Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentə MÜRACİƏT ETDİ - FOTO
- 28-09-2021, 11:28
- Cəmiyyət
- 0
- 263
Koronavirusa yoluxmuş tanınmış jurnalist Elnur Əşrəfoğlunun anası Zöhrə Hüseynova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.
Müraciətdə deyilir:
“Çox hörmətli, Mehriban xanım!
Oğlum - Azərbaycanın tanınmış jurnalisti və teleşərhçisi, 25 ilə yaxın televiziyada çalışmış, Azərbaycan Olimpiya Hərəkatının, idman ailəsinin uğurlarını daim təbliğ etmiş Şükürov Elnur Əşrəf oğlu hazırda ağır xəstədir. 2021-ci il sentyabrın 2-də koronavirus infeksiyasına yoluxan oğlumun vəziyyəti ağırlaşdığından ayın 9-da o, müalicə üçün "Yeni Klinika"ya yerləşdirilmişdir.
Lakin həkimlərin bütün diqqət və qayğısına, Elnuru həyata qaytarmaq üçün etdikləri cəhdlərə baxmayaraq övladımın vəziyyətində irəliləyiş olmamış, əksinə, sentyabrın 19-da koma vəziyyətinə düşmüşdür. Hazırda övladıma həyatda qalması üçün EKMO aparatı vasitəsilə dəstək verilir. Elnurun bir böyrəyi 10 il əvvəl ağır xəstəlik səbəbindən götürüldüyündən hazırki durumda oğlumun səhhəti üçün əlavə problem yaradıb.
Əziz Mehriban xanım!
Bir ana olaraq, Sizə son ümid işığım kimi müraciət edirəm: Xahiş edirəm, övladımın müalicəsini öz diqqət və nəzarətinizə götürəsiniz. Bizim ailə üçün, Elnurun 2 azyaşlı övladı üçün son dərəcə kritik bu məqamda ümidimiz göydə Allaha, yerdə Sizin şəfqət və mərhəmətinizədir”.