Putin Ərdoğanın vasitəçiliyindən imtina etdi: Ukrayna böhranı III dünya savaşına çevrilə bilər
- 1-12-2021, 09:13
- Dünya
- 0
- 290
ABŞ və NATO-nun Rusiya ilə qarşıdurmasının artıq təhlükəli istiqamətlər almaq üzrə olduğu qətiyyən şübhə doğurmur; Qərb siyasi dairələri Türkiyə-Rusiya münasibətlərini korlamağa, rəsmi Ankaranı Kremlə qarşı hərbi-siyasi toqquşmalara bulaşdırmağa cəhd edirlər...
"Musavat.com bildirir ki, Rusiyanın ABŞ və NATO ilə qarşıdurması yenidən böhranlı həddə çatıb. Belə ki, son günlər hər iki qarşıduran tərəfin canlı qüvvə və hərbi texnika topladığı müşahidə olunur. Həm Rusiya, həm də ABŞ və NATO öz hərbi potensiallarını rəqibə problem yarada biləcək coğrafi-strateji ərazilərə cəmləşdirməyə üstünlük verir.
Hazırda Rusiya öz qoşunlarını əsasən, ölkənin Qərb sərhədlərinə doğru çəkməyə çalışır. Bəzi məlumatlara görə, Rusiya daha çox Ukraynanın Donbas bölgəsi, Qara dəniz hövzəsi və Belarus sərhədlərinin ətrafındakı çoğrafiyada hərbi üstünlük qazanmağa çalışır. Üstəlik, Kremlin bu addımların atılmasında xüsusi tələskənliyi də diqqətdən yayınmır.
ABŞ və NATO isə yenidən gərginliyin əsas mərkəzinə Ukraynanı yerləşdirməyə can atır. Son məlumatlara görə, ABŞ və NATO hərbi qüvvələri Polşada, Rusiyanın ilhaq etdyi Ukraynanın Krım yarımadası ətrafında cəmləşdirilir. Və bu, gərginliyin hansısa mərhələsində qarşıduran tərəflər arasında silahlı toqquşma təhlükəsinin aktual qalmasını təmin edir.
Onu da qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko son açıqlamalarında Rusiyanı tam dəstəklədiyini qətiyyən gizlətməyib. O, hətta ABŞ və NATO-nu Rusiya ilə Belarusun “ortaq düşməni” adlandırmaqdan belə, çəkinməyib. “Batka” vurğulayıb ki, Belarus-Polşa sərhədlərində miqrant böhranı da məqsədyönlü şəkildə yaradılıb: “ABŞ və NATO istəyir ki, silahlı toqquşma baş verərsə, Belarus ordusunun başı Polşa ilə sərhəddəki miqrant probleminə qarışmış olsun, Rusiyaya birbaşa dəstək verə bilməsin”.
Digər tərəfdən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da son günlər ABŞ və NATO ilə hərbi-siyasi gərginliyin ən təhlükəli həddə çatdığını etiraf edib. O, ABŞ və NATO-nun Ukrayna ətrafında hərbi qüvvə toplamasının artıq Rusiyanı savaşa çağırmaq anlamı daşımağa başladığını vurğulayıb. Bu isə onu göstərir ki, Kremldə Rusiya ətrafında beynəlxalq rəqiblərin hərbi fəallığına ciddi yanaşırlar və narahatdırlar.
Rusiya prezidenti Vladimir Putin isə yaranmış situasiyaya daha sərt reaksiya verib. Onun fikrincə, ABŞ və Qərbin Rusiyanı Ukraynaya hərbi müdaxiləyə hazırlaşmaqda ittiham etməsi sadəcə, bəhanədən başqa bir şey deyil: “Bu ilin əvvəllərindən Rusiyanın Ukraynaya qoşun yeridəcəyi barədə iddialar irəli sürürlər. Ancaq hər kəs görür ki, bu, baş verməyib”.
Kreml sahibi ABŞ və Qərbin Ukraynanı ən müasir silahlarla təchiz etmək cəhdlərini hərbi-siyasi təxribat hesab edir: “Əgər, Ukraynaya Mockvanı bir neçə dəqiqə ərzində vura biləcək zərbə kompleksləri verilərsə, Rusiya qarşı tərəfə oxşar təhlükənin yaradılması məcburiyyətində qalacaq. Əslində, biz artıq indidən buna tam hazırıq. Çünki biz Rusiya sərhədləri yaxınlığında plandan kənar hərbi təlimlərin keçirilməsindən də narahatıq”.
Göründüyü kimi, Kreml sahibi əslində, yalnız Rusiya üçün hərbi təhlükə gözlədiyini vurğulamaqla kifayətlənmir, həm də dolayısı ilə Ukraynaya zərbə endirə biləcəklərinə eyham vurur. Buna qədərsə, Kremldən Ukrayna NATO-ya üzv qəbul ediləcəyi təqdirdə, Rusiyanın savaşa başlayacağı barədə açıq xəbərdarlıq da edilmişdi. Bu isə müəyyən mənada, Kremldə yaxınlaşan savaş ehtimalının əsas müzakirə mövzusuna çevrildiyini göstərir.
Ancaq Rusiya prezidentinin dediklərindən belə anlaşılır ki, Kreml qlobal savaşa yol aça biləcək hər hansı hərbi əməliyyatlara o qədər də həvəsli deyil. Əksinə, mövcud situasiyadan mümkün çıxış variantlarını axtarmaqda davam edir. Üstəlik, Kreml sahibi belə variantlardan birini ümumiləşdirilmiş şəkildə gündəmə də gətirib. Onun fikrincə, Ukrayna hazırda Rusiyanın hərbi müdaxiləsi barədə düşünməyə vaxt sərf etməməlidir: “Münasibətlərin normal məcraya yönəldilməsinə çalışmaq lazımdır. Əgər, bu, mümkün olarsa, deməli, hər şey yaxşı olacaq”.
Maraqlıdır ki, Rusiyanın Ukrayna ilə hərbi-siyasi qarşıdurması hər iki ölkə normal münasibətləri olan dövlətləri də narahat edir. Xüsusilə də, Türkiyə Rusiya-Ukrayna qarşıdurmasının sona çatmasında birbaşa maraqlıdır. Çünki, rəsmi Ankaranın həm Rusiya, həm də Ukrayna ilə ikitərəfli münasibətləri ən yüksək səviyyədədir.
Ona görə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna münasibətlərini normallaşdırmaq üçün vasitəçilik missiyasını öz üzərinə götürə biləcəyini bəyan etməsi o qədər də gözlənilməz deyil. Rusiya prezidenti V.Putinlə yaxşı anlaşan Türkiyə liderini Ukraynanın Zelenski hakimiyyəti də eşidir. Yəni, rəsmi Ankara Rusiya-Ukrayna qarşıdurmasını nizamlamaq potensialına sahibdir.
Ancaq Kreml Türkiyə liderinin vasitəçilik təklifindən hələlik yararlanmağa o qədər də həvəsli deyil. Böyük ehtimalla əsas səbəblər daha çox hərbi deyil, məhz siyasi faktorlarla bağlıdır. Bu, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Türkiyə liderinin vasitəçilik təklifinə verdiyi reaksiyadan da hiss edilir: “Rusiya Donbas münaqişəsində iştirakçı tərəf deyil. Ona görə də, Ukrayna ilə bu mövzuda müzakirələr problemin həlli yolunun tapılması ilə nəticələnməyəcək”.
Belə anlaşılır ki, Kreml Türkiyənin vasitəçiliyi ilə Donbas probleminin müzakirəsinə başlayacağı təqdirdə, münaqişədə tərəf olduğunu rəsmən etiraf etmiş duruma düşməkdən çəkinir. Çünki bu halda, Rusiyanın daha sərt beynəlxalq sanksiyalara məruz qalma ehtimalı olmamış deyil. Və ona görə də Kreml rəsmi Kiyevlə Donbas problemindən kənar ikitərəfli münasibətlərin nizamlanmasına üstünlük verir ki, bu da hələlik mümkün görünmür.
Digər tərəfdən, ABŞ və Qərb Ukrayna ətrafında yaranmış vəziyyətdə Türkiyəni də tərəfə çevirməyə çalışır. Ağ Ev rəsmi Ankaraya Suriyada ciddi strateji güzəştlərin qarşılığında Türkiyənin Qara dənizdə Rusiya əleyhinə hərbi kampaniyaya qatılmağı təklif edir. Yəni, NATO üzvü olan Türkiyəni Rusiya ilə strateji tərəfdaşlıqdan uzaqlaşdırmağa cəhd göstərirlər.
Üstəlik, Qərb siyasi dairələri Türkiyə-Rusiya münasibətlərini korlamaq üçün bütün variantları sınaqdan çıxarır. Belə ki, Qərb mətbuatı iddia edir ki, Ukrayna ətrafında vəziyyətin gərginləşməsinə görə, Türkiyə də məsuliyyət daşıyır. Guya Rusiya məhz rəsmi Kiyevin Donbasda Türkiyə istehsalı olan “Bayraktar TB2” zərbə PUA-larını tətbiq etməyə başladıqdan sonra narahat olub. Və Ukrayna sərhədlərinə qoşun yığmağa başlayıb.
Təbii ki, həm Kreml, həm də rəsmi Ankara bütün bunların ABŞ və Qərbin iki ölkənin qarşılıqlı münasibətlərinə gölgə salaraq, onlar arasında ziddiyyətlər salmaq cəhdləri olduğunu anlayırlar. Bu baxımdan, Türkiyə və Rusiyanın belə təxribatçı manevrlərə əhəmiyyət verəcəyi o qədər də inandırıcı görünmür. Və böyük ehtimalla hərbi-siyasi qarşıdurmaya Türkiyənin də cəlb edilməsi mümkün olmayacaq.
Ancaq istənilən halda, hazırda ABŞ və NATO-nun Rusiya ilə qarşıdurmasının artıq təhlükəli istiqamətlər almaq üzrə olduğu qətiyyən şübhə doğurmur. Çünki bu qarşıdurmada indi keçmiş dövrlərdə olduğu kimi, yalnız siyasi faktorlar iştirak etmir. Hazırda hər iki tərəf hərbi faktorları qarşıdurmanın əsas alətinə çevirməyə başlayıb. Bu isə hər an silahlı toqquşma təhlükəsini gündəmdə saxlayır. Çünki ABŞ və NATO Rusiya ilə hərbi toqquşmaya səbəb verərsə, bu, qısa müddətdə hətta III dünya savaşına qədər inkişaf edə biləcək bir təhlükə deməkdir.