ABŞ-ın Cənubi Qafqazda artan fəallığı fonunda çətin seçim və kompromislər nələrdir? - İNCƏLƏMƏ
- 18-07-2024, 10:14
- Siyasət
- 0
- 45
ABŞ-nin Dövlət Departamenti Azərbaycan və Ermənistanın sülh danışıqlarında irəliləyiş əldə etdiyini açıqlayıb.
ABŞ xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller bidlirib ki, Azərbaycan və Ermənistan sülh razılaşmasının imzalanması üçün tərəflər çətin seçim etməli, əsaslı kompromislərə gedilməlidir.
Bəs söhbət hansı çətin seçimdən və kompromislərdən gedir?
Mövzu ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov və millət vəkili Zahid Oruc Sputnik Azərbaycan-a danışıblar.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, burada söhbət sərhəd məsələləri ilə bağlıdır: "Ermənistan tərəfi istəyir ki, ilkin sülh sazişində 1991-ci ilə sərhədləri təsbit olunsun. Halbuki bu sərhədləri onlar özləri məhv etmişdilər. Əslində isə Ermənistan tərəfinin istəyi bəhanədir və məqsəd odur ki, danışıqlarda irəliləyiş olmasın".
Tofiq Zülfüqarov qeyd edir ki, bu həm də Rusiyadan Ermənistana olan təzyiqlə bağlıdır: "Çünki Rusiya ABŞ-ın vasitəçiliyi altında hansısa irəliləyişin əldə olunmasını məqbul hesab etmir: "Mənə elə gəlir ki, Dövlət Departamenti bunu yaxşı başa düşür. Rusiya anlayır ki, seçkilər öncəsi demokratların qazanacağı uğur onların prezident seçkilərindəki kampaniyasına uğur gətirə bilər. Ancaq onu da qeyd etməliyik ki, ABŞ seçkilər prosesində indi vəziyyət yetərincə dəyişib. İndi demokratların xarici siyasətdə nisbi uğuru da onlara heç bir xal qazandırmayacaq".
"Azərbaycan tərəfi tələb edir ki, ilkin prinsiplər sənədində tərəflərin sülhə mane olan hüquqi məsələlərin həlli üçün addımlar atacağı göstərilsin. Yəni, söhbət prosedurdan yox, öhdəlikdən gedir. Azərbaycan Ermənistandan konstitusiyanı dəyişməyi tələb edir. Bu o demək deyil ki, biz Ermənistanda referendumu gözləməliyik. Biz Ermənistanın bununla bağlı öhdəlik götürməsini istəyirik. Onun icrası sonra da baş tuta bilər. Eyni zamanda Ermənistan Rusiyanın narazılığından ehtiyyat edir. ABŞ-ın tələbləri seçkilərlə bağlıdır, Ermənistan bunu başa düşür və bu oyunda günahkar olmaq istəmir. Ona görə də, Ermənistanın sülh danışıqları prosesində etdikləri siyasi spekulyasiyadır".
Millət vəkili Zahid Oruc isə qeyd edib ki, ABŞ tərəfinin müharibədən sonrakı dövrdə danışıqlar prosesində fəallaşması başa düşüləndir: "Bunun səbəbi ABŞ-ın post-müharibə dövründə regiondan çıxarılmış mənafelərini təkrar bu bölgəyə qaytarmaqdır. Buna görə də Cənubi Qafqaz ölkələrindən birinə və ya digərinə daha çox diqqət ayırırlar. Hesab edirəm ki, münaqişələr bu ölkələr üçün yeganə vasitədir ki, onun üzərindən öz mənafələrini qoruyurlar. İstər iqtisadi, istər siyasi, transmilli məqsədlərini gerçəkləşdirirlər. ABŞ fəallığını artırmaqla göstərmək istəyir ki, danışıqlar prosesini bilavasitə idarə edir, onun üzərində mühüm təsir gücünə malikdir. Amma hesab edirəm ki, bu prosesdə region ölkələrinin mənafeləri, maraqları nəzərə alınmır".
Zahid Oruc vurğulayıb ki, bu sülh prosesi üzərində ABŞ-ın səmimi bir niyyətlə düşmənçiliyi aradan qaldırmaq istəyinə inam yoxdur və buna şübhə edirik: "Əsas məqsədlərdən bir odur ki, bu ölkələr Rusiya moderatorluğu ilə danışıqlardan kənarlaşsınlar, Türkiyənin moderatorluğu işləməsin. Həmçinin Azərbaycanın Çinlə əməkdaşlığının genişlənməsi Ağ Evdə belə ehtiaml yaradır ki, sülh müqaviləsi, regional proseslər Çin, Rusiya, Türkiyə və region dövlətləri formatında həll olunar. Azərbaycan lideri dəfələrlə bəyan edib ki, regiondan uzaq ölkələr prosesə müdaxilə etməsinlər. Bunun alt qatında dayanan mənanı anlamaq çətin deyil. Söhbət Qərb platformasının sülh təşəbbüsləri adı altında bölgəni öz nəzarətləri altında saxlamaq niyyətlərindən gedir".
"Sülh danışıqlarının özü sülh müharibəsi kimi qəbul oluna bilər. Azərbaycan dövləti prosesin hansı adla çağırılmasından asılı olmayaraq yeni "Minsk Qrupu rolu"nu kimsəyə vermək niyyətində deyil. Azərbaycan sülhdə maraqlıdır, ölkənin strateji krusu buna yönəlib. Ermənistan tərəfi də belə açıqlamalar verir. Ancaq bu ölkənin konstitusiyası gələcəkdə bütün prosesi sıfırlaya bilər. Ermənistanda kontitusiyasında iddialar aradan qaldırılmalıdır. Düşünürəm ki, Dövlət Departamentinin açıqlamasında güzəştlər deyilərkən bu nəzərdə tutulur. Ancaq Azərbaycan 1995-ci ildə qəbul olunmuş konstitusiyasında başqa ölkələrə ərazi iddiaları yoxdur. Siyasi baxışlar, digər icmalar və qurumlar sülh danışıqlarının predmeti ola bilməz", - millət vəkili fikirlərini yekunlaşdırıb.