Abşeron polisinin axtardığı məhşur dələduz Daşkəsəndə həbs edildi
- 26-08-2020, 15:49
- Kriminal
- 0
- 373
Uzun zamandır ki, dələduzluq və bir sıra cinayət əməlləri ittihamı ilə axtarışda olan Bəxtiyar İsmayılov Daşkəsən rayonunda həbs edilib.
1975-ci il təvəllüdlü Daşkəsən rayon sakini İsmayılov Bəxtiyar Nəcəf oğlu uzun müddət Gəncə şəhərində, Goranboy, Yevlax, Kürdəmir, Ucar, Samux, Sumqayıt, Abşeron və respublikanın digər rayonlarında dələduzluq edərək çoxsaylı vətəndaşları aldadıb onların külli miqdarda pulunu alıb mənimsəmişdir.
Bəxtiyar İsmayılovun cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilərərək barəsində 22.05.2020-ci il tarixdə hökm çıxarılmışdır.
İstintaq və məhkəmə qaydasında sübuta yetirilmişdir ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Daşkəsən rayon filialının sədri işləmiş Bəxtiyar İsmayılov öz qulluq mövqeyindən sui-istifadə etməklə ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də “Qarabağ müharibəsi veteranı” adı verilməsi, vəzifəli şəxsə rüşvət verilməklə sosial evlərin verilməsi, sosial yardım təyin edilməsi, əlillərə dövlət tərəfindən avtomobil verilməsi, habelə əlillik dərəcəsinin təyin edilməsini təşkil edəcəyi barədə çoxsaylı vətəndaşlara yalan vədlər verərək külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmişdir.
Müxtəlif saytlarda yazılan məlumatlara görə, Bəxtiyar İsmayılov ayrı-ayrı vətəndaşları müxtəlif yollarla aldadıb mənimsədiyi pullarla arvadı İsmayılova Aynur Xurşid qızının adına rəsmiləşdirilən Abşeron rayonunun Saray qəsəbəsində dəyəri 850 min manat olan villa almışdır.
Məhkəmənin hökmünə baxmayaraq, Bəxtiyar İsmayılov yenidən çoxsaylı vətəndaşları aldadıb öz çirkin əməllərini davam etdirərək dələduzluq etmişdir. Çoxsaylı vətəndaşların şikayətləri əsasında Abşeron rayon Polis İdarəsində Bəxtiyar İsmayılov barəsində yenidən araşdırma aparılmış, Abşeron rayon məhkəməsinin qərarı ilə qəti imkan tədbiri şeçilərək polisin nəzarəti altına verilmiş və məhkəmə prosesi başlanmışdır. Bəxtiyar İsmayılov məhkəmə iclaslarına gəlməyərək və məhkəmdən yayınaraq Daşkəsən rayonuna gəlmişdir. Buna görə Abşeron rayon məhkəməsinin qərarı ilə onun barəsində axtarış elan olunmuşdur.
Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri nəticəsində 24.08.2020-ci il tarixdə Bəxtiyar İsmayılov Daşkəsən rayonu ərazisində tam sərxoş vəziyyətdə aşakarlanaraq tutulmuşdur.
Bəxtiyar İsmayılovun barəsində 25.08.2020-ci il tarixdə qanuni tədbir görülərək o, Kürdəxanı 1 saylı istintaq təcridxanasına göndərilmişdir.
Bəxtiyar İsmayılovun dələduzluq əməlləri ilə bağlı yeni faktlar və ona himayədarlıq edənlər barədə növbəti yazımızda məlumat verəcəyik.
Bircə onu qeyd edək ki, Bəxtiyar İsmayılov YAP Dəşkəsən Təşkilatının sədri Meydanəli Yolçuyevin yaxın qohumdur. Belə ki, Bəxtiyar bir sıra insanları aldadan zaman bacanaq qohumunun adınından da istifadə edib.
Yəqin ki, istintaqa ifadələrində Bəxtiyar İsmayılov bu haqda da suallara cavab verəcək.
İbrahimov Vaqif Hidayət oğlu
Hüquq müdafiəçisi,
İşgəncələrə qarşı Azərbaycan Komitəsinin
Gəncə Regional bölməsinin rəhbəri