Zəngəzur dəhlizi uğrunda amansız savaş başlayıb: Bakı Fransanı, Qərb Rusiyanı bloklayır
- 19-05-2023, 10:00
- Siyasət
- 0
- 165
Brüssel görüşündə əldə olunan nəticələr Zəngəzur dəhlizinin "nifaq alması"na çevrildiyini göstərir... ABŞ və Qərb Rusiyanın bu dəhlizdə iştirakının qarşısını almaq üçün fərqli model axtarır...
Cənubi Qafqazda geopolitik proseslərin mümkün inkişaf istiqamətləri artıq tədricən aydınlaşdırmağa başlayıb. ABŞ və Qərbin Rusiyanı bu regiondan sıxışdırıb, çıxartmaq planlarının reallaşdırma ehtimalı inandırıcı görüntülər almaqdadır. Və Kremldən verilən son açıqlamalar da Rusiya üçün təhlükənin tamamilə real olduğunu göstərir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələ ilə bağlı bəzi səhnəarxası məqamları açıqlayıb. O, bildirib ki, ABŞ və Qərb Paşinyan hakimiyyətinə Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması üçün təzyiq göstərir. Rusiya xarici işlər nazirinin iddiasına görə, ABŞ və Qərb rəsmi İrəvanı KTMT-nı tərk etməyə də şirnikləndirir, əvəzində Ermənistanın təhlükəsizliyini təmin edəcəyini vəd edir.
Ermənistan mətbuatının yaydığı məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun dedikləri həqiqətə yaxındır. Belə ki, iddialara görə, Baş nazir Nikol Paşinyan Brüssel görüşündə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelə yaxın vaxtlarda Ermənistanın KTMT-dan çıxması ilə bağlı prosedura start verəcəyini vəd edib. Və bu baxımdan, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiya, eləcə də KTMT əleyhinə son açıqlamaları qətiyyən təsadüfi deyil.
Ermənistan mətbuatında Brüssel görüşü ilə bağlı digər maraqlı məqamların da üzərindən sirr pərdəsi götürülüb. Məlum olub ki, erməni baş nazir Brüssel görüşündə Ermənistan cəmiyyətini yeni reallıqlara hazırlamaq üçün bir qədər zaman istəyib. Bu zaman ona əsasən iki önəmli məsələnin - Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Ermənistan tərəfindən rəsmən tanınması və Zəngəzur dəhlizinin işə salınması üçün lazımdır.
Ancaq baş nazir Nikol Paşinyan rəsmi Bakıdan və Qərbdən xahiş edib ki, nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı anlaşmada "dəhliz" ifadəsinin yer almasından yayınmağı da xahiş edib. Erməni baş nazir hesab edir ki, bu halda, Ermənistan cəmiyyətini kütləvi etiraz aksiyaları keçirtməyə ehtiyac olmadığına inandırmaq daha da asanlaşa bilər.
Maraqlıdır ki, baş nazir Nikol Paşinyan artıq öz vədlərinin icrasına başlamış kimi görünür. Belə ki, erməni baş nazirin Avropa Şurasının toplantısında Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan etməsi irəliyə doğru önəmli addımdır. Hər halda, onun rəsmi etiraflarından sonra hazırda erməni toplumu Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığından xəbər tutub. Və reallıq artıq qarşısı alınmaz xarakter daşıyır.
Onu da qeyd edək ki, baş nazir Nikol Paşinyan da Brüssel görüşünün nəticələrini Ermənistan üçün önəmli hesab edir: "Brüsseldə Azərbaycan və Ermənistan tərəfindən bir-birinin ərazi bütövlüyünün tanınması olduqca mühüm addımdır. Bu, regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsinin mətninin yekunlaşdırılmasına imkan verəcək".
Erməni baş nazir onu da vurğulayıb ki, Ermənistan tərəflərin suverenliyi və legitimliyi prinsiplərinə əsaslanaraq, regionda mümkün qədər tez bir zamanda kommunikasiyaları açmağa hazırdır: "Xüsusilə qeyd etməliyəm ki, Brüsseldə dəmir yolunun açılması ilə bağlı müsbət rəy formalaşıb. Ancaq keçmiş təcrübəmi nəzərə alaraq hələlik konkret təfəvvüratlara girməyəcəyəm".
Göründüyü kimi, regional sülh prosesi Zəngəzur dəhlizinin açılması istiqamətində inkişaf edir. ABŞ və Qərb də Zəngəzur dəhlizinin reallaşdırılmasında maraqlı olduğunu qətiyyən gizlətmir. Hətta bu səbəbdən də, ABŞ və Qərbin Paşinyan hakimiyyətinə təzyiq göstərməklə, Zəngəzur dəhlizinin açılmasına əngəl yaradan faktorları aradan qaldırmağa çalışdığı da müşahidə olunur.
Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin reallaşdırılması qarşısında əsas əngəllərdən biri məhz "Qarabağ mövzusu" hesab olunur. Rəsmi İrəvanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanımasından sonra bu əngəl aradan qalxmış olacaq. Və Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın ərazisindən çıxarılması qaçılmaz xarakter daşıyacaq.
Eyni zamanda, bu proses Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün də münbit şərait yaranda bilər. Nəticədə nəqliyyat-kommunikasiya xətlərinin açılmasına qarşı müqavimət ciddi şəkildə zəifləyər. Bu isə Brüssel görüşündə əldə olunan anlaşmalara uyğun şəkildə Zəngəzur dəhlizinin açılma perspektivini gücləndirən məqamlardan hesab olunur.
Onu da qeyd edək ki, Zəngəzur dəhlizinin açılması hazırda əksər beynəlxalq siyasi iradə mərkəzlərinin maraqlarına uyğundur. Ancaq bu önəmli geoiqtisadi layihə ətrafında qlobal maraqların kəskin şəkildə toqquşduğu da inkaredilməz reallıqdır. Belə ki, Kreml Zəngəzur dəhlizinin reallaşdırılmasında maraqlı olsa da, ona Rusiyanın nəzarət etməsinə çalışır. ABŞ və Qərb isə Rusiyaya belə bir geoiqtisadi üstünlük şansı qazandırmaq niyyətindən çox-çox uzaqdır.
Buna baxmayaraq, Qərb siyasi dairələri Zəngəzur dəhlizi ilə bağlı vahid mövqeyə malik deyillər. Xüsusilə də, Fransa Ermənistan ilə münasibətlərini qabardaraq, Zəngəzur dəhlizinə nəzarəti ələ keçirməyə can atır. Rəsmi Paris bu dəhlizdə Fransa hərbi kontingentinin yerləşdirilməsi üçün maraqlı tərəflərin razılığını almağa cəhd göstərir.
Ancaq Fransanın bu niyyəti qarşısında əsas əngəl Azərbaycan, Türkiyə və Rusiyanın maraqlarıdır. Xüsusilə də, rəsmi Bakı Fransanın Cənubi Qafqazda hər hansı geostrateji layihədə iştirakını qətiyyən istəmir. Bəzi məlumatlara görə, Brüssel görüşündə bu məsələ müzakirə olunarkən, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Parisin ermənipərəst və qərəzli mövqeyini səbəb göstərərək, Fransanın Zəngəzur dəhlizi ilə bağlı anlaşmalara qatılmasının yolverilməz olduğunu vurğulayıb. Ona görə də, bütün tərəflərin maraqları nəzərə alınaraq, ilkin variantda Zəngəzur dəhlizinə nəzarətin Beynəlxalq Gömrük Təşkilatına həvalə olunması daha məqbul hesab olunub. Və bu məsələ ilə bağlı prinsipial qərarın verilməsi daha irəli zamana buraxılıb.
Bütün bunlar onu göstərir ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üzrə danışıqlar prosesi əslində, həm də, Zəngəzur dəhlizi uğrunda mübarizəni də özündə əks etdirir. ABŞ və Qərb Rusiyanı bu layihədən uzaq tutmağa çalışır. Azərbaycan Fransanın bu prosesə daxil olmaq cəhdlərini bloklayır. Nəticədə daha fərqli bir variant - Beynəlxalq Gömrük Təşkilatının prosesə cəlb olunması ön plana keçir. Və bu, indiki halda, mübahisələri nisbətən tənzimləsə də, Rusiyanın maraqlarına qətiyyən cavab vermir.
Ona görə də, Rusiyanın vasitəçiliyi ilə mayın 25-də Moskvada keçiriləcəyi gözlənilən Əliyev-Putin-Paşinyan formatında üçtərəfli görüşdə bu məsələnin əsas müzakirə mövzularından birinə çevriləcəyi qətiyyən istisna deyil. Böyük ehtimalla Kreml bu görüşdə Rusiyanın bütün təzyiq mexanizmlərini işə salmağa çalışacaq. Və həmin mexanizmlərin nə qədər effektiv olduğu isə hələlik məlum deyil.
İndiki halda, yalnız bir məsələ qətiyyən şübhə doğurmur ki, Cənubi Qafqazda Zəngəzur dəhlizi uğrunda savaş başlayıb. Bu dəhlizə nəzarət hüququ regionda bir çox geoiqtisadi perspektivləri ələ keçirmək şansı anlamına gəlir. Və hazırda bu məsələdə Azərbaycanın mövqeyi həlledici xarakter daşıyır.(Yeni Müsavat)