Rusiyanın Türkiyə ümidləri boşa çıxdı: NATO nüvə savaşını anons etdi
- 6-04-2023, 09:36
- Siyasət
- 0
- 173
İndi Rusiyanın heç Ukrayna savaşına uzun müddət tab gətirmək üçün yetərli hərbi və iqtisadi resursları yoxdur, əgər, Kreml yeni qlobal müharibəyə hazırlaşırsa, bu, o deməkdir ki, nüvə savaşı uzaqda deyil... NATO-da bu fəlakət ssenarisinə artıq indidən hazırlaşır, bu hərbi-siyasi alyansda prezident Vladimir Putinin “nüvə düyməsi”nə hər an basa biləcəyinə tamamilə əmindirlər...
ABŞ və Qərb Rusiyaya qarşı total təzyiqləri gücləndirməkdə davam edir. İndi Kremlin Rusiya sərhədləri içərisinə sıxışdırılması prosesi demək olar ki, qarşısıalınmaz xarakter daşıyır. Hər halda, Rusiya üzləşdiyi sərt təzyiq dalğasına tab gətirməkdə çətinlik çəkir. Və belə vəziyyətdə Kremlin əks manevrlər üçün seçim variantları o qədər də çox deyil.
Məsələ ondadır ki, Ukrayna savaşı uzandıqca Rusiyanın hərbi-siyasi və maliyyə-iqtisadi resursları tükənir. Kremlin xarici dəstək ümidləri isə qətiyyən özünü doğrultmur. Xüsusilə də, Rusiyanın Çindən umduğu hərbi-siyasi dəstəyi ala bilməməsi Kremldə məyusluq və çaşqınlıq yaradıb. Və bu baxımdan, hazırda Rusiyanın təklənməkdə olduğunu da iddia etmək olar.
Onu da qeyd edək ki, bir müddət öncə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya prezidenti Vladimir Putin haqqında həbs orderi verməsi əslində, siyasi qərar idi. Çünki bu qərarla Kreml sahibinin Rusiya sərhədlərindən kənara çıxış imkanlarının məhdudlaşdırılmasına yönəlik məqsəd güdüldüyü qətiyyən şübhə doğurmur. Və bu, daha çox prezident V.Putinin məhz Rusiya sərhədləri içərisinə “həbs olunması” anlamı daşıyır.
Düzdür, prezident V.Putin Asiya ölkələrinə səfər etmək hüququnu hər halda, saxlayır. Ancaq Avropanın, eləcə də, BCM-yə qoşulmuş bütün ölkələrin “qapıları” Kreml sahibinin üzünə bərk-bərk qapadılıb. Yəni, Rusiya prezidenti V.Putinin bir çox önəmli beynəlxalq qurumlarda və önəmli qlobal tədbirlərdə ölkəsini təmsil etmək imkanları bloklanıb.
Təbii ki, bu baxımdan, Kremlin Rusiyanı düşdüyü “quyu”dan çıxartması üçün qətiyyətli addımlara ehtiyacı var. Halbuki, indiki situasiyada belə addımların sırası da qətiyyən geniş deyil. Rusiyanın ABŞ və Qərblə qarşıdurmada hələlik birbaşa sınaqdan çıxartmadığı yalnız nüvə silahı qalıb. Yəni, hazırda bu, Kremlin ixtiyarında olan ən güclü və təhlükəli yeganə təhdid faktorudur.
Maraqlıdır ki, Rusiya faktoru da son vaxtlar tədricən ön plana çıxartmağa çalışır. Hər halda, yaxın vaxtlarda Rusiyanın Belarus ərazisində taktiki nüvə silahı yerləşdirmək qərarı ABŞ və Qərb üçün olduqca ciddi təhdid rolunu oynayır. Ona görə də, Kremlin bu niyyətindən Avropa ölkələri çox ciddi narahatlıq keçirirlər. Və Rusiyanın çıxılmaz vəziyyətdə qalacağı ən həlledici məqamda məhz Avropa ölkələrinə nüvə zərbəsi endirə biləcəyindən ehtiyatlanırlar.
NATO-nun Rusiya ilə quru sərhədlərinin genişlənməsindən sonra Kremlin hərbi-siyasi manevrlərində nüvə faktoru əsas müqavimət alətinə çevrilməyə başlayıb. Belə ki, son vaxtlara qədər Türkiyə Rusiya sərhədlərinin NATO tərəfindən mühasirəsinin tam qapadılmasına imkan vermirdi. Çünki NATO-ya üzv qəbul olunmaq istəyən İsveç və Finlandiyanın beynəlxalq terrorizmə dəstək verməsi Türkiyənin maraqlarına ciddi problemlər yaradırdı.
Ancaq sonradan Finlandiya bu məsələ ilə bağlı Türkiyənin bir çox iradlarını aradan qaldırmağa nail oldu. Nəticədə rəsmi Ankara İsveçin NATO üzvlüyü ilə bağlı qərarını qüvvədə saxlasa da, Finlandiya ilə bağlı mövqeyini dəyişdi. Və indi Finlandiya NATO-nun tamhüquqlu üzvüdür.
Eyni zamanda, İsveçdən fərqli olaraq, Finlandiyanın Rusiya ilə min kilometrdən çox sərhəddi var. İndi Finlandiyanın NATO üzvü olması Rusiyanın Qərb sərhədlərinin tamamilə blokada vəziyyətinə düşməsi anlamı daşıyır. Üstəlik, Finlandiyanın Rusiya üçün tarixi düşmən ölkə kimi qəbul olunması da vacib faktordur. Hər halda, Kremldə ötən əsrin 30-cu illərində baş vermiş rus-fin müharibəsi hələ unudulmayıb.
Təbii ki, Türkiyənin Finlandiyanın üzvlüyünə imkan verməsi NATO-da böyük məmnunluqla qarşılanıb. İndi NATO Finlandiya ərazisində yeni hərbi bazaların qurulması barədə planlar qurmağa başlayıb. Kremlin bu prosesə aqressiv reaksiya verməsindən istifadə edən NATO yeni hərbi bazaların yaradılmasına olan ehtiyacı Rusiyanın böyük müharibə hazırlığı ilə arqumentləşdirməyə çalışır.
NATO-nun baş katibi Yens Stoltenberq iddia edib ki, Rusiya prezidenti Vladimir Putin sülhə yox, daha böyük müharibəyə hazırlaşır. Onun fikrincə, NATO öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə və Rusiyanın təzyiqi altında olan digər tərəfdaşlarına dəstək verməyə davam etməlidir. NATO baş katibi əmindir ki, bu quruma üzv ölkələrin əsas hədəfləri məhz Ukraynanın qalib gəlməsi üzərində birləşdirilməlidir.
Göründüyü kimi, NATO baş katibi bir tərəfdən Rusiyanı daha böyük savaş planları qurmaqda suçlayır. Digər tərəfdənsə, NATO-nun Ukrayna savaşında Rusiyanın əleyhinə da qətiyyətli addımlar atmasının vacibliyini vurğulayır. Yəni, bununla həm də NATO-nun da böyük savaşa hazırlıq mərhələsində olduğunu biruzə verir. Və bu, istənilən halda, NATO-nun Rusiya ilə ortaq şəkildə yeni qlobal savaş planları içərisində olduğunu göstərir.
Halbuki indiki situasiyada Rusiyanın Ukrayna savaşının coğrafiyasının genişlənməsində maraqlı ola biləcəyi də inandırıcı görünmür. Belə ki, Rusiyanın heç Ukrayna savaşını uzun müddət davam etdirmək üçün yetərli hərbi və iqtisadi resursları yoxdur. Əgər, Ukrayna savaşının coğrafiyası genişlənib, qlobal müharibəyə çevrilərsə, hazırda demək olar ki, təklənmiş Rusiyanın belə ağır yükün altından qalxa biləcəyi qətiyyən inandırıcı təsir bağışlamır.
İndiki halda, Rusiyanın yeni daha böyük müharibəyə hazırlaşması ilə bağlı iddialar yalnız Kremlin nüvə savaşına başlamaq niyyəti ilə arqumentləşdirilə bilər. Halbuki bu, dünya üçün nə qədər fəlakət vəd edən variant olsa da, Rusiya siyasi dairələrində nüvə savaşı ssenarisinin yekdil dəstək qazana biləcəyi də real deyil. Yəni, Kremldə nüvə savaşı ilə bağlı qərarın verilməsinə Rusiya siyasi dairələrində kəskin müqavimətin ola biləcəyi də qətiyyən istisna deyil. (Yeni Müsavat)