Banklarla bağlı güzəştlərin müddəti uzadılıb - Deputat
- 1-06-2021, 14:22
- İqtisadiyyat
- 0
- 239
"Pandemiya səbəbindən bank sektorunda tətbiq olunan bir sıra requlyativ dəstək tədbirlərinin tətbiqi bu il iyulun 1-dək uzadılıb. Bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti qərar qəbul edib. Sonuncu dəfə İdarə Heyəti müddəti bu yazın ilk ayının sonuncu günü uzadıb".
"Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, qərara əsasən kontr-tsiklik kapital buferi ilə əlaqədar güzəştlərin, habelə kredit öhdəliklərinin gecikdirilməsi halında əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına və borcludan tutulmamasına, eləcə də borcalanın kredit tarixçəsinin pisləşdirilməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 1 iyul 2021-ci il tarixinədək uzadılıb. Eyni zamanda, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə tətbiq edilmiş dividend ödənişlərinin məhdudlaşdırılması müddəti həmin tarixədək qüvvədə saxlanılıb:
"Həmçinin, sektorun bank kapitalına aid yeni requlyativ tələblərinə tədricən adaptasiyasının təmin edilməsi məqsədilə bazar və əməliyyat risklərinin bank kapitalının adekvatlığı əmsalı ilə örtülməsi, habelə əmsalın minimum həddi üzrə requlyativ güzəştlərin tətbiqi müddətinin 1 iyul 2021-ci il tarixinədək uzadılması qərara alınıb".
"Qərarın sadə dildə izahatı o deməkdir ki, Mərkəzi Bank pandemiya səbəbindən yubanmalar qeydə alındığı halda banklara borclunun kredit tarixçəsinin pisləşməməsini tövsiyyə edir. Mərkəzi Bank tərəfindən güzəşt müddətlərinin uzadılması təqdirə layiq haldır.
Qeyd edim ki, Milli Məclisin 27 may 2021-ci il tarixli Plenar İclasında pandemiya və devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni onların adların ictimaiyyət arasında “qara siyahı” adlandırılan siyahıya salınmamasını təklif etmişdim", - deyə millət vəkili əlavə edib.