Paşinyan anladı ki, Ermənistan hələ hazır deyil - GƏLİŞMƏ
- 2-07-2024, 14:22
- Siyasət
- 0
- 62
“Ölkəmizin Avropa İttifaqına üzvlüyünə dair referendumun keçirilməsi məqsədəuyğun deyil”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Bununla belə, o bildirib ki, erməni xalqı avropameyillidir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Natiq Miri bildirib ki, Paşinyan indiki vəziyyətdə Avropa İttifaqında Ermənistanı heç kəsin gözləmədiyini anlayır:
“Çünki bununla bağlı konkret təcrübə mövcuddur. 50 ildən çoxdur ki, Türkiyə Avropa Birliyinin qapısı arxasında saxlanılır. Eyni zamanda, xristian dövləti olmalarına rəğmən Ukrayna, Moldova və Gürcüstan kimi ölkələrin də Avropa Birliyinə inteqrasiya təcrübəsi var. Bu gün Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüklə bağlı məsələnin müzakirəsinə başlanıldığı deyilir. Amma bu tam hüquqlu üzv olacaqları anlamına gəlmir. Çünki konkret standartlar var və həmin qaydalara uyğun gəlmək üçün islahatlar aparmaq lazımdır. Ermənistan isə indiki halda Avropa İttifaqına üzv ola bilməyəcəyinə görə sözügedən məsələdə tələsmək istəmir. Çünki tələskən şəkildə belə referendum qərarının verilməsi rəsmi olaraq Ermənistanın üzv olduğu digər güc mərkəzləri ittifaqlarından çıxması anlamına gələcək. Yəni qeyd olunan referendumun keçirilməsinin Rusiyanın qəzəbinə səbəb olacağını Paşinyan gözəl başa düşür. Son günlər Ermənistanın müxtəlif səviyyələrdə hədələnməsi də təsadüf deyil. Sadəcə olaraq Paşinyan hakimiyyətə yaxın və müttəfiqi sayılan siyasi partiyalar vasitəsilə daxili auditoriyanın, Rusiyanın və bu mövzuda maraqlı olan güc mərkəzlərinin fikirlərini öyrənmək üçün Avropa Birliyinə üzvlüklə bağlı referendum keçirilməsi məsələsini ortaya atdı. Paşinyan müəyyən reaksiyaları gördükdən sonra anladı ki, Ermənistan hələ hazır deyil. Əgər Ermənistan Qərbə inteqrasiyanı gücləndirib, özünün bütün sahələr üzrə təhlükəsizliyi təmin edərsə, sözügedən məsələyə yenidən baxıla bilər”.