“Amerikalı senatorlar Ermənistanı qınamaq əvəzinə...”
- 12-02-2021, 10:29
- Siyasət
- 0
- 178
“Amerikalı senatorlar təcavüzkar ölkə - Ermənistanı qınamaq əvəzinə beynəlxalq hüquqa uyğun olaraq işğal olunmuş torpaqlarını azad edən Azərbaycanı, eləcə də Bakının ədalətli mövqeyini dəstəklədiyinə görə Türkiyəni tənqid etməyə çalışırlar”.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən bildirir ki, bu sözləri Türkiyə parlamentinin spikeri Mustafa Şəntop bir qrup amerikalı qanunvericinin ABŞ Prezidenti Co Baydenə ünvanladığı məktubda Ankaranın regional siyasətini tənqid etməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, məktub müəlliflərinin mövqeyi Vaşinqtonun rəsmi mövqeyini əks etdirmir.
“Məktubun mətnində hətta 15 iyul 2016-cı il tarixində çevrilişə cəhd gecəsində Türkiyə parlamentinin binasını atəşə tutan terror təşkilatının başçılarından olan Fətullah Gülənin adı çəkilir. Senatorlara Gülən tərəfdarlarının hazırladığı məktubun hazır mətninin verildiyini istisna etmirəm. Bütün bu məktublar anti-türk dairələrinin Ankaranın terrorla mübarizədə uğurlarına reaksiyasıdır. Bu cür sənədlər Türkiyə-Amerika əlaqələrinə ziyan vurur”, - Şəntop deyib.
O, Türkiyə sakinləri arasında ABŞ-a etimad səviyyəsinin aşağı düşməsinə diqqət çəkib. “Küçədən keçən hər kəs yalnız 15 iyul 2016-cı il tarixində Türkiyədə çevriliş cəhdinin arxasında deyil, həm də dünyanın bütün xuntalarının arxasında ABŞ-ın dayandığını deyə bilər”, - parlamentin spikeri bildirib.
Şəntop Türkiyə-ABŞ Parlamentlərarası Dostluq Qrupunun üzvlərinin cavab məktubu hazırladığını da deyib.