Mais Məmmədov: Göründüyü kimi, ölkəmizin imkanları, beynəlxalq nüfuzu da artır
Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) rəisi Mais Məmmədov - Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkənlərə ümid işığı oldu. Soydaşlarımızın işğaldan azad edilmiş ərazilərdəki doğma yurdlarına qayıtmasına real imkanlar yarandı. Artıq uzun illərdən bəri məcburi köçkünlük həyatının ağrı-acılarını, iztirablarını yaşayan həmvətənlərimizi yeni işıqlı həyatın ürək rahatladan, könül açan günləri gözləyir.
Böyük Qayıdış planına uyğun olaraq insanların doğma yurd-yuvalarına qayıtması üçün bütün imkanlar səfərbər edilib.
Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılması dövlətimizin xüsusi həssaslıqla yanaşdığı və diqqətdə saxladığı prioritet məsələlərin önündə gəlir. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Bütün bunlar Böyük Qayıdışı sürətləndirən infrastruktur layihələrdir.
İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi.
“Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Öz torpaqlarına qayıdan sakinlərin əmək məşğulluğunun təmin edilməsi üçün proqramlar hazırlanmaqdadır. Ənənəvi məşğuliyyət sahələrinin bərpa edilməsi ilə yanaşı, yeni məşğulluq növlərinin yaradılması da dövlət tərəfindən hazırlanan planların tərkib hissəsidir.
“Əsrin müqaviləsi”nin imzalanması ilə dünya iqtisadi sisteminə inteqrasiyasının, dayanıqlı iqtisadi inkişafının əsasını qoyan Azərbaycan illər geçdikcə regional çərçivədə qurulan əməkdaşlıq əlaqələrinin coğrafiyasını daha da genişləndirdi, reallığa çevirdiyi enerji layihələri vasitəsilə dövlətlər, xalqlar arasında əlaqələri daha da möhkəmləndirdi, bugünümüz üçün böyük potensial yarandı. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları biri-birini əvəzlədikcə Azərbaycanın regional əməkdaşlığa, dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri daha da artır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca çoxtərəfli əməkdaşlağın başlanğıc nöqtəsi olan Cənub Qaz Dəhlizi reallığa çevrildi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, enerji şaxələndirilməsi istiqamətində atılan addımlarımız öz bəhrəsini verir. Azərbaycanın icra etdiyi layihələr, onların üstünlüyü ondan ibarətdir ki, həm marşurutlar, həm mənbələr çoxşaxəlidir. Çünki bu gün bizim üçün əsas bazar Avropa bazarıdır və Avropa üçün də yeni mənbələr böyük əhəmiyyət daşıyır. Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır.
Uğurlarımıza söykənərək bu fikri də inamla qeyd edirik ki, Azərbaycan dünyada neft-qaz hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayan, ənənəvi keçirilən Beynəlxalq Xəzər neft-qaz sərgilərində ölkəmizin enerji sektorunda qazandığı uğurlar təqdim edilərək, ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin say tərkibinin artdığını da görürük.
Azərbaycanın Avropa İttifaqı, həmçinin quruma üzv dövlətlərlə əlaqələrinin yüksələn xətlə inkişafında da etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyi əhəmiyyətli rol oynayır. Avropa İttifaqı ilə ayrı-ayrı dövrlərdə imzalanan sənədlər əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyur. Bu baxımdan 2018-ci ildə imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədini xüsusi qeyd edə bilərik. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr önə çəkilərək Cənub Qaz Dəhlizinin bu töhfələrin miqyasının daha da genişlənməsi üçün stimul olduğu bildirilir. Cənub Qaz Dəhlizi layihəsinin tam tərkibdə uğurla başa çatdırılması çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edən mühüm addımlar kimi təqdir olunur. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu sonluqla başa çatdırılmasından bəhs edərkən ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ilə bağlı səsləndirilən ürəkaçan fikirlər bütünlükdə Azərbaycanın daxili və xarici siyasətinə verilən dəyər kimi xarakterizə edilir. Neft-qaz sahəsində görülmüş işləri tarixi hadisə adlandıran, əhəmiyyətini yüksək dəyərləndirən dövlət başçısı İlham Əliyev bildirir ki, bunlar Azərbaycanın regional əməkdaşlıq, dünyanın enerji təhlükəsizliyinin təminatı istiqamətində apardığı siyasətin uğurudur.
İyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” da ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və roluna bir daha işıq saldı. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Memorandumun imzalanmasından sonra mətbuata bəyanatında bir daha bu fikri bildirdi ki, Azərbaycan həqiqətən bizim üçün mühüm enerji tərəfdaşıdır. Azərbaycan təkcə təchizat təhlükəsizliyi deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı tərəfdaşdır. İmzalanan Memorandum enerji tərəfdaşlığımızı daha da gücləndirəcək.
Göründüyü kimi, ölkəmizin imkanları, beynəlxalq nüfuzu da artır. İmzalanan hər bir sənəd əməkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsində stimulverici amildir.