Ankara və Pekin Kremli təslim edir: Putin Ərdoğanın təzyiqlərinə tab gətirmədi, geri çəkildi
- 7-08-2023, 09:23
- Siyasət
- 0
- 125
Prezident Ərdoğan Rusiya üzərində öz təsir gücünü tədricən bərpa edir, Türkiyə lideri növbəti dəfə dünyanın ərzaq böhranından xilaskarına çevrilmək şansına sahibdir... Kremlin rəsmi Ankaraya möhtac duruma düşməsi Türkiyənin dünyanın siyasi məkanında avanqard dövlət mövqelərini daha da möhkəmləndirir...
Rusiyanın İstanbul müqaviləsi üzərindən reallaşdırmağa çalışdığı manevrlər gözlənilən nəticələrdən uzaqdır. Belə ki, Kreml "taxıl dəhlizi"ndən çıxmaq qərarı ilə Rusiya əleyhinə beynəlxalq koalisiyanı şantaj etmək niyyəti güdürdü. Və ərzaq böhranı təhlükəsi qarşısında qalan Qərb ölkələrinin Rusiyanın şərtlərinə daha həssas yanaşmağa məcbur olacağına ümid bəsləyirdi.
Onu da qeyd etmək lazımdır ki, Kreml bu məsələ ilə bağlı hədəfləri ABŞ və Qərb üçün qəbuledilməz məzmun daşıyır. Çünki rəsmi Moskva maksimalist davranmaq şansının yarandığına inanmağa başlamışdı. Və Rusiyanın "taxıl dəhlizi"nə geri dönməyin qarşılığında məhz Rusiyaya qarşı beynəlxalq sanksiyaların yumşaldılmasını tələb edirdi.
Ancaq hazırda bu məsələ ətrafında yaranmaqda olan vəziyyət Rusiyanın maraqlarına uyğun məzmun daşımır. Əksinə, Rusiya daha ciddi problemlər ilə üzləşmək təhlükəsini ciddiyə almaq məcburiyyətində qalıb. Xüsusilə də, Kreml Rusiya ilə normal münasibətləri qorumağa çalışan iki önəmli dünya nəhənginin - Türkiyə və Çinin mövqeyinin dəyişə biləcəyini artıq anlamağa başlayıb.
574ef961d414b2e012493918e2410464.jpg (230 KB)Məsələ ondadır ki, rəsmi Pekin Ukrayna savaşına münasibətdə neytrallığını qoruyub, saxlayır. Rusiya ilə tərəfdaşlıq münasibətlərinə baxmayaraq, Çin Ukraynanın ərazi bütövlüyünə də hörmətlə yanaşır. Kreml rəsmi Pekinlə iqtisadi-ticari əməkdaşlığı genişləndirməklə, Qərb bazarlarında itirdiyi gəlirlərin bir qismini məhz Çinin hesabına geri qaytarmağa çalışır. Və bu istiqamətdə də kifayət qədər önəmli irəliləyişə nail olmuşdu.
Ancaq rəsmi Pekin Ukrayna savaşının əleyhinə olduğunu da qətiyyən gizlətmir. Əksinə, Kremlin bu savaşı mümkün qədər tez bir zamanda sona çatdırılmasının vacibliyini qabartdır. Çünki Ukrayna savaşı Çin iqtisadiyyatına, xüsusilə də, xarici ticarət dövriyyəsinə sarsıdıcı zərbələr vurmaqdadır. Bu səbəbdən də, Kreml indiyə qədər Çinin Rusiyaya birbaşa və açıq dəstəyinə nail olmayıb.
İndi isə rəsmi Pekin Kremlin "taxıl dəhlizi" ilə bağlı son qərarından artıq qıcıqlandlğını biruzə verməyə başlayıb. Çünki Çin Ukrayna taxılının ən böyük idxalçıları sırasında ilk sırada yer alır. Kremlin qərarı Çinin Ukraynadan taxıl idxalını ciddi təhlükə qarşısında qoyub. Və bu səbəbdən də, rəsmi Pekin Ukrayna savaşı ilə bağlı Səudiyyə Ərəbistanında keçirilən sülh danışıqları prosesinə qatılmaq qərarı ilə Kremlə xəbərdarlıq mesajı verməyə çalışır.
Təbii ki, Çinin Rusiyanın maraqlarını şübhə altına alan belə radikal qərar verməsi Kremli ciddi şəkildə narahat etməyə bilməz. Hər halda, Ukraynanın irəli sürdüyü beynəlxalq sülh tezislərini birbaşa dəstəkləyən Çin Rusiya üçün əlavə problem anlamı daşıyır. Kremlə rəsmi Pekinin heç olmasa, ənənəvi neytral dövlət mövqeyini qoruması daha sərfəlidir.
7e4ccf20b83ec7a50a88dc32cb0d0fc1.jpg (107 KB)
Ona görə də, Kremlin son günlər "taxıl dəhlizi" ilə bağlı qərarına yenidən baxmağa hazırlaşdığı müşahidə olunur. Belə ki, Rusiya siyasi dairələri "taxıl dəhlizi"nə geri dönməyin mümkünlüyü ilə bağlı mesajlar verməklə, diqqəti çəkirlər. Bunun qarşılığında Kremlin irəli sürdüyü tələb-şərtlərdə əvvəlki konkretlik də artıq arxa plana keçirilməyə başlayıb. Yəni, buna qədər sanksiyaların yumşaldılmasını tələb edən Kreml indi ümumi şəkildə Rusiyanın maraqlarının təmin olunmasından danışmaqla kifayətlənir. Və bu, Kremlin ən xırda güzəştə belə, razı olduğunu biruzə verir.
Maraqlıdır ki, vəziyyətin belə sürətlə dəyişməsi "taxıl dəhlizi"nin əsas qarantoru olan Türkiyənin də maraqlarına tamamilə uyğundur. Belə ki, Kreml son vaxtlara qədər rəsmi Ankaradan məsafə saxlamağa çalışırdı. Rusiya Türkiyənin NATO sammitində reallaşdırdığı manevrlərdən ciddi şəkildə narazı qalmışdı. Və rəsmi Ankaranın Rusiyanın deyil, məhz Türkiyənin maraqlarına uyğun qərarlar verdiyini nəzərə almaq istəmirdi.
NATO sammitindən sonra Kreml Türkiyə ilə münasibətlərinə yenidən baxacağına eyham vurmuşdu. Bundan sonra Türkiyənin bir NATO ölkəsi olduğunu mütləq nəzərə alacağını vurğulamışdı. Dolayısı ilə rəsmi Ankaraya əvvəlki kimi, güvənmədiyini qabartmağa çalışmışdı. Və bu, Türkiyə-Rusiya münasibətlərində müəyyən çatların yarana biləcəyini düşünməyə əsas verirdi.
Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin dost hesab etdiyi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ünsiyyətdən də yayınırdı. Kreml sahibinin ehtimal olunan Türkiyə səfərindən isə ümumiyyətlə, imtina edildiyi bildirilirdi. Belə vəziyyət isə daha çox Türkiyə-Rusiya münasibətlərindən daim narahatlıq ifadə edən ABŞ və Qərbi məmnun etməkdəydi.
14112bc0-3744-4b8a-9d5b-964e4e6eefdb.jpg (47 KB)Ancaq Kreml bu mövqeyini uzun müddət qoruya bilmədi. Çünki rəsmi Pekindən son Türkiyə ilə də münasibətlərin soyuması Rusiya üçün ağır nəticələrə yol aça bilərdi. Kremlin indiki situasiyada rəsmi Ankara ilə strateji tərəfdaşlıqdan imtina etmək şansının olmadığı artıq tamamilə dəqiqləşib. Və Kreml tədricən rəsmi Ankara ilə təmasların bərpasını təmin etməkdədir.
Məsələ ondadır ki, Türkiyə və Rusiya prezidentləri artıq telefon diplomatiyasına geri dönüblər. Son danışıqlarda prezident Rəcəb Tayyib Ərdoğan Kreml sahibi Vladimir Putini Rusiyanın "taxıl dəhlizi"nə geri dönməsinə demək olar ki, razı salmağa nail olub. Əvəzindəsə, Türkiyə lideri həmin dəhlizlə Rusiya kənd təsərrüfatı məhsullarının ixracına təminat vəd edib. Yəni, Rusiyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı Kremlin tələbləri arxa plana keçirilib.
Digər tərəfdən, prezident Vladimir Putin Türkiyə lideri ilə birbaşa görüş barədə razılaşma da əldə edib. Ancaq həmin görüşün vaxtı və yeri hələ müzakirə ediləcək. Kremldən verilən açıqlamaya görə, tezliklə baş tutacaq görüş üçün ya V.Putin Türkiyəyə, ya da R.T.Ərdoğan Rusiyaya səfər edəcək. Və bu baxımdan, hesab etmək olar ki, prezident Rəcəb Tayyib Ərdoğan Rusiya üzərində öz təsir gücünü tədricən bərpa etməyə başlayıb.
Belə anlaşılır ki, rəsmi Ankara növbəti dəfə "taxıl dəhlizi"ni bərpa etməklə, dünyanın ərzaq böhranından xilaskarı olmaq şansına sahibdir. İndi prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın tamamilə aqressivləşməsinin qarşısını almaq imkanında olan əsas dünya lideri kimi diqqəti çəkir. Xüsusilə də, Kremlin rəsmi Ankaraya möhtac duruma düşməsi Türkiyənin həm Ukrayna savaşının inkişaf istiqamətlərini müəyyən edən ölkə, həm də dünyanın siyasi məkanında avanqard dövlət mövqelərini möhkəmləndirir.(musavat.com)