Kremlin vurulmasının sirri açılır: Rusiyanın reaksiya variantı yoxdur, təslim olur
- 5-05-2023, 10:00
- Siyasət
- 0
- 190
Kremlə PUA hücumunun ssenari müəllifləri müəmmalı qalsa da, əsas hədəf Putin hakimiyyətini demontaj etməkdir, Rusiya elitasının radikal qanadı taktiki nüvə silahı ilə cavab verilməsini tələb edir... Ancaq buna qərar verəcək dairələr Ukrayna savaşında taktiki nüvə silahından istifadənin effektiv addım olmayacağı qənaətindədirlər, bunun Rusiyanın bütün dünyadan tamamilə təcrid olunmasına bəhanə verə biləcəyini düşünürlər...
Bütün dünyanın diqqəti Rusiyanın paytaxtı Moskva şəhərinə yönəlib. Çünki bu nəhəng şəhərdə və onun ətrafında qeyri-adi hadisələr baş verməyə başlayıb. Hər halda, Rusiya öz paytaxtını qorumaqda çətinlik çəkir. Və bu, yaxın vaxtlarda Rusiyanın daxilində kataklizmlərə impuls verə bilər.
Ötən ilin fevral ayında Kremldə Ukraynaya qarşı savaş qərarı verilərkən, yəqin ki, heç kim Rusiyanın belə biabırçı vəziyyətə düşə biləcəyini ehtimal etmirdi. Rusiyanın hərbi-siyasi elitası savaşın başlanmasından cəmisi 3 gün son Ukrayna paytaxtı Kiyev şəhərində qələbə paradı keçiriləcəyinə əmin idi. Və indi Kremldə tamamilə fərqli əhval-ruhiyyə hökm sürür.
Məsələ ondadır ki, Ukrayna savaşı Rusiyanın maraqlarına zidd şəkildə uzanmaqda davam edir və müharibənin nə vaxt bitəcəyi də hələ məlum deyil. Rusiya dövlət olaraq, bütün sahələr üzrə sürətlə zəifləyir. Kremldə Ukrayna savaşında qələbəyə indi yalnız sadəlövhlər inana bilər. Halbuki, Rusiyanın siyasi elitasında sadəlövhlərin ola biləcəyi də qətiyyən inandırıcı deyil.
Əvvəllər Ukrayna raketləri Rusiyanın cəbhə bölgəsinə yaxın ərazilərində partlayanda Kremldə qəzəbli reaksiyalar verilirdi. Sonrasa Rusiyanın daha dərinliyində strateji obyektlər partladılmağa başladı. Kreml də buna artıq tədricən vərdiş etməkdəydi. Nəhayət, naməlum PUA-lar Kremlin də üzərində göründü. Və Kremlin üzərində baş verən partlayış bütün Rusiyanı silkələdi.
İndi Rusiya cəmiyyətində bunun necə baş verdiyini anlamaqda hələ də çətinlik çəkirlər. Belə təsəvvürlər var ki, Rusiya öz paytaxtını və dövlətin əsas simvollarından olan Kremli belə, qoruya bilmir. Belə təsəvvürlər Rusiya cəmiyyətində Putin hakimiyyətinin nüfuzunu sarsıtmağa tamamilə yetərli görünür. Bu baxımdan, Rusiya hakimiyyəti Kremlə endirilən PUA zərbəsinə inandırıcı izahat tapmaqda tələsmək məcburiyyətindədir.
Maraqlıdır ki, Rusiya siyasi dairələri Kremlə PUA hücumunu prezident Vladimir Putinə qarşı sui-qəsd kimi izah etməyə çalışırlar. Eyni zamanda, bu hadisəyə görə yalnız Ukraynanı deyil, həm də ABŞ və NATO-nu da suçlayırlar. Halbuki, bu, Rusiya cəmiyyətini narahat edən "Düşmən PUA-ları Kremlin üzərinə qədər necə uça biliblər və onların qarşısı niyə alınmayıb" kimi suallara cavab vermir. Və bu baxımdan, Rusiyanın hərbi-siyasi elitası hazırda cavabsız suallar qarşısında aciz durumdadır.
Nə qədər qəribə də olsa, bu hadisə ilə bağlı versiyalar həddindən artıq çoxdur. Qərbdə hesab edirlər ki, Kremlə PUA hücumunu Rusiyanın xüsusi xidmət servisləri təşkil edib. Belə bir aksiyada Kremlə Ukrayna savaşında daha radikal addımlar atmaq üçün bəhanə qazandırmaq məqsədi güdülmüş ola bilər. Və bu radikal addımların sırasında Rusiyanın taktiki nüvə silahından istifadə etməsi də nəzərdə tutulur.
Kremlə qarşı sərt ittihamları ilə tanınan ictimai-siyasi fəal İlya Ponomaryov isə daha fərqli versiya irəli sürüb. Onun iddiasına görə, Kremlə PUA hücumunu Putin hakimiyyətinə qarşı fəaliyyət göstərən silahlı müxalifət təşkil edib. Və o, həmin silahlı müxalifət təmsilçilərini şəxsən tanıdığını da vurğulayıb.
Ancaq Rusiya siyasi dairələri bu iddianı dərhal təkzib ediblər. Rusiyada Putin hakimiyyətinə qarşı silahlı müxalifət qruplaşmasının ümumiyyətlə, mövcud olmadığını vurğulayıblar. Onların fikrincə, PUA hücumu birmənalı şəkildə prezident Vladimir Putinin fiziki cəhətdən sıradan çıxarılması məqsədilə törədilib. Halbuki, bu halda Kremlə PUA hücumunun niyə prezident Vladimir Putinin işdə olmadığı vaxtda, yəni, gecə saat 3-də törədildiyi ilə bağlı cavabsız suallar ortaya çıxır.
Bütün bunlara baxmayaraq, Rusiya siyasi dairələri Kremlə PUA hücumunun ABŞ və Qərb xüsusi xidmət servisləri tərəfindən planlaşdırıldığını israrla vurğulayırlar. Onların fikrincə, bu addımın atılmasında Rusiyanın ABŞ və Qərbə Kremlin bir çox "qırmızı cizgilər"ini keçməyə imkan verməsi xüsusi rol oynayır. Yəni, Rusiya sərt cavablar vermədikcə, ABŞ və Qərb belə addımlara daha da cəsarətlənir.
Maraqlıdır ki, Rusiya hərbi-siyasi elitasında cavab addımı kimi, Ukrayna prezidenti Volodimir Zelenskinin ola biləcəyi məkanlara zərbə endirilməsini vacib hesab edirlər. Halbuki, bu, indiki situasiyada mümkün deyil. Çünki prezident Volodimir Zelenski hazırda Ukrayna ərazisindən kənardadır. Üstəlik, onun Ukraynaya nə vaxt dönəcəyi də hələlik məlum deyil. Və bu baxımdan, prezident Volodimir Zelenskinin rezidensiyasına zərbə endirilməsi Rusiyanın korlanmış beynəlxalq imicini bərpa edə bilməz.
Rusiya siyasi dairələri Kremlə PUA hücumuna cavab olaraq, Ukrayna paytaxtı Kiyevə ağır raket zərbələri endirməyə də həvəsli deyillər. Onların fikrincə, Kiyev "rus şəhəri"dir və Rusiya öz "tarixi şəhər"ini dağıtmamalıdır. Halbuki, indiyə qədər Rusiya Kiyevə dəfələrlə dağıdıcı raket zərbələri endirib və onun "tarixi rus şəhəri" olmasını nəzərə almayıb. İndi birdən-birə "tarixi rus şəhəri" iddiasının ortaya atılması təəccüb doğurur.
Rusiyanın hərbi-siyasi elitası Ukrayna ordusunun baş qərargahına da zərbə endirməyi məqsədə uyğun hesab etmir. Əsas arqument isə ondan ibarətdir ki, bu, heç nəyi dəyişməyəcək. Çünki Ukrayna ordusuna Pentaqondan komandablıq edilir. Deməli, cavab üçün Ukrayna ordusunun baş qərargahına deyil, məhz Pentaqona zərbə endirilməlidir. Rusiya elitası belə bir cavab addımının üçüncü dünya müharibəsi törədə biləcəyini nəzərə alır, bunu yolverilməz hesab edir.
Rusiya elitasının radikal qanadını təmsil edən Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev və “Roskosmos”un rəhbəri Dmitri Roqozin ölkənin nüvə doktrinasına uyğun olaraq, taktiki nüvə silahından istifadə etmək hüququna müraciət etməyi məsləhət görürlər. Ancaq buna qərar verəcək dairələr Ukrayna savaşında taktiki nüvə silahından istifadə edilməsinin effektiv addım olmayacağı qənaətindədirlər. Üstəlik, hesab edirlər ki, taktiki nüvə silahı ilə zərbə Rusiyanın bütün dünyadan tamamilə təcrid olunmasına bəhanə verə bilər.
Göründüyü kimi, Kremlə PUA hücumu Rusiya hərbi-siyasi elitasını çaşqın vəziyyətə salıb. Üstəlik, bu hücumun arxasında kimlərin ola biləcəyi də müəmmalı olaraq, qalmaqdadır. Kreml ABŞ və NATO-nu ittiham edir. Qərb isə bunu Rusiya xüsusi xidmət servislərinin reallaşdırdığını vurğulayır. Ona görə də, törədilmiş hadisənin müəllifi və əsas hədəfi hələlik müəmmalı xarakter daşıyır.
Ancaq məlum olan yeganə reallıq ondan ibarətdir ki, Rusiyanın onsuz da korlanmış olan beynəlxalq imicinə daha bir sarsıdıcı zərbə vurulub. Kremldə isə bu vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkirlər. Yəni, Rusiyanın mövcud situasiyada cavab reaksiyası üçün hansısa ciddi variantı hələlik yoxdur. Və Putin hakimiyyətinin demontaj prosesinə yol aça biləcək bu hadisə Rusiya dövlətçiliyinin gələcək perspektivlərini böyük şübhələr altında buraxır.(musavat.com)