Rusiya münaqişənin həllində nəyə görə maraqlıdır? - AÇIQLAMA
- 7-12-2021, 10:56
- Dünya
- 0
- 169
“Hesab edirəm ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşlərinin keçirilməsi təbiidir. Belə görüşlər keçirilməlidir. Münaqişənin həllində üç tərəf var. Qalib tərəf kimi Azərbaycanın mövqeyi aydın və qətidir.
Məsələnin həllində ikinci tərəf kimi Rusiya çıxış edir və problemin həlli üçün böyük can fəşanlıq göstərir. Rusiya hər vəchlə məsələnin həllinə çalışır”.
Bunu açıqlamasında Milli Məclisin Sədr müavini Fəzail İbrahimli Ermənistan-Azərbaycan münaqişəsinin həllində yaranmış son durumu və 15 dekabrda Brüsseldə keçiriləcək danışıqlar prosesini şərh edərkən deyib.
O, Rusiyanın münaqişənin həllində maraqlı olmasının səbəbi barədə fikirlərini bildirib:
“Rusiya problemin həllində Azərbaycan qədər maraqlıdır. Ona görə yox ki, Azərbaycanın haqq-ədalət mövqeyini dəstəkləyir. Rusiya istəyir ki, başlatdığı prosesi uğurla başa çatdırsın və Qafqaz bölgəsində öz nüfuzunu qoruyub-saxlasın, nüfuzuna xələl gəlməsin. O baxımdan Rusiya bu məsələdə sonadək tutduğu bu mövqedə qalacaq və mən buna əminəm”, - o qeyd edib.
Vitse-spiker əlavə edib ki, Rusiya həm bölgədə, həm də beynəlxalq arenada mövqeyinin zəifləməməsi üçün əlindən gələni edəcək: “Rusiya Ermənistan-Azərbaycan münaqişəsini həll edə bilməzsə, nüfuzunə xələl gələcək. Mövqeyi zəifləyəcək. Görünən odur ki Rusiyanın forpostu olan Ermənistan indi Moskvanın tələblərini yerinə yetirməyib, ondan üz döndərməyə başlayıb. Bu isə Moskvanın heç də xoşuna gəlmir”.
15 dekbarda Brüsseldə keçiriləcək görüşlərə gəldikdə millət vəkili deyib ki, hər bir görüşün məsələnin həlli istiqamətdə müəyyən əhəmiyyəti var və bu görüşlər olmalıdır: “Əminəm ki, bu cür görüşlər məsələnin həllinə rəvac verəcək və Ermənistan da nəhayətində başa düşəcək ki, onun Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolu yoxdur. Bir misal da var deyərlər: qananı sözlə, qanmayanı güclə. Əgər Ermənistan sözlə başa düşməyəcəksə, məsələ güclə həllini tapacaq. Çünki istənilən halda Azərbaycanın irəli sürdüyü şərtlər həllini tapmalıdır”.