Mehman Səfərov: Azərbaycanın növbəti hərbi-siyasi qələbəsi
- 21-09-2023, 10:52
- Siyasət
- 0
- 148
Abşeron rayon icra hakimiyyəti Abadlıq və komunal idarəsinin rəisi Mehman Səfərov - Vətən Müharibəsindən 3 il ötür. Və bu zaman ərzində Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətini davam etmişdir. Belə ki, üçtərəfli bəyanatın müddəaları təmin edilməmiş, Ermənistan silahlı qüvvələrinin birləşmələri ərazilərimizdən çıxarılmamışdır. Qarabağ iqtisadi rayonunda davamlı olaraq səngərlər qazılır, silahlar daşınır, fortifikasiya qurulur, istehsal ili yeni olan minalar basdırılır. Qanunsuz Ermənistan silahli qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki silahlı birləşmələri, erməni diversiya qrupları tərəfində dinc əhaliyə və hərbiçilərimizə qarşı təxribat törədilir.
Buna görə də işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə ehtiyac yaranmışdır. Lokal xarakterli antiterror tədbirləri çox uğurla yerinə yetirilir. Heç bir mülki və sosial infrastruktura zərər vurmadan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Ermənistan Silahlı Qüvvələrdən, xunta rejimindən, Qarabağda məskunlaşan separatçılardan fərqli olaraq Azərbaycan dövləti, Azərbaycan Silahlı Qüvvələri mülki şəxslərin təhlükəsizliyini təmin etdi.
Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildi. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanıldı. Bütün bunlar onu göstərir ki, Azərbaycan öz addımlarını beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq atır. Faktiki olaraq Azərbaycan 10 Noyabr Bəyanatının 4-cü maddəsini özü icra etmək məcburiyyətində qaldı. Vaxtı ilə BMT-nin qəbul etdiyi 4 Qətnamə 28 il kağız üzərində qaldı və bu Qətnamələri də Azərbaycan beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Ümumiyyətlə, müstəqillik tariximizdə sentyabr ayının xüsusi yeri var. 29 il bundan əvvəl “Əsrin müqaviləsi” bağlandı. Bu ölkəmizin iqtisadi, siyasi tarixində mühüm hadisə idi. 3 il əvvəl Vətən Müharibəsi başladı və 44 gün ərzində Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Təxminən 1 gün ərzində ölkənin bütün ərazisində Konstitusiya qurluşunun bərpa edilməsi üçün lokal xarakterli antiterror tədbirlər apardı. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar. Sentyabrın 19-u 13:00-da başlayan və sentyabrın 20-də eyni vaxtda bitən bu tədbirin nəticəsində Ermənistan ordusunun qalıqları ölkəmizdən çıxır, erməni terrorçular silahlarını təhvil verir, erməni icması reinteqrasiya məsələlərini müzakirə etmək üçün Yevlaxa danışıqlara gəlir. Bu Azərbaycanın növbəti hərbi-siyasi qələbəsidir. Azərbaycan Prezidentinin siyasi qətiyyəti, diplomatik bacarığı, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində həllini gözləyən məsələlər nəzərdə tutulduğu kimi yerinə yetiriləcəkdir.