Rəşid Piriyev: Zəfər yolunda: yeni zirvələrə doğru
- 2-01-2024, 11:41
- Cəmiyyət
- 0
- 188
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev - Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində mühüm məqamlara toxundu, zəruri mesajlar verdi. Dövlət başçısı qeyd etdi ki, “2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir”.
Ardıcıl nailiyyətlər, yeni perspektivlər
“Heydər Əliyev İli” olaraq möhtəşəm nailiyyətlərlə dövlətçilik tariximizə əbədi həkk olunan 2023-cü il ölkəmizin qarşısında yeni perspektivlərin açılması ilə əlamətdar oldu. Ötən il həm daxili arenada, həm də beynəlxalq müstəvidə görülən işlər - siyasi, iqtisadi, diplomatik nailiyyətlər əsas hədəfə - qalib Azərbaycanın milli gücünün və nüfuzunun artmasına, tarixi Zəfərin möhkəmləndirilməsinə - daimi prosesə çevrilməsinə xidmət etməklə real nəticələr verdi.
Geostrateji iradənin real nəticəsi...
Prezident İlham Əliyevin milli maraqlara əsaslanan praqmatik strateji kursu sayəsində Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmləndi. Həm regionda, həm də dünya miqyasında ikitərəfli və çoxşaxəli münasibətlərin dərinləşdirilməsi Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verdi, ölkəmizə yönəlik neqativ geosiyasi həmlələr məharətlə neytrallaşdırıldı.
Eyni zamanda, respublikamızın iqtisadi gücünün, siyasi təsir imkanlarının artırılması tarixi Zəfərin möhkəmləndirilməsi baxımından çox böyük əhəmiyyətə malik oldu. Xüsusilə də, yeni reallıqların dünyada qəbul etdirilməsi Azərbaycanın geostrateji iradəsinin və milli gücünün nəticəsi kimi həm xüsusi nailiyyət, həm də böyük üstünlükdür. Dövlət başçısının qeyd etdiyi kimi, “bizim beynəlxalq nüfuzumuz gündən-günə artır”.
2023 - Zəfər təqvimində dövlət suverenliyinin bərpası ili
Azərbaycanın regional və qlobal müstəvidə geosiyasi imkanlarının artmasında, şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının müstəsna rolu var.
44 günlük müharibədə qələbə qazanaraq yeni gerçəkliklər yaradan - Qafqazın geostrateji arxitekturasını yenidən dizayn edən, BMT-nin müvafiq qətnamələrinin icrasına öz hərbi-siyasi resursları vasitəsilə nail olan Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi.
Bu xüsusda ən vacib məqam 2023-cü ilin Azərbaycanın Zəfər təqviminə dövlət suverenliyinin bərpası ili kimi həkk olunmasıdır. Bu, xalqımızın yaddaşında və dünyanın siyasi tarixində əbədi qalacaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi”.
Zəfər marafonunun finalı
Hərbi təxribatlar və siyasi sabotajları davam etdirən Ermənistannın illeqal fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Zəfər marafonunun Laçın qələbəsi idi.
44 günlük Vətən müharibəsinin şanlı Qələbə ilə başa çatması və 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyünün tam bərpası - Şuşada son nöqtənin, Xankəndində isə Zəfər nidasının qoyulması müstəqillik zirvəsində suverenliyin bərqərar olunması ilə əlamətdardır. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi: “2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir”.
Laçın-Xankəndi yolunda nəzarətin təmin edilməsi, ardınca əzəli və əbədi Qarabağımızda lokal antiterror tədbirləri vasitəsilə konstitusiya quruluşunun bərpası ilə geniş geosiyasi arealda - Cənubi Qafqazda, Qafqazda və postsovet məkanında separatizmin məhv edilməsi təcrübəsi yaradıldı. 30 ilə yaxın müddətdə BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməklə nadir presedent formalaşdıran Azərbaycan daha bir nümunə yaratdı. Bu, postsovet məkanında separatizmin birdəfəlik məhvinə ilk dəfə məhz ölkəmizin ərazisində müvəffəq olunmasıdır. Azərbaycan Prezidentinin bildirdiyi kimi: “Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz”.
Haqq yolunda...
Əvvəl bizə "sülhə alternativ yol yoxdur" deyərək 30 illik hərbi-siyasi əsarətə söykənən status-kvonu saxlamağa çalışırdılar. Hərb yolunu istisna etməyən Azərbaycan öz milli gücü ilə - döyüş meydanında ədaləti bərpa etdi. Bizi növbəti qələbələrə aparan Zəfər yolunu inşa etdik - Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmaqla və Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngəli Bayrağımızın dalğalanmasına – konstitusiya quruluşunun bərpasına nail olmaqla.
Zəfər yolu Azərbaycanın çoxəsrlik və müasir dövlətçilik marşrutu, Türk dünyasının istiqlal, istiqrar və istiqbal xəttidir. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi: "Heç kim bizi yolumuzdan döndərə bilməz". Çünki haqq yolundayıq! 2500 il əvvəl qədim Çin filosofu Lao Tszının ifadə etdiyi "Min millik yol bir addımla başlayır" fikrini XXI əsrin üçüncü onilliyində təsdiq etmişik!
İrəvan alternativ şansı, himayədarlarının isə imkanı yoxdur
Hərb meydanında qalib gələn Azərbaycanın diplomatik müstəvidə strateji gedişləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır. Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar, çağırışlar meydana çıxır. Bu, bölgədə bütün dövlətlər üçün faydalı və perspektivlidir. Müharibədə məğlub olan Ermənistan üçün də...
Ermənistan, əslində, bir daha heç vaxt əldə edə bilməyəcəyi tarixi şansdan, real fürsətdən və praqmatik seçim qarşısındadır. Əlbəttə, Azərbaycanın qarşısında ağır hərbi məğlubiyyətə düçar olmaq uzun illər yalanlarla silahlanmış, miflərlə yaşamış, ziddiyyətdən qidalanmış (və zəhərlənmiş) bu ölkə tərəfindən məyusluqla qarşılanır, faciə kimi qəbul edilir. Amma əslində, Azərbaycanın yaratdığı reallıq - yeni geosiyasi şərait Ermənistanın xilas yoludur, onun üçün siyasi nəfəslikdir.
Tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. İndi regionda yeni tarix yazılır - Azərbaycanın müəllifliyi ilə. Bu günün tarixində yer almaq dünənin siyasətindən düzgün nəticə çıxarmaqdan asılıdır. Nəzərə almalıdırlar ki, Ermənistanın, bir zamanlar güvəndiyi (və hələ də sığınmağa, yarınmağa çalışdığı) qüvvələrin bu gün regional proseslərə təsir etmək və bölgədə geostrateji reallıqları dəyişdirmək imkanı yoxdur. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin”.
Böyük Qayıdış: tarixi Qələbə strateji prosesə çevrilib
Prezident İlham Əliyev bəhs olunan müraciəti zamanı Böyük Qayıdış məsələsinə də diqqəti cəlb etdi. Dövlət başçısı bildirdi ki, “Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir”.
Böyük Qayıdış tarixi Qələbənin strateji prosesə çevrilməsini təmin edən çox mühüm amillərdən biridir. 2023-ci ildə qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda inamla addımladıq. Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri, Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına əbədi həkk olundu. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Zəfər yürüşümüzün davam etdiyini göstərdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ 2020-ci ildə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağını ucaldaraq xalqımızın, dövlətimizin ən yüksək zirvələri fəth etdiyini bir daha bütün dünyaya nümayiş etdirmiş, “Biz qayıtmışıq. Düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq. Bir müddət sonra bu bölgəyə həyat tam qayıdacaq, İnşallah”, - deyə qətiyyətlə vurğulamaqla Azərbaycanın iradəsini, prinsipial mövqeyini, gələcəyə aydın - strateji baxışını ifadə etmişdi. 2023-cü ildə də bu istiqamətdə işlər ardıcıl olaraq davam etdirildi. Budur, bölgəyə həyat qayıdır, Qarabağa, Şərqi Zəngəzura yeni həyat bəxş edən, yeni nəfəs verən addımlar atılır. Ermənilərin işğalçı siyasəti nəticəsində dağıdılmış yaşayış məntəqələrinin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpası milli gücümüzün təsdiqi və nümayişidir.
Tarixin mühüm anında...
Hərbi müstəvidə qazanılmış Qələbəni diplomatik-siyasi arenada və quruculuq meydanında möhkəmləndirmək, iqtisadi gücümüzü, ictimai immunitetimizi artırmaq, siyasi üstünlüyümüzü və beynəlxalq mövqeyimizi gücləndirmək üçün davamlı işlər görməliyik və görürük. Bir sözlə, davam edirik - nə yol, nə də mübarizə bitib...
Paralel olaraq Cənubi Qafqazda etimad quruculuğu – Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması diqqət mərkəzindədir, danışıqlar aparılır - təmaslar davam edir. Bütün bunlar, ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısı İlham Əliyevə göndərdiyi məktubda ifadə edildiyi kimi, “tarixin mühüm anı”nda baş verir. Və taleyüklü məsələlər həll olunur. Ona görə də indi milli həmrəylik, siyasi birlik nümayiş etdirməyə, dövlətin maraqlarını qorumağa hər zamankından daha çox zərurət və əşəddü-ehtiyac var. Bu, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin ümdə vəzifəsi, vətəndaşlıq borcudur. Müzəffər Liderimizin ifadə etdiyi kimi: “Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”.