» » Kommersiya və rayon məhkəmələri arasında ziddiyyətli qərarlar - Rəsmi qurumlardan reaksiya

Kommersiya və rayon məhkəmələri arasında ziddiyyətli qərarlar - Rəsmi qurumlardan reaksiya

Kommersiya və rayon məhkəmələri arasında ziddiyyətli qərarlar - Rəsmi qurumlardan reaksiya


Qonşunun evini su basması, yaxınlıqdakı obyektin yanması və ya digər hadisələr zamanı vətəndaşın mülkünə zərər vurulmasına səbəb olan şəxslər məsuliyyətə cəlb edilirmi? 

“Qafqazinfo” xəbər verir ki, son zamanlar bununla bağlı məhkəmə instansiyalarında ziddiyyətli qərarlar verilir. Belə ki, hakimlərin bir hissəsi burada hadisəyə səbəb olan şəxsin təqsirkar olduğu barədə qərar çıxarır, digər qisim isə qanunda bu halın nəzərə alınmadığını qeyd edir.

Misallarla izah etsək, Bakının Nərimanov Rayon Məhkəməsi qonşusunun evinə su axıdaraq vurduğu zərərə görə Bürhan Həmidovu 450 manat mülki məsuliyyətə cəlb edib. Oxşar hala görə Nəsimi məhkəməsi Gülşən Şəkərovanın 250 manat ödəməli olduğunu bildirib. Səbail rayonunda isə Orxan Mirzəyevin evi yanaraq ona 12 750 manat zərər dəyib. Araşdırma zamanı məlum olub ki, yanğına səbəb onun qonşusu Larisa Konoplyanko olub. Rayon məhkəməsinin qərarı ilə həmin məbləğ qonşudan tutulub.

Lakin Bakı Kommersiya Məhkəməsi rayon məhkəmələrinə zidd qərar qəbul edib. Belə ki, bir müddət öncə bağlanan “Standart sığorta” şirkəti Xırdalan şəhər sakini Sənubər Quliyevanın evini su basmasına görə vətəndaşa 650 manat ödəniş edib. İcra Hakimiyyəti arayış verərək subasmaya səbəb kimi qeyd edib ki, “Azərsu” ASC-nin borularında qəza baş verdiyi üçün vərəndaşın evini su basıb. Sığorta şirkəti vətəndaşa ödədiyi pulun subroqasiya qaydasında “Azərsu” ASC-dən tutulması üçün məhkəməyə müraciət edib.

Bakı Kommersiya Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası qərarında iddianı rədd edərək icbari sığorta üzrə subroqasiya hüququnun yaranması əsasları üçün “İcbari sığortalar haqqında” qanununun 25-ci maddəsinə istinad edib.

Qeyd edilib ki, həmin maddəyə görə, sığortaçının subroqasiya hüququ daşınmaz əmlakla bağlı deyil, yalnız mülki məsuliyyətin icbari sığortası üzrə yaranır: ““İcbari sığortalar haqqında” qanununda isə daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə ümumiyyətlə subroqasiya hüququnun yaranması nəzərdə tutulmayıb”.



Müzakirə elən hüquqi çəkişmə ilə bağlı prosesdə rolu olan bir neçə quruma izah verilməsi və öz mövqelərini açıqlaması üçün sorğu göndərdikib.

Ədliyyə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsində göstərilən subroqasiya hüququnun yaranması əsaslarında daşınmaz əmlakın icbari sığortasının istisna edilməsi nəzərdə tutulmayıb: “Eyni zamanda Mülki Məcəllənin 936.6-cı maddəsinə görə həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir”.

“Paşa Sığorta” şirkətindən saytımıza deyiblər ki, Mülki Məcəllə sığorta ilə bağlı ümumi müddəaları müəyyən edir: Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən isə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Yəni sığortaçı “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə də sığorta ödənişi verdikdən sonra zərər vuran şəxsə qarşı subroqasiya hüququndan istifadə edə bilər”.

İcbari Sığorta Bürosuna da məsələ ilə bağlı sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya cavab olaraq bildirilib ki, daşınmaz əmlaka vurulmuş zərərə görə sığorta şirkəti tərəfindən sığorta ödənişi verildikdən sonra hadisəni törətməkdə təqsirli bilinən şəxsdən dəymiş ziyanın ödənilməsini tələb etmək subroqasiya hüququna aiddir: “Azərbaycanda sığorta münasibətləri sferasında subroqasiya hüququ Azərbaycan Respublikasının Mülki məcəlləsinin və “İcbari sığortalar haqqında” qanunun müvafiq maddələri ilə tənzimlənir. Mülki məcəllənin 936-cı maddəsinin 2-ci bəndində qeyd olunur ki, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin maddənin 6-cı bəndində isə yanız həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmədiyi təsbit edilib”.



Azərbaycan Sığortaçılar Assosasiyasının açıqlamasına görə, “İcbari sığortalar haqqında” qanunun 25-ci maddəsində yalnız mülki məsuliyyətin icbari sığortası qeyd edilsə də, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən, sığortaçının subroqasiya hüququ yaranır: “Daşınmaz əmlakın icbari sığortası üzrə subroqasiya hüququ Mülki Məcəllənin 936-cı maddəsinə əsasən yaranır. Bu məsələyə yanaşma daim belə olub. Biz, Azərbaycan Sığortaçılar Assosasiyası olaraq hüquqi məsələlərlə bağlı anlaşılmazlıq yaranan halları mütəmadi müzakirə edərək müvafiq qurumlara müraciət edirik. Daşınmaz əmlakla bağlı subroqasiya hüququ haqqında daha öncə də problem yaranmadığı üçün müzakirələrə ehtiyac olmayıb”.

Sığorta məsələləri üzrə ekspert Əli Bayramov deyir ki, subroqasiya hüququnu “İcbari sığortalar haqqında” qanuna və ya başqa qanuna bağlamaq lazım deyil: “Subroqasiya hüququ beynəlxalq aləmdə tətbiq olunan təcrübədir, eyni zamanda, bizim Mülki Məcəlləmizdə də açıq-aydın qeyd edilib. Zərər vuran mütləq vurduğu zərərə görə məsuliyyət daşımalıdır. Bizim məhkəmələr indi bunu başqa cür başa düşür və başqa cür yanaşma tətbiq edirlər. Əgər zərərlə bağlı təqsirkar tərəf varsa, mütləq subroqasiya hüququ tanınır. İcbari əmlak sığortasında mülki məsuliyyət sığortası nəzərdə tutulub, amma məhkəmələrin bu hala belə yanaşması absurddur. Əgər bir şəxs qonşunun evinə su axıdıbsa, baxmaq lazımdır ki, hadisə həmin şəxsin iradəsindən və ya hərəkətsizliyindən asılı olub, yoxsa yox. Bu məsuliyyəti heç bir qurum kənara ata bilməz. Yanğınla bağlı da sübut olunursa ki, hadisə bir insanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verib, onda da həmin şəxs mütləq qaydada məsuliyyət daşıyır. Hətta “İcbari sığortalar haqqında” qanunda bu məsələyə konkret yanaşma yoxdursa, o qanundan da üstün Mülki Məcəllədir və məcəllədə bu məsələyə aydın münasibət bildirilib. Bu, beynəlxalq təcrübədir, bizim qanunvericilik və ya digər hüquqi aktlar hazırlanan zaman beynəlxalq qanunvericilikdən istifadə olunur. Hakimlərin, məhkəmələrin bu işə belə yanaşmaları absurddur”.



Əli Bayramov qeyd edib ki, yeni “İcbari sığortalar haqqında” qanun Kommersiya məhkəmələrini çaş-baş salıb: “Əvvəllər özgənin əmlakını qəsdən və ya ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə halında sığorta şirkətləri sahibkarların, vətəndaşların zərərinin əvəzini ödədikdən sonra köhnə "Yanğından icbari sığorta haqqında" qanununa və mülki qanunvericiliyə uyğun olaraq hadisə ilə əlaqədar təqsirkar şəxsdən vurulmuş zərərin əvəzini subroqasiya qaydasında tələb edirdilər.

Yəni sığorta şirkətləri “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsipindən çıxış edərək, zərərçəkmiş daşınmaz əmlak sahiblərini razı saldıqdan sonra, törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxsin mülki məsuliyyətə cəlb olunmasını məhkəmələrdən tələb edirdilər.

İndi isə kommersiya məhkəmələrimizdə maraqlı təcrübə formalaşıb. Kommersiya Məhkəmələri “İcbari sığortalara haqqında” qanunun 23.1.6-ci maddəsinə əsasən sığorta şirkətlərinin sığorta ödənişini verdikdən sonra təqsirkar şəxslərə qarşı Mülki Məcəllənin 936-cı maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququnu nəzərə almır.

Bununla da əmlakı qəsdən və ya ehtiyatsızlıqdan məhv edən şəxslər məsuliyyətsiz qalır. O cümlədən yanğın törədən şəxsin mülki məsuliyyətə cəlb olunmaması cəmiyyətdə mənfi emosiyalar doğurur. Hazırda bu cür məhkəmə prosesləri davam edir. Belə çıxır ki, başqasının əmlakını qəsdən və ya ehtiyatsızlıqdan məhv edən şəxslər məsuliyyətə cəlb edilməyəcək?”

Amin Nəzərli

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Oktyabr 2024    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Qalereya