Rus kəşfiyyatının "qanlı çevriliş" planı barədə iddiaları: ABŞ "Gürcü arzusu"nu necə yox etmək istəyir
- 11-07-2024, 09:16
- Dünya
- 0
- 47
Gürcüstanın həm də Fransa vətəndaşı olan prezidenti Salome Zurabişvili məhz rus kəşfiyyatının iddia etdiyi məzmunda açıqlamalar verməyə artıq başlayıb... ABŞ-ın təkzib üçün ciddi arqumentlər tapmaq əvəzinə susması, gürcü prezidentin ittihamları müəyyən mənada, rus kəşfiyyatının iddialarına dolayısı da olsa, inandırıcı görüntülər verir...
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələyə keçid sürətlə yaxınlaşır. Belə ki, ABŞ və Qərb ilk mərhələdə Ermənistanın Rusiya ilə münasibətlərinin korlanmasına artıq nail olub. Hazırda rəsmi İrəvan Kremlə xəyanət etməkdə davam edir və Ermənistanın Qərb üçün Rusiyaya qarşı regional alət rolundan tamamilə məmnundur. Və bu baxımdan, Ermənistanın gələcək taleyinin necə olacağı yəqin ki, hələ müəyyən müddət ərzində müəmmalı olaraq, qalacaq.
Ancaq son proseslər onu göstərir ki, ABŞ və Qərb üçün yalnız Ermənistan yetərli deyil. Ona görə də, hazırda Gürcüstan da açıq hədəfə çıxarılıb. ABŞ və Qərbin rəsmi Tiflisə hazırda əsas iradı isə "xarici agentlər" barədə qanunun qəbulu və LGBT-nin Gürcüstanda qadağan edilməsi ilə birbaşa bağlıdır. Çünki ABŞ və Qərbin yalnız Gürcüstanda deyil, ümumiyyətlə, MDB məkanında əsas sosial bazası "qrant aventurası"na daxil olan şəxslər və LGBT təmsilçiləridir. Və bu səbəbdən də, rəsmi Tiflisə təzyiq mexanizmlərini qorumaq üçün Qərb bu iki qeyri-milli kateqoriyanın toxunulmazlığını təmin etməyə çalışır.
Təbii ki, rəsmi Tiflis buna qətiyyətlə və prinsipial şəkildə müqavimət göstərir. Nəticədə Gürcüstan ABŞ və Qərbin ardıcıl sanksiyalarına məruz qalmağa başlayıb. Belə ki, ABŞ Gürcüstanla siyasi-diplomatik münasibətlərinə yenidən baxmaq qərarına gəlib. Hətta bu iki ölkə arasında münasibətlər korlanmaq həddinə çatıb. Ağ Ev Gürcüstana hərbi təyinatlı maliyyə yardımlarını dayandırıb. Və rəsmi Tiflisə qarşı daha sərt addımların atılacağını da qətiyyən gizlətmir.
Digər tərəfdən, Almaniya da Gürcüstana münasibətdə ABŞ-ın mövqeyini eynilə təkrarlamaq qərarı verib. Rəsmi Berlin Gürcüstan qarşısında maliyyə-iqtisadi öhdəliklərinin hamısından imtina edib. Eyni zamanda, Almaniya ordusunun Gürcüstan hərbçilərinə təlim keçməyəcəyini də bəyanlayıb. Və bu, indiki situasiyada Gürcüstana Qərbdən vurula biləcək ən ağır zərbələrin yalnız başlanğıcı hesab olunur.
Məsələ ondadır ki, Avropa Birliyi də Gürcüstan ilə bütün əlaqələrini kəsdiyini vurğulayıb. Belə ki, Avropa Birliyi Gürcüstan ordusuna hər il ayrılan 30 milyon avro məbləğində maliyyə dəstəyini geri çəkib. Eyni zamanda, Gürcüstanın Avropa Birliyinə üzvlük prosesi qeyri-müəyyən müddətə, hətta böyük ehtimalla həmişəlik dayandırılıb. Və rəsmi Tiflis məlum iki hüquqi sənədi ləğv etməyəcəyi təqdirdə, Avropa Birliyinin sanksiyalarının daha da sərtləşdirilə biləcəyi də qətiyyən istisna olunmur.
Maraqlıdır ki, rəsmi Tiflis ABŞ və Qərbin təzyiqləri qarşısında heç bir halda, geri çəkilməyəcəyini, Gürcüstanın müstəqilliyini və suverenliyini sona qədər müdafiə edəcəyini vurğulayıb. Gürcüstanın siyasi dairələri bu ölkənin müstəqilliyi üçün ağır dəyər ödəndiyini qabardır. Və Gürcüstanın Qərbdən gələn təlimatları icra edən regional müstəmləkəyə çevrilməsinə imkan verilməyəcəyini bəyanlayır.
Göründüyü kimi, rəsmi Tiflis açıq-aşkar ABŞ və Qərbi Gürcüstana münasibətdə müstəmləkəçilik siyasəti yürütmək də suçlayır. ABŞ və Avropa Birliyinin kobud şəkildə Gürcüstanın daxili işlərinə qarışmağa cəhd göstərdiyini nəzərə aldıqda, rəsmi Tiflis tamamilə haqlı görünür. Halbuki, Qərbin Gürcüstandan belə asanlıqla, əl çəkəcəyini düşünmək də sadəlövhlük olardı. Və bu baxımdan, Gürcüstana qarşı müəyyən cəza ssenarilərinin işə salınacağı da qətiyyən şübhə doğurmur.
Maraqlıdır ki, Rusiya kəşfiyyatı artıq bu barədə Gürcüstanın hakim dairələrini xəbərdar edib. Belə ki, Rusiya xarici kəşfiyyat xidməti ABŞ-ın Gürcüstanda dövlət çevrilişinə hazırlıq apardığı barədə məlumat yayıb. Ağ Ev təmsilçiləri tez-tələsik bu iddianı təkzib etməyə çalışsa da, Rusiya kəşfiyyatı ABŞ-ın Gürcüstanda dövlət çevrilişi planının detallarını da açıqlayıb. Və yalnız bundan sonra Ağ Ev ifşa edilmiş duruma düşdüyündən susqunluğa üstünlük vermək məcburiyyətində qalıb.
Rusiya xarici kəşfiyyat xidmətinin yaydığı məlumata görə isə ABŞ-ın Gürcüstanda dövlət çevrilişi planı olduqca təhlükəli məzmun daşıyır. Rusiya kəşfiyyatı bu planın artıq işə salındığını və Gürcüstanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində isə həlledici mərhələyə start veriləcək. Ona qədər isə Bayden adminstrasiyası Gürcüstanda hakimiyyətdə olan "Gürcü arzusu" Partiyasına qarşı genişmiqyaslı qaralama kampaniyası hazırlayıb. Rus kəşfiyyatı iddia edir ki, Ağ Ev Gürcüstana qarşı daha ağır yeni sanksiyalarla yanaşı, Ermənistanda sınaqdan çıxartdığı proporsiyada tezislərindən də istifadə edəcək. Yəni, Gürcüstanın bütün problemləri məhz Rusiya ilə əlaqələndiriləcək.
Digər tərəfdən, iddia edilir ki, "Gürcü arzusu" Partiyasına qarşı əsas ittihamlarda Gürcüstanın Avropa Birliyindən məqsədyönlü şəkildə uzaqlaşdırmağa cəhd göstərildiyi barədə tezislər ön plana çəkiləcək. Hakim partiyaya yönəlik qaralama kampaniyasında Gürcüstanın həm də Fransa vətəndaşı olan prezidenti Salome Zurabişviliyə xüsusi rol ayrıldığı da bildirilir.
Yəni, plana görə, Salome Zurabişvili ABŞ mətbuatına Gürcüstanın Avropa Birliyi ilə münasibətlərinin korlanmasına və bu quruma üzvlük prosesinin dayandırılmasına görə bütün məsuliyyəti "Gürcü arzusu"nun üzərinə yükləyən müsahibə verməlidir. Həmin müsahibədə Gürcüstanın Rusiya ilə yaxınlaşmasının törədəcəyi fəlakətlər barədə ölkə əhalisinə xəbərdarlıq etməlidir. Və bununla da Gürcüstanda qarşıdurma mühitinin yaradılmasına start verilməlidir.
Belə anlaşılır ki, ABŞ Gürcüstan prezidenti vasitəsilə yerli müxalifətin növbəti dəfə "rəngli inqilab" törətməsinə siyasi-ideoloji hazırlıq aparmaq niyyətindədir. Rus kəşfiyyatının məlumatına görə, amerikalı kuratorlar yerli müxalifət qüvvələrinə birləşməyi və sərt mübarizəyə hazır olmaq təlimatı veriblər. Həmin məlumatda qeyd olunur ki, yerli müxalifət küçə iğtişaşlarına nail olmağa çalışmalıdır. Və küçə toqquşmalarında "qanlı hadisələrin qurbanları" da olmalıdır ki, Gürcüstan hakimiyyətinə qarşı əhalinin nifrəti, qəzəbi təmin edilsin.
Rusiya kəşfiyyatı onu da iddia edir ki, Gürcüstanda dövlət çevrilişi Ukraynadakı "Maydan" hadisələrini təkrarlamalıdır. Yəni, Gürcüstanda da "Maydan" hadisələrində olduğu kimi, xüsusi snayperlərin açacağı atəş nəticəsində yüzlərlə insanın həlak olması planlaşdırılır. Bu isə o deməkdir ki, Gürcüstanda qanlı dövlət çevrilişi planlaşdırılır. Və bu iddialarda Rusiya kəşfiyyatının nə qədər haqlı olduğu isə yaxın bir neçə ay ərzində məlum olmağa başlayacaq.
Hələlik isə rus kəşfiyyatının yaydığı məlumatın yalan olmayacağını sezdirən iki önəmli məqam mövcuddur. Belə ki, Ağ Ev rəsmilərinin bu məlumatı əvvəlcə xüsusi çaşqınlıq içərisində tez-tələsik təkzib etməyə çalışaraq, sonra dərhal susqun qalması kifayət qədər şübhəli görünür. Çünki adətən, ABŞ rəsmi dairələri belə iddialara reaksiya verərkən, onu təkzib etməklə yanaşı, həm də faktlar, sübutlar və arqumentlər gətirirlər. Bu dəfə isə təkzibin ardınca rus kəşfiyyatını yalanlayacaq arqumentlərin əvəzində sadəcə, susqunluq hökm sürür.
Digər tərəfdən, Gürcüstan prezidenti Salome Zurabişvili məhz rus kəşfiyyatının iddia etdiyi məzmunda açıqlamalar verməyə artıq başlayıb. Belə ki, Gürcüstan prezidenti hakimiyyətdə olan "Gürcü arzusu" Partiyasının Avropa Birliyi ilə münasibətləri korlamaqla, ölkənin bu quruma üzvlüyünü bloklayan addımlar atmaqla, siyasi cinayət törətdiyini bəyan edib. O, bildirib ki, Gürcüstan hökuməti ölkəni sürətlə Rusiyanın orbitinə yaxınlaşdırır və bu, tezliklə böyük fəlakətlərə yol aça bilər. Və Gürcüstan prezidentinin bu açıqlamaları müəyyən mənada, rus kəşfiyyatının iddialarına dolayısı da olsa, inandırıcı görüntülər verir.(Yeni Müsavat)