Qafqaz masası ABŞ və Avropa Birliyini də "düşmənə" çevirir: Zəngəzur dəhlizi Qərb üçün yeni "nifaq alması"dır
- 5-08-2024, 10:00
- Siyasət
- 0
- 44
ABŞ-ın Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında təşəbbüsü ələ keçirtmək cəhdləri Avropa Birliyini ciddi şəkildə narahat etməyə başlayıb... Fransanın məkrli oyunları ucbatından regional sülh danışıqlarında vasitəçilik statusunu itirən Avropa Birliyi indi Brüssel prosesini bərpa etməklə, Cənubi Qafqaza geri dönmək niyyəti güdür...
Cənubi Qafqaz uğrunda mübarizə yeni mərhələyə keçmək üzrədir. Belə ki, dünya nəhəngləri bu regiona nəzarət etmək üçün bütün mümkün vasitələrdən istifadəyə cəhd göstərirlər. Üstəlik, bu cəhdlər normal rəqabət kateqoriyasından kobud şəkildə kənara çıxmağa başlayıb. Hətta son vaxtlar daha da amansız xarakter alması ilə diqqəti çəkir. Və bu baxımdan, Cənubi Qafqazı kifayət qədər gərgin bir qarşıdurma mərhələsinin gözlədiyi qətiyyən şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, dünya nəhəngləri bu regionda yaxın gələcəkdə açılması gözlənilən yeni iqtisadi-ticari marşrutlar üzərində tam nəzarətə can atırlar. Xüsusilə də, Zəngəzur dəhlizi ilə bağlı proseslərin tezliklə intensivlik qazana biləcəyi qətiyyən istisna edilmir. Avropanı Asiya ilə birləşdirəcək Zəngəzur dəhlizi indi dünya nəhənglərinin iştahını ciddi şəkildə qabartmağa başlamış kimi görünür. Və bu baxımdan, indi onların arasında rəqabət bütün regional proseslərə yalnız neqativ keyfiyyətdə təsir göstərir.
Təbii ki, Zəngəzur dəhlizi ABŞ, Avropa Birliyi, Fransa və Rusiya üçün nə qədər cəlbedici olsa da, onun reallaşması qarşısında müəyyən əngəllər də mövcuddur. Əsas əngəllərdən biri ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması üçün əvvəlcə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mütləq imzalanması qaçılmazdır. Əks halda, Zəngəzur dəhlizi ilə bağlı layihənin reallaşma ehtimalı o qədər də inandırıcı görünmür. Və dünya nəhəngləri bu reallığı istənilən halda, nəzərə almaq məcburiyyətindədir.
Maraqlıdır ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı problem də dünya nəhəngləri arasında kəskin ziddiyyət predmetinə çevrilmiş kimi görünür. Belə ki, Cənubi Qafqazda sülh prosesinin uğur qazanması hazırda Qərbdə bəzi siyasi iradə mərkəzlərinin geopolitik maraqlarına qətiyyən cavab vermir.
Xüsusilə də, Fransa bu prosesi bütün mümkün vasitələrdən istifadə etməklə, bloklamağa çalışır. Eyni zamanda, Fransa Avropa Birliyi daxilində avanqard mövqeyə sahib olduğundan bu nüfuzlu beynəlxalq qurum da rəsmi Parisin maraqları ilə hesablaşmaq məcburiyyətində qalıb. Nə qədər qəribə də olsa, ABŞ da Cənubi Qafqazda yeni savaşın sponsoru rolunda çıxış edir. Və göründüyü kimi, dünya nəhənglərinin geopolitik maraqları müəyyən mənada, "regional labirint"də dövr etməyə başlayıb.
Digər tərəfdən isə son vaxtlar yalnız ABŞ, Avropa Birliyi və Fransanın Rusiya ilə qarşıdurmasına paralellik təşkil edən yeni rəqabət məkanı da açılmaq üzrədir. Belə ki, ABŞ-da hakimiyyət dəyişikliyi Avropa Birliyini öz geopolitik maraqlarının reallaşdırılmasında müttəfiqlik prinsiplərinə yenidən baxmaq məcburiyyətində buraxır.
Hər halda, Avropa Birliyinin rəhbərliyi yaxın gələcəkdə Cənubi Qafqazda ABŞ ilə eyni ortaqlığın pozulma ehtimalına daha ciddi yanaşmağa başlayıblar. Çünki Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə, ABŞ-ın Avropa Birliyi ilə eyni geopolitik maraqları bölüşə bilməyəcəyini artıq anlayırlar. Və bu, Avropa Birliyində kifayət qədər ciddi narahatlıq yaratmaqdadır.
Bütün bunları nəzərə aldıqda, dünya nəhəngləri indi həm də Azərbaycan və Ermənistan arasında imzalanmalı olan yekun sülh sazişinin hazırlanması prosesində də əsas orbitr rolu üçün rəqabət aparmaq məcburiyyətində qalıblar. Çünki əsas orbitr statusuna sahib çıxan dünya nəhənginin Cənubi Qafqazda geopolitik təsir mexanizmi qazanmış olacağı qətiyyən istisna deyil. Və bu səbəbdən də, indi Rusiya ilə yanaşı, həm ABŞ, həm də Avropa Birliyi regional sülh sazişinə vasitəçilik etməyə can atır.
Məsələ ondadır ki, Rusiya davamlı olaraq, Azərbaycan və Ermənistana sülh danışıqları üçün müzakirə platforması təklif edir. Azərbaycan buna qarşı çıxmır, hətta Rusiya ərazisində Ermənilərinla sülh sazişinin müzakirəsinə hazır olduğunu vurğulayır. Rəsmi İrəvan isə ABŞ və Qərbin təlimatlarına uyğun olaraq, Rusiya ərazisində Azərbaycanla təmaslardan israrla imtina edir. Və bu baxımdan, sülh danışıqları üçün Rusiya variantı demək olar ki, bloklanmış vəziyyətə düşmüş kimi görünür.
Digər tərəfdən, ABŞ da regional sülh prosesinə birbaşa müdaxilə etməyə çalışır. Hətta son vaxtlar Ermənistanın sülh prosesində iştirakına daha çox ABŞ siyasi dairələri nəzarət etməyə başlayıb. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən son bir neçə görüş ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə reallaşıb. Və bu, o deməkdir ki, ABŞ bu məsələdə tədricən təşəbbüsü ələ keçirmək şansı qazanmağa başlayıb.
Ancaq eyni situasiya Avropa Birliyinə qətiyyən aid deyil. Halbuki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında məhz Avropa Birliyinin kifayət qədər pozitiv təsirləri olmuşdu. Xüsusilə də, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi danışıqlar prosesi üçün müəyyən proqressiv irəliləyiş ilə yadda qalıb. Və bu baxımdan, Avropa Birliyi strukturlarının bu prosesdə kifayət qədər ciddi təcrübəsi mövcuddur.
Bütün bunlara baxmayaraq, son vaxtlar Avropa Birliyi Cənubi Qafqazdakı sülh prosesindən demək olar ki, kənarlaşıb. Xüsusilə də, Fransanın qatı ermənipərəst mövqeyi Şarl Mişelin sülh təşəbbüslərinin bloklanması ilə nəticələnmiş oldu. Yəni, Avropa Birliyi Cənubi Qafqazda gedən geopolitik proseslərdən kənarda qaldı. Və indi Avropa Birliyi bu problemi aradan qaldırmaq istiqamətində müəyyən addımlar atmağa çalışır.
Son məlumatlara görə, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel Qafqaz sülh masasına geri qaytarmaq niyyətində olduğunu bəyan edib. O, bildirib ki, həm Azərbaycan, həm də Ermənistan siyasi dairələri ilə Brüssel prosesini bərpa etmək məqsədilə danışıqlar aparıb və hətta müəyyən razılığın olduğunu da vurğulayıb. Və bu, o deməkdir ki, Avropa Birliyi Cənubi Qafqazda əldən verdiyi vasitəçilik missiyasını geri qaytarmaq niyyətinə düşüb.
Əgər, Şarl Mişel bu hədəfinə nail olarsa, Avropa Birliyi yenidən Cənubi Qafqazda geopolitik oyunçuya çevrilmək şansını aktivləşdirmiş olacaq. Brüssel prosesi Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə nəticələnərsə, Avropa Birliyi həm də Zəngəzur dəhlizinə nəzarət imkanları da qazana bilər. Və Avropanı Asiya ilə birləşdirəcək bu iqtisadi-ticari dəhliz artıq müəyyən mənada, dünya nəhəngləri arasında "nifaq alması"na çevrilməyə başlayır.(Yeni Müsavat)