Vardanyanın Bakıda tutulması Paşinyanın da işinə yarayır... - GÖRÜNƏNİ BUDUR...
- 23-09-2024, 14:22
- Dünya
- 0
- 65
Bakıda həbsdə olan milyarder Ruben Vardanyan Ermənistanın baş nazirinin son mətbuat konfransı zamanı ona ünvanladığı bəyanata cavab verib. Bu barədə Ruben Vardanyanın ofisi məlumat yayıb. Ruben Vardanyan ailəsi ilə söhbətində bəyanatla bağlı mövqeyini ictimaiyyətə açıq formatda bölüşməyi xahiş edib.
Erməni milyarder bildirib ki, əgər baş nazirin onunla bağlı hər hansı sualı olubsa, 2022-ci ilin noyabrında Vardanyan qondarma “dövlət naziri” vəzifəsini icra etdiyi zaman ona müraciət edərdi: “İstənilən halda mən indi də onun istənilən sualına cavab verməyə hazıram”.
Vardanyan bildirib ki, 2018-ci ilin yazında 4 nəfərlə birgə Paşinyanla ilk dəfə görüşəndə ona deyib ki, 3 prinsipinə həmişə sadiq olacaq: “Mən və tərəfdaşlarım Ermənistan siyasətinə qarışmaq istəmirik və etməyəcəyik.
Biz Ermənistan hakimiyyəti ilə münasibətimizdən asılı olmayaraq xeyriyyə işləri görürük”.
Vardanyan deyib ki, onun yanaşmasını dəyişə biləcək yeganə məsələ Qarabağın taleyidir.
“2020-ci il hadisələri mənim üçün dönüş nöqtəsi oldu, mən bunu həmişə açıq və ardıcıl şəkildə bildirdim”.
Vardanyan qeyd edib ki, fikir ayrılıqlarına baxmayaraq, sülh və işıqlı gələcək qura biləcəklərinə inanır.
Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb Bakıya gətiriləndən sonra Vardanyanın missiyası iflasa uğramışdı. Lakin son vaxtlar onun adının erməni cəmiyyətində tez-tez hallandırılması Paşinyanı narahat etməyə başlayıb.
Erməni ekspertləri tərəfindən Rusiya və onun Ermənistandakı 5-ci kalonunun payızda baş nazirə qarşı Vardanyan kartından istifadə edəcəyinə dair fikirlər səsləndirilir. Ehtimal edilir ki, xunta rejiminin əsas nümayəndələri hesab olunan Robert Koçaryan, Serj Sarkisyandan Paşinyanı devirmək üçün istifadə etməyin artıq mümkün olmadığını dərk edən Qarabağ erməniləri bu dəfə son ümid kimi Vardanyandan istifadə etməyi qərara alıblar. Görünür, Ermənistan Baş naziri Paşinyanın son günlər ciddi narahatlıq keçirərək davranışını tamamilə dəyişməsi də qarşıdakı illərdə onu gözləyən təhlükənin miqyasının böyüklüyündən xəbər verir.
Siyasi şərhçi Elçin Xalidbəyli isə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və erməni milyarder Ruben Vardanyan arasındakı qarşıdurma şəxsi maraqlardan və bu iki şəxsin siyasi hədəflərindən qaynaqlanır:
“Vaxtı ilə Ruben Vardanyan Azərbaycanın Qarabağ bölgəsinə Rusiya tərəfindən göndərilmişdi. Qarabağ ermənilərinə rəhbərlik edən bu şəxs Azərbaycan ərazilərində təxribat törətməklə məşğul idi. Rusiyanın təxribat emisarı rolunu oynayan Vardanyan Qarabağda nüfuz qazandıqdan sonra ondan Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün istfadə ediləcəyinə dair fikirlər səsləndirilirdi. Böyük ehtimalla Ermənistanın Baş naziri Nikol Paşinyan da Rusiyanın Vardanyanla bağlı planlarından xəbərdar idi. Onun Vardanyana qarşı münasibəti, onun barəsindəki açıqlamaları da onu göstərir ki, baş nazir erməni milyarderin Azərbaycanda həbsdə saxlanılmasından olduqca məmnundur. Lakin buna paralel olaraq da Vardanyana qarşı olan kinini gizlətmədən ondan intiqam almaq istəyini büruzə verir”.
E.Xalidbəylinin sözlərinə görə, Paşinyanla Vardanyanın siyasi maraqları toqquşsa da, hələlik onların siyasi meydanda üz-üzə gəlmək imkanları məhduddur. 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlaşan Paşinyanın başı hələlik baş nazir postunu qorumağa qarışıb. Azərbaycanda saxlanılan Ruben Vardanyanın gələcək taleyi isə müəmmalıdır.