı sonuncu günədək ləyaqətlə və maksimum səmərəli dərəcədə icra edirdik. Hazırda Əfqanıstanda yeni hökumətin qurulması və xarici siyasət prioritetlərinin müəyyən edilməsi dövrüdür. Müsbət meyil, müsbət yanaşma və potensial əməkdaşlıq əlamətləri gördüyümüz halda biz, əlbəttə ki, adekvat şəkildə cavab verəcəyik. Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir. Xarici siyasətimiz tamamilə hər hansı xarici hökmranlıqdan azaddır. İkincisi isə praqmatiklikdir. Biz mövqeyimizi məhz bunun əsasında formalaşdırırıq.
- Avropanın Cənubi Qafqazda daha geniş iştirakı müsbət hal ola bilərmi?
- Hazırda bu məsələlər geniş şəkildə müzakirə edilir. Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin bu yay Azərbaycana səfəri zamanı biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının geniş gündəliyi ilə bağlı ətraflı müzakirələr apardıq. Əlbəttə, əməkdaşlığımızın enerji kimi ənənəvi sahələri var ki, buradakı nəhəng layihələrin icrasını yalnız alqışlamaq olar.
Bu gün Avropa İttifaqı bizim nəqliyyat potensialımıza böyük maraq göstərir və bu sahədə fəal iştirak edir. Çünki biz Azərbaycanı Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çeviririk. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır. Biz, həmçinin Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa İttifaqının rolunu müzakirə edirik.
- İranla bağlı nələr baş verir?
- Ümumilikdə? Yoxsa ikitərəfli münasibətlərimizi nəzərdə tutursunuz?
- Bəli. Müəyyən narahatlıq, müəyyən problemlər var. Bununla bağlı nə etməyi planlaşdırırsınız? Belə başa düşürəm ki, Sizin İsrail ilə yaxın olmağınızdan onlar o qədər də məmnun deyillər. Belədirmi?
- Bilirsiniz, bu, bəhanədir. Baş verənlərin səbəbi bizim bəzi digər ölkələrlə olan münasibətimiz deyil, çünki xarici siyasətimiz çox açıqdır, şəffafdır, sabit və dediyim kimi, müstəqildir. Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq.
Baş verənlərin səbəbi çox sadədir. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin yeri yoxdur. Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi. Sonra biz ikinci addımı atmalı olduq. Biz diplomatik nota hazırladıq, səfiri dəvət etdik və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma, əslində, bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Müəmmalı idi ki, ilk dəfə hərbi təlimlərin planlı tədbir olduğu deyildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik. Bir çox hallarda mən Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışanda, - əslində, bunların hamısı çap edilib, – demişəm ki, bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir. Səkkiz il ərzində işlədiyimiz əvvəlki İran hökuməti ilə biz münasibətlərimizi ən yüksək mümkün səviyyəyə qaldıra bildik. Mənim həmkarım cənab Həsən Ruhani ilə ondan artıq görüşüm olub. Bütün həmin görüşlər məhsuldar olub. Biz enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişləri imzalamışıq və icra etmişik. Münasibətlərimiz, əslində, dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdir. İranın yeni hökuməti, yeni Prezidenti seçiləndə biz nə etdik? Biz onun inauqurasiyasına parlament sədrinin və Baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran Prezidentinə çatdırdılar. Eyni zamanda, digər çatdırılan mesaj və mən bunu xüsusi olaraq əvvəlcə bildirdim, belə idi: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür. Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi. Buna görə, biz, ilk növbədə, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb. İkincisi isə biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik.
- Sağ olun. Yalnız sonuncu sual. Üzr istəyirəm, “Pandora sənədləri”ni Sizdən soruşmaya bilmərəm. Bildiyiniz kimi, adınız orada çıxıb. Siz müdafiə olaraq “Pandora sənədləri” haqqında nə deyərdiniz?
- Bilirsiniz, bu cür məsələlər məni çox illərdir müşayiət edir. Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün bu cür iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. Aydındır ki, bu, jurnalist araşdırması deyil. Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır. Mən başqaları haqqında bilmirəm. Ola bilsin, bəlkə onlar da elə bir şey ediblər ki, Qərbdə bəzi qüvvələrin xoşuna gəlməyib. Lakin Azərbaycana gəldikdə, əlbəttə ki, İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır.
Mətləbə gəldikdə, bildirmək istərdim ki, mən on səkkiz ildir Prezidentəm. Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz.
Sənədlərdə nə yazılıbsa, səmimi desəm, mən onları oxumamışam. Mənə məlumat verildi və orada ola bilsin 5 faiz həqiqətdir. Qalanı isə yalandır. Amma bir daha bu haqda açıq söyləməyə qanuni haqqım var. Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər. Məsələn, mənim yaratdığım Fond hazırda Qarabağda - Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Biz qaçqınlar üçün evlərin tikintisini maliyyələşdirmişik. Beş mindən çox ailə üçün bu işi görmüşük. Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur.
- Cənab Prezident, çox sağ olun. Ümid edirəm, Sizinlə bir gün Bakıda görüşəcəyəm.