Главная > Cəmiyyət > “Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla”
“Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla”7-08-2020, 15:39. Разместил: admin |
06.08.2020-ci il tarixində “Zoom” platforması üzərindən “Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla” layihəsinin açılış mərasimi keçirilib. İlk olaraq açılış nitqi ilə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova layihədə iştirak hüququ qazanan gənclərə uğurlar arzulayaraq dünyanı ağuşuna alan koronovirus (COVİD -19) infeksiyası ilə mübarizə çərçivəsində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı sosial layihələr və maarifləndirmə işlərində gənc könüllülərin uğurlu iştirakından söz açıb. Daha sonra çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həşimova pandemiya şəraitində həyata keçirilən bu kimi layihələrin gənclərin şəxsi inkişafında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Sonda Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev xüsusi təqdimatla çıxış edərək “Gənclərin Onlayn Yay Məktəbi-Özünlə başla” layihəsi barədə iştirakçılara ətraflı məlumat verib və gəncləri maraqlandıran sualları cavablandırıb. “Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla” layihəsinin keçirilməsində məqsəd - gənclərin asudə vaxtlarının və yay tətilinin səmərəli təşkili, gənclərin sosial və fərdi inkişafına təkan vermək, gənclərdə sosial və fərdi bacarıqların üzə çıxarılmasıdır. Vurğulamaq istərdik ki, “Gənclərin Onlayn Yay Məktəbi – Özünlə başla” –Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər evi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Azərkitab-Kitab Mərkəzinin tərəfdaşlığı ilə “12 avqust-Beynəlxalq Gənclər günü” münasibətilə keçirilir. Layihə ümumi olaraq 7 gün (6-12 avqust) ərzində qeydiyyatdan keçmiş 400 gənc və özünü gənc hiss edənlər arasından seçilən 150-dən çox gəncin iştirakı ilə “Zoom” platforması üzərindən keçiriləcək. Onlayn Yay Məktəbi vətənpərvərlik, sağlam həyat tərzi, sosial və fərdi inkişaf, intellektual düşünmə qabiliyyəti, müasir və yeni bacarıqların inkişafı, asudə vaxtın səmərəli təşkili istiqamətlərində gündəlik təlim, görüş, vebinar, intellektual oyun və əyləncəli fəaliyyətlərin təşkili ilə baş tutacaq. Вернуться назад |