» » Zəngəzur planı yenidən nəzərdən keçirildi - Bakının şərti ilə razılaşdılar

Zəngəzur planı yenidən nəzərdən keçirildi - Bakının şərti ilə razılaşdılar



Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ dövlət katibi Entoni Blinken bildirdi ki, Azərbaycan regional kommunikasiyalarda əsas rola malikdir. ABŞ Prezidenti Co Bayden də mayda azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı məktubda ölkəmizin bölgədəki lider rolunu etiraf etmişdi. ABŞ-dən gələn bu etiraflar nə ilə əlaqəlidir?

- Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra dünyada logistika sahəsində çox ciddi problemlər yaranıb. Çünki dünyanın ən böyük tranzit ölkəsi Rusiya idi, Avrasiya materikini bütün istiqamətlər üzrə əlaqələndirirdi. Müharibədən sonra bu dəhliz qapandı. Asiya və Avropanı əlaqələndirmək üçün əsas xətlərdən biri olan Süveyş kanalı da problemlidir, bu xətt həm uzun zaman aparır, həm də tez xarab olan malları daşımaq çətindir.

Buna görə də, quru kanal axtarırlar, bu yol da ancaq Zəngəzurdan keçir, Çindən Avropaya ən qısa yol Cənubi Qafqazdır. Buradan həm Avropa, həm Asiya, həm Aralıq dənizi, həm də Afrikaya çıxış var.

Dünya iqtisadiyyatı əsasən çatdırılma ilə bağlıdır. Bu mənada, Azərbaycanın qiyməti çox yüksəkdir, çünki coğrafi mövqeyi çox əlverişlidir. Azərbaycanla Çinin arasında bir Qazaxıstan var. Həmçinin Azərbaycan üzərindən Gürcüstan və Qara dənizə - Avropaya, eləcə də Türkiyə, Yaxın Şərq və Afrikaya çıxmaq olur. Məsələn, bu baxımdan İrana dəniz daşımaları baha başa gəlir, amma Azərbaycandan həm məsafə yaxındır, həm də hazır infrastruktur var. Buna görə də, Orta dəhlizə daxil olan Zəngəzur xəttinin açılması çox önəmlidir.

ABŞ Azərbaycanın önəmini yaxşı anlayır. Çünki dünya ticarətinin 16 faizdən çoxu ABŞ-nin payına düşür, 33 faizinin də Avropa Birliyində olduğunu nəzərə alsaq, demək, dünya ticarətinin 50 faizi Qərbin əlindədir. İndi onlar üçün dəniz daşımaları ucuz olsa da, çox vaxt alır. Buna görə də, Prezident İlham Əliyevin layihəsi çox etibarlıdır. Bu layihə təhlükəsiz, ucuz və tez çatdırılma təklif edir.

Azərbaycanda logistika üçün lazım olan bütün infrastruktur var. İndi bu məsələ gündəmdədir. Blinken və Baydenin açıqlamaları da ABŞ-nin maraqlarını əks etdirən fikirlərdir. Bu, Azərbaycanın da siyasi-iqtisadi maraqlarına uyğundur, buna görə də məsələni çox hallandırırlar.

- Yəni hesab etmək olarmı ki, Vaşinqton Zəngəzur dəhlizi ilə bağlı yanaşmasını dəyişib?

- Bəli, ABŞ-nin yanaşması dəyişib. İndiyədək Zəngəzur dəhlizinə Ermənistan vasitəsilə problem yaradan Fransa və İran idi. İran dəhlizin öz ərazisindən keçməsini istəyir. Əlbəttə, Azərbaycan etibarlı tərəfdaş və qonşu kimi İran üzərindən də bir yolun keçməsinə razıdır. Amma bu, avtomobil yolu üçündür. Dəmir yolu çəkməyə nə İranın gücü var, nə də bu, Azərbaycana sərf edir, Naxçıvana ən qısa dəmir yolu xətti Zəngəzurdan keçir.

Hazırda Zəngəzur dəhlizi ilə bağlı “Kalininqrad modeli” gündəmdədir, yəni maneəsiz və yoxlama aparılmadan keçid. Sovet dönəmində Zəngəzurdan Naxçıvana gedən dəmir yolu Azərbaycanın nəzarətində idi. İndi Azərbaycan öz əmlakı kimi onu geri tələb edə və ya nəzarətə götürə bilər, beynəlxalq hüquq da buna imkan verir.

Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına cavab verir, çünki Ukraynadakı müharibəyə görə çıxış yolları bağlıdır. Belə bir durumda Zəngəzur dəhlizi əvəzsizdir. ABŞ də bunun fərqindədir.

Hazırda Fransanın başı özünə o qədər qarışıb ki, Ermənistanın daxili işinə müdaxilə edə bilmir. Fransa əkdiyini biçir. Fransanın Azərbaycana qarşı atdığı haqsız və əsassız addımlar özünə qarşı çevrilib. Açığını deyək ki, Azərbaycan bunu bacardı. Özünü “Avropa Birliyinin siyasi sükanı” adlandıran Fransa gözləmədiyi yerdən – Azərbaycandan çox ağır zərbə aldı. Bunu Fransada keçirilən son seçkilərin nəticəsi göstərdi. Makron qarşıda müxalifətlə koalisiyaya getməyə məcbur olacaq, bu da Fransanın çökməsinə gətirib çıxaracaq. ABŞ Fransanın buraxdığı səhvləri düzəltməyə çalışır.

- Son həftələrdə ABŞ-nin sülh müqaviləsinin tezliklə imzalanması üzərində fəal iş apardığını görürük. Müqavilənin yaxın zamanlarda imzalanması ehtimalı varmı?

- Ehtimal çox yüksəkdir. Əslində, Azərbaycan prezidenti də bəyan etdi ki, sülh müqaviləsi olmadan da kommunikasiyalarla bağlı məsələlər həllini tapa bilər.

Yaxın günlərdə Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin görüşü keçiriləcək. Yəqin ki, toplantıda Türk Dövlətləri Təşkilatının gələcək taleyi müzakirə olunacaq. Məqsəd də ondan ibarətdir ki, bu təşkilatı gücləndirmək lazımdır. Bu təşkilatın güclənməsinə mane olan yeganə amil Zəngəzur dəhlizidir. İndi bu dəhliz açılmalıdır.

ABŞ ona görə tələsir ki, Rusiya və İran birləşib Ermənistanda dövlət çevrilişi edə bilər. Rusiyanın təkbaşına gücü çatmadı, İranın da başı seçkilərə qarışıb. İslahatçı Məsud Pezeşkian ABŞ ilə münasibətlərin bərpa olunmasını istəyir. Bir sözlə, bölgənin siyasi dizayn və ya arxitekturası dəyişir. Bu arxitekturanı dəyişən də Azərbaycan dövləti və Prezident İlham Əliyevdir. Buna görə də, indi daha çox Azərbaycana istinad edirlər, həmçinin bizi həvəsləndirir və dəstəkləyirlər. Ən düzgün siyasi yol da budur.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya