Ağdam Sənaye Parkına 100 mln manat yatırılacağı gözlənilir
- 10-12-2021, 15:30
- İqtisadiyyat
- 0
- 234
"Hazırda Ağdam Sənaye Parkında müxtəlif çeşidli sintetik xalça istehsalı, uniforma, xüsusi və fərdi geyimlərin istehsalı, polimer məhsulların istehsalı, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtüklərinin istehsalı, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə ümumi 5 potensial layihəyə baxılır".
Report xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifələrini icra edən Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, bu layihələr üzrə 1 100 nəfərdən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur: "Hazırda onların biznes planlarına baxılır və rezidentlik statusu veriləndən sahibkarlar fəaliyyətə başlaya biləcək".
E.Nuriyev qeyd edib ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb: "Mobilizasiya şəhərciyində konteyner tipli 8 ədəd yataqxana (40 nəfərlik), tibb məntəqəsi, 2 ədəd ofis, ərzaq və təsərrüfat mallarının satışı üzrə marketlər, aptek, yeməkxana, camaşırxana, idman meydançası və 2 ədəd sanitar qovşaq inşa olunub.
Konteynerlərin ətrafına 480 metr uzunluğunda hasar inşa edilib. Mobilizasiya şəhərciyinə asfalt yol çəkilib, kiçik park salınıb və abadlıq işləri tamamlanıb. Sənaye parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Rahatlılığın təmin edilməsi məqsədi ilə söhbətgahlar yerləşdirilib. Bundan başqa sənaye parkının ərazisində "Kapital Bank"ın bankomatı (ATM) quraşdırılıb və yaxın günlərdə isə ödəniş terminallarının qoyulması planlaşdırılır".
Onun sözlərinə görə, Ağdam Sənaye Parkına ilkin mərhələdə 20-25 milyon manatlıq, ümumiyyətlə isə 100 milyon manatlıq investisiya yatırılması gözlənilir.
E.Nuriyev ehtimal edir ki, bu rəqəmlər dəyişdirilə bilər:"Çünki hal-hazırda rezidentlərin biznes planları təhlil edilir. Ağdam Sənaye Parkı Qarabağın sənaye parkı olacaq və azad edilmiş ərazilərin bərpasına mühüm töhvəsi olacaq. Bu parkda qida emalı, şərabçılığın, ərzaq məhsullarının istehsalı müəssisələrinin qurulmasını gözləyirik. Ağdamın bərpası strateji məsələdir. Ağdam Azərbaycanın ən böyük şəhərlərindən birinə çevriləcək".
Onun sözlərinə görə, "Araz Vadisi İqtisadi Zonası" sənaye parkında isə ilk rezident qeydə alınıb: "Bu zona logistik xətlərin üzərində yerləşir".