» » Bakının mərkəzi rayonu necə olacaq? - AÇIQLAMA (FOTO)

Bakının mərkəzi rayonu necə olacaq? - AÇIQLAMA (FOTO)

Bakının mərkəzi rayonu necə olacaq? - AÇIQLAMA (FOTO)


Artıq bir müddətdir ki, Bakı şəhərində mərkəzi rayonun yaradılacağı ilə bağlı məlumatlar yayılıb. Yeni yaradılacaq rayonun paytaxtın Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarının bəzi hissələrini əhatə edəcəyi bildirilir. 

Sözügedən təklifin ilk dəfə 2019-cu ilin mart ayında Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə qaldırıldığı və dövlət başçısının təklifi bəyənərək bununla bağlı tapşırıqlar verdiyi qeyd olunur. Bundan əlavə, Bakının Nizami rayonunun ləğv ediləcəyi, ərazisinin Xətai və Nərimanov rayonları arasında bölüşdürüləcəyi də yayılan məlumatlar arasındadır. 

 “Qafqazinfo” xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi artıq qeyd olunan yeniliklərin də əhatə olunduğu Bakı şəhərinin Baş planının ilkin layihəsinin hazır olduğunu bildirib. Layihəyə görə, Bakı şəhərinin Mərkəzi Bakı, Regional Mərkəz və Alt Mərkəzə bölünməsi nəzərdə tutulub:

 



Qeyd olunur ki, Mərkəzi Planlaşdırma Rayonu 1031,4 hektar ərazini əhatə edəcək. Həmin rayonun içərisində ərazisi 425 hektar olan Xüsusi mühafizə ərazisi yaradılacaq. Hazırda müzakirələri gedən, 4 rayonun ərazisinin bir hissəsini əhatə edəcək ərazi də məhz bu hissədir. Tarixən formalaşmış planlaşdırma quruluşu olan, memarlıq və tarixi abidələrin, tarixi-memorial məkanların sıx yerləşdiyi, həmçinin əhali tərəfindən istirahət, əyləncə və xidmət məkanı olaraq daha çox istifadə edilən ərazidir. Qeyd olunur ki, Xüsusi mühafizə ərazisi Mərkəzi Planlaşdırma Rayonunun nüvəsini təşkil edən vacib planlaşdırma elementidir. 

Mərkəzi rayonla bağlı digər detallara gəlincə isə, Komitədən bunların yalnız Baş Planın təsdiqindən sonra açıqlanacağı bildirildi: “Hələ ki, Bakı şəhərinin Baş planı təsdiq olunmayıb. Təsdiq olunandan sonra rayonun adı necə olacaq, dəqiq sərhədləri necə olacaq, bu barədə detallı nəsə danışmaq olar”. 



Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumdan xəbərlə əlaqədar qeyd olunanlardan əlavə məlumatın olmadığı bildirildi: “Bakı şəhərinin Baş planının hazırlanması Dövlət Şəhərsalma və Arxitektura  Komitəsinə tapşırılıb. Biz də onların məlumatını gözləyirik”. 

Qeyd edək ki, mərkəzi rayonun yaradılması ilə əlaqədar Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Bakının keçmiş baş memarı Elbay Qasımzadə Yenisabah.az-a açıqlamasında mərkəzi rayonda bəzi məhdudiyyətlərin tətbiq oluna biləcəyini demişdi. Yəni, sözügedən ərazidə istənilən tikinti aparıla bilməz. Bunun üçün ilk növbədə memar, rəssam, heykəltəraş, tarixçi və arxeoloqlardan ibarət rayonun İctimai Şurası yaradılmalı və görüləcək işlərlə bağlı həmin şura tərəfindən əvvəlcədən təhlil olunmalıdır. Həmçinin, bu rayonda nəqliyyat vasitələrinin hərəkəti xüsusi qaydalarla aparılmalıdır:

“Faytonlar turistləri cəlb etmək üçün olacaq. Əhali təbii olaraq işdən evinə faytonla getməyəcək. İctimai nəqliyyat olacaq. Sadəcə, ola bilsin ki, orada hərəkət yolları bir qədər məhdudlaşacaq. Şəxsi avtomobillərin hansısa məhəllələrə daxil olması qadağan ediləcək. Amma mən düşünürəm ki, biz oranı qoruğa çevirməməliyik. Çünki qoruqda yaşamaq kifayət qədər çətindir”.


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya