Müşfiq Hüseynov: 31 il Yeni Azərbaycan Partiyasının keçdiyi keşməkeşli və şərəfli yolun təqdimatıdır
- 22-11-2023, 11:16
- Cəmiyyət
- 0
- 126
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov - Yeni Azərbaycan Partiyasının yaradılmasından bizləri ayıran 31 illik zaman partiyanın monolitliyinin, sözlə əməl birliyinin, tutduğu yola sadiqliyinin təqdimatıdır. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ümummilli Liderdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Həmçinin, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Yeni Azərbaycan Partiyasının bu gün sıralarında 800 minə yaxın üzv birləşib. Bugünümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında əksini tapan arzu və istəklərinin təsdiqidir. Ümummilli Lider xalqın böyük əksəriyyətinin istəyini ifadə edən “91-lər”in “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında bildirmişdir: “Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.”
Dahi şəxsiyyət Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi görmək istəyini də açıqladı və bu tezis partiyanın fəaliyyətinin bələdçisinə çevrildi. YAP dünya təcrübəsində analoqu olmayan bu mühüm uğura da imza atdı ki, yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirir, 31 illik tarixini qələbələr və uğurlarla zənginləşdirərək bu gün dünyaya səs salan tarixi Zəfərimizdə töhfələrinin olmasından qürur hissi keçirir. Hər zaman qarşıdakı dövr üçün hədəflərini açıqlayarkən Yeni Azərbaycan Partiyası bu mühüm vəzifəni qarşısına qoydu ki, Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliğinə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin və söz sahibliyinin möhkəmləndirilməsinə töhfələr versin. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, soydaşlarımızın torpaq həsrətinə son qoyulması əsas hədəflərdən biri idi.
Bu gün Yeni Azərbaycan Partiyası yaradılmasının 31 illiyini Zəfər ruhunda, işğaldan azad edilmiş ərazilərimizdə qalibiyyətimizin rəmzi olan üçrəngli bayrağımızın dalğalandığı, genişmiqyaslı bərpa-quruculuq işlərinin vüsət aldığı, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrildiyi bir zamanda qeyd edir. Bu gün Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalanır. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi Ulu Öndər Heydər Əliyevin əsas amalı idi.
Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə və Yeni Azərbaycan Partiyasına böyük inamını ifadə edərək axıra çatdıra bilmədiyi işləri xalqın dəstəyi ilə Prezident İlham Əliyevin axıra çatdıra biləcəyini bildirdi. Son 20 ilin uğurları bu inamın təsdiqidir. Ümumilikdə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra başlanan inkişaf yolu bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının 31 illik tarixi bu yolun uğurlarının təqdimatıdır. Partiyanın VII qurultayında dövlət başçısı, YAP Sədri İlham Əliyev böyük qürur hissi ilə bildirmişdir: “Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq.”