Peru televiziyasında Ermənistanın müharibə cinayətləri haqda danışılıb
- 30-10-2020, 10:04
- Dünya
- 0
- 241
Perunun nüfuzlu “ATV” telekanalında Azərbaycanın səfiri Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın törətdiyi müharibə cinayətləri haqda müsahibəsi efirə gedib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, müsahibədə səfir ölkəmizin Dağlıq Qarabağ və 7 ətraf rayonla birlikdə beynəlxalq ictimaiyyətin Peru da daxil olmaqla, bütün üzvləri tərəfindən tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxındır işğal edildiyini və burada yaşayan 1 milyona yaxın soydaşımızın etnik təmizləməyə məruz qoyulduğunu bildirib.
Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını və məcburi köçkünlərin geri qaytarılmasını tələb etdiyini deyən diplomat Ermənistanın bu sənədlərin tələblərinə məhəl qoymadığını, Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da qeyri-konstruktiv mövqe tutduğunu və işğal faktını gücləndirməyə çalışdığını qeyd edib.
Təmsilçimiz Ermənistanın son 2 ildəki təxribat xarakterli addımlarının davamlı olaraq 27 sentyabrdan etibarən ölkəmizə qarşı növbəti hərbi təcavüzə cəhd etdiyini, son bir ay ərzində mülki yaşayış məntəqələrini, o cümlədən Tərtər, Mingəçevir, Goranboy, Ağcabədi və sərhədyanı şəhərlərimizi hədəf alması, habelə üç dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini pozaraq, Gəncə və son olaraq Bərdə şəhərinə etdiyi hücumlar nəticəsində çoxlu sayda mülki vətəndaşımızın, o cümlədən qadın və uşaqların həlak olduğunu məlumat verib. Bildirib ki, hazırda Silahlı Qüvvələrimiz mülki vətəndaşların təhlükəsizliyini təmin etmək, işğalda olan ərazilərimizi azad etmək və BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsinə nail olmaq üçün gərəkli əks-əməliyyat tədbirləri görür.
Sonda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində qalmasının bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinə başlıca maneə olduğunu deyən səfir münaqişənin qlobal təhlükəsizlik üçün də təhdid olmaması üçün beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və suverenlik prinsiplərinə sadiq qalaraq səsini ucaltmalı olduğunu, təcavüzkar dövlətdən Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsini və məcburi köçkünlərin evlərinə qaytarılmasını tələb etməli olduğunu söyləyib.