Vergilərlə bağlı dəyişikliklər: Bu avtomobillər bahalaşacaq
- 5-11-2021, 10:59
- İqtisadiyyat
- 0
- 191
Vergi məcəlləsinə bir sıra dəyişikliklər təklif olunur ki, onlardan biri də ölkəyə gətirilən nəqliyyat vasitələrinə tətbiq olunan aksizlərlə bağlıdır.
Belə ki, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılır.
Daha ətraflı: Bu minik avtomobillərinə görə aksiz dərəcələri artırılır
Eləcə də, dəyişikliklə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.
Avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev isə açıqlamasında bildirdi ki, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması məsələsinin gündəmə gəlməsi ümumən xarabalığa çevrilən Azərbaycan avtoparkı üçün müsbət haldır:
“Lakin nəzərdə tutulan mühərrik həcminin 3000 deyil, 1500 kubsantimetrdən götürülməsinin daha məntiqli və yeni avtomobillərin satışı üçün əlverişli olacağını düşünürəm. Görünən odur ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində işlərin başlamasının vacibliyini artıq aidiyyatı qurumlar anlayırlar və bu istiqamətdə işlər görülməsini gündəmə gətirirlər. Öz növbəmdə bu layihələrin icrası və mühüm qərarların qəbulu zamanı avtomobil sektoru nümayəndələri ilə məsləhətləşmələrin olmasının tərfadarıyam. Bu, avtomobil parkının daha keyfiyyətli yenilənməsinə səbəb olacaq”.
Hibrid avtomobillərə tətbiq olunacaq güzəştlərə gəldikdə isə ekspert qeyd edib ki, bu ekologiyanı düşünərək atılan addımdır: “Güman edirəm ki, həm hibridlərlə bağlı, həm də ilk sadalağımız qərar avtoparkımızın yenilənməsi yönündə faydalı olacaq”.
İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, ili 3 ildən köhnə, mükərrik həcmi 3000 kubsantimetrdən yuxarı olan avtomobillərin aksiz vergisinin artırılmasının müsbət tərəfi ekoloji cəhətdən problem yaradan motor həcmi yüksək olan avtomobillərin ölkəyə gətrilməsinin azalacağıdır: “Lakin artıq ölkədə olan belə avtomobillərin ikinci əl bazarında qiymətlərinin kəskin artacağı gözlənilir”.
Milli Məclisin deputatı Vüqar Bayramov isə 3 il istifadə müddəti üzrə limitin 5 il ilə əvəz olunmasını və eləcə də, nisbətən aşağı mühərrikli yeni avtomobillərin idxalı zamanı aksiz dərəcəsinin, verginin azaldılmasını təklif edir.
“Avtomobillərin idxalı ilə bağlı vergilərin yüksək olması Azərbaycanda avtomobil parkının köhnəlməsinə gətirib çıxarır. Avtomobil parkının köhnəlməsinin qarşısını almaq istəyiriksə, yeni istehsal olunan avtomobillərin idxal xərclərinin azaldılması, vergilərə yenidən baxılmasına ehtiyac var”, - deyə deputat əlavə edib.