Eldar Quliyev: “Zəngin təbii ehtiyatları və əlverişli geostrateji mövqeyi ilə hər zaman Qərbin diqqətini cəlb edən Cənubi Qafqazda güclü və müstəqil Azərbaycanın mövcudluğu xarici qüvvələrin məkrli planlarını alt-üst edib”
Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda elan olunmuş “Heydər Əliyev İli” ölkəmizin daha bir neçə parlaq Qələbəsi ilə əlamətdar oldu. İlk növbədə Azərbaycan öz legitim hüququndan istifadə edərək 23 aprel 2023-cü il tarixində Ermənistanla sərhəddə, Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsini qurdu. Müqəddəs üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı və bununla da Azərbaycan öz sərhədlərinin bütövlüyünü təmin etdi. Heç şübhəsiz bu, ölkəmizin növbəti möhtəşəm siyasi Qələbəsi idi. Lakin Ermənistanın davam edən təxribatçılıq və düşmənçilik siyasəti Azərbaycan dövlətini Qarabağ bölgəsində özünün konstitusiya quruluşunu bərpa etmək üçün növbəti əməli addımlar atmaq məcburiyyətində qoyurdu. Nəhayət 19 sentyabr tarixində keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanın silahlı qüvvələrinin Qarabağ bölgəsində qalan birləşmələrinin tərk-silah olunaraq ölkə ərazisindən çıxarılmasına, eləcə də Xankəndidə yaradılmış qondarma separatçı rejimin və onun qanunsuz silahlı bölmələrinin buraxılmasına nail oldu. Son üç il ərzində rəsmi İrəvan 10 noyabr 2020-ci il tarixində imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən boyun qaçırmaqla, ölkəmizə qarşı siyasi təxribatlar və qanlı diversiyalar törətməklə, insanlıq əleyhinə cinayət kimi qiymətləndirilən mina terroru siyasətini davamlı şəkildə həyata keçirməklə Azərbaycanı növbəti dəfə öz gücünü göstərməyə məcbur etdi.
Təbii ki, bütün bu hadisələrin fonunda Azərbaycanın iqtisadi inkişaf yolu ilə uğurlu irəliləyişi yüksək dinamika ilə davam edir, ölkəmizin beynəlxalq nüfuzu getdikcə yüksəlir. Azərbaycanın bilavasitə iştirakı ilə regional və qlobal miqyaslarda gedən proseslərin intensivliyi və mütərəqqi dinamikası, Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri və mühüm beynəlxalq tədbirlərdə iştirakı, Azərbaycanın xarici siyasət kursuna dünyada marağın son dərəcə böyüməsi, ölkəmizlə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldıran ölkələrin sayının getdikcə artması suveren respublikamızın artan gücünü nümayiş etdirən amillər kimi çıxış edirlər.
Bugünkü buraxılışımızda yuxarıda toxunduğumuz vacib məsələlər, eləcə də Azərbaycan ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə AİA.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandıracaq.
- Xoş gördük Sizi, Eldar müəllim. Sizinlə bu dəfəki görüşümüz həqiqətən də mühüm tarixi əhəmiyyət kəsb edən hadisələrin fonunda baş verir. Təkcə oxucularımızı deyi, bütün ölkə ictimaiyyətini son dərəcə maraqlandıran məsələlər barədə bizimlə fikirlərinizi bölüşməyə razılıq verdiyiniz üçün Sizə bütün redaksiyamız adından dərin təşəkkürümüzü bildiririk.
- Xoş gününüz olsun. Həqiqətən də Azərbaycan bu il, bütün xalqımız üçün xüsusi önəm kəsb edən Heydər Əliyev İlində sözün əsil mənasında Zəfər yürüşünü davam etdirir. Təbii ki, ölkəmizdə və regionda gedən bu tarixi hadisələr barədə danışmaq, fikir söyləmək mənim üçün də çox xoşdur və inanıram ki, bugünkü söhbətimiz də məzmun baxımından kifayət qədər dolğun və maraqlı olacaq.
- Etiraf edim ki, ilk sualımı son günlər şahidi olduğumuz möhtəşəm tarixi hadisələrlə, Azərbaycanın keçirdiyi antiterror tədbirləri və onun nəticələri ilə bağlamaq istəyirdim. Amma bu da bir danılmaz həqiqətdir ki, bizim bugünkü qələbələrimiz də məhz üç il bundan öncə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərimizin davamıdır. Buna görə də düşünürəm ki, söhbətimizə girişi də elə 27 sentyabr – Anım günü ilə bağlı mövzudan etmək daha ədalətli olar...
- Tamamilə sizinlə razıyam. 2020-ci ilin sentyabr ayının 27-si həqiqətən də Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin şanlı tarixinin ən şərəfli səhifələrinin yazılmağa başlandığı gündür. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si tarixinin Azərbaycanda Anım Günü kimi təsis edilməsi də xüsusi bir anlam kəsb edir. Məsələ bundadır ki, bu gün Azərbaycan üçün sözün əsil mənasında tarixi bir qərarın qəbul edildiyi gündür. Bu gün Azərbaycan xalqının möhtəşəm Zəfər yürüşünə başladığı, bu yolda ilk addımını atdığı gündür. Şəhidlərimiz isə öz qanları bahasına bizi bu yolun sonundakı Zəfərə gətirdilər. Azərbaycan bu yolda çox şəhidlər verdi və xalqımız öz qəhrəman övladlarını qəlbində əbədi olaraq yaşadacq, onların xatirələri əsrlər boyunca hər gün, hər saat anılacaq. Məhz buna görə də möhtərəm cənab Prezidentimiz bu sərəncamla şəhidlərimizin xatirəsinə və eyni zamanda da Vətən müharibəsinin qazilərinə və bütün iştirakçılarına ən yüksək ehtiramı ifadə edib.
- Eldar müəllim, Azərbaycan 30 il səbr etdi, beynəlxalq təşkilatların, dünya güclərinin sülh yolu ilə münaqişənin həllinə nail olacaqlarına, torpaqlarımızın qan tökülmədən geri qaytarılacağına ümid bəslədi, inanmaq istədi. Amma bu gözləntilər özünü doğrultmadı. Sonda yenə də güc amili önə çıxdı. Niyə bu baş verdi?
- Vətən müharibəsinin başladığı günə qədər keçən 30 ilin təcrübəsi göstərdi ki, beynəlxalq hüquq normaları heç də bütün ölkələrə eyni qaydada şamil olunmur. Güclü dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları isə icra etmirlər. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin bütün bu illər ərzində icra olunmaması da bunu bir daha təsdiq etdi. Qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev ən mötəbər beynəlxalq təşkilatlarda etdiyi çıxışlarında bu tendensiyanın ədalətsiz və eyni zamanda təhlükəli olduğunu dəfələrlə vurğulamışdır. Sonda bu da məlum oldu ki, sən demə vasitəçilik missiyasını üzərinə götürmüş bir çox ölkə və beynəlxalq təşkilatların məqsədi heç də münaqişənin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası deyilmiş. Bütün bu qüvvələr sadəcə münaqişənin dondurulmasına, ölkəmizin və xalqımızın işğal faktı ilə barışmasına çalışırmışlar. Lakin Azərbaycan bununla barışa bilməzdi. 2020-ci ilə qədər keçən dövr ərzində Ölkə Prezidenti cənab İlham Əliyev daima deyirdi ki, sülh yolu ilə torpaqlarımız geri qayıtmasa, müharibə yolu ilə biz bu məsələni həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi.
- Amma qarşı tərəf bu xəbərdarlıqların ciddiliyinə inanmadı...
- Bilirsiniz, Ermənistan müstəqil siyasət yürüdə bilən dövlət deyil, de-fakto bu ölkə ümumiyyətlə müstəqil deyil. Cənubi Qafqazda maraqları olan istənilən xarici qüvvə müəyyən şərtlər daxilində Ermənistanın siyasətini istiqamətləndirə bilər. Təbii ki, Aərbaycanla hərbi-siyasi qarşıdurma da həmin qüvvələr tərəfindən yönəldilirdi. Bu gün də o qüvvələr hələ ki, öz niyyətlərindən tam əl çəkməyiblər. Məsələ bundadır ki, zəngin təbii ehtiyatları və əlverişli geostrateji mövqeyi ilə hər zaman Qərbin diqqətini cəlb etmiş Cənubi Qafqazda güclü və müstəqil Azərbaycanın mövcudluğu bu qüvvələrin məkrli planlarına heç çür uyğun gəlmir. Ermənistan isə öz havadarlarının təhrikinə və yalan vədlərinə uyaraq Vətən müharibəsindən xeyli əvvəl ona edilən xəbərdarlıqları düzgün qiymətləndirə bilmədi. Əksinə, ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürdü, regionda hegemonluğunu təsdiq etmək üçün davamlı olaraq terror və diversiya aktları həyata keçirdi, atəşkəs rejimini mütəmadi olaraq kobud şəkildə pozdu. Nəhayət 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini yenidən pozan Ermənistanın işğalçı ordusu bütün cəbhə boyunca Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 44 gün davam edən Vətən Müharibəsi Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı.
- Eldar müəllim, əlbəttə ki, xarici qüvvələrin Ermənistanın siyasətinə müdaxiləsi birmənalıdır və bu gün artıq heç kimdə şübhə doğurmur. Lakin bir həqiqəti də danmaq olmaz ki, ermənilər özləri də Cənubi Qafqazda, Azərbaycan torpaqlarında məskunlaşdıqları ilk gündən xalqımıza qarşı düşmənçilik siyasəti aparıblar. Bu barədə nə deyə bilərsiz?
- Bilirsiniz ki, ermənilər XIX əsrin əvvəllərində çar Rusiyasının siyasətinə uyğun, Rusiya-İran müharibələrinin nəticəsi olaraq Qarabağa köçürülmüşlər. Yəni bu tarixi fakt bir daha təsdiq edir ki, erməni etnosu hər zaman dünya güclərinin əlində marionet rolunu oynayıb. Rus imperiyasının özünün cənub sərhədlərində forpost yaratmaq planları isə, onlara nəhayət ki, öz dövlətlərini yaratmaq şansı verib. Təbii ki, dövlət qurmaq üçün ilk növbədə ərazi tələb olunur. Ermənilərin isə, heç zaman öz torpaqları olmayıb. Buna görə də Cənubi Qafqaza, Azərbaycan ərazilərinə kütləvi köç onlar üçün əsil hədiyyə oldu. Üstəgəl Rusiya bu torpaqlarda erməni dövlətinin yaradılmasını da təmin etdi. Bax elə bundan sonra ermənilərin əsrlər boyu mürgüləyən ambisiyaları oyandı. Sülhsevər, qonaqpərvər azərbaycanlıları sıxışdıraraq bu ərazilərdə özlərinə “böyük Ermənistan” yaratmaq ideyasını həyata keçirmək üçün bu gəlmələr tarixi saxtalaşdırmaqdan tutmuş, yerli əhalinin qətliamına qədər bütün üsullara əl atmağa başladılar. Tarixi torpaqlarımızda məskunlaşdıqları ilk gündən etibarən ermənilər Azərbaycan toponimlərini dəyişməklə, münbit əraziləri ələ keçirməklə və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmaqla məşğul olublar. Zaman keçir, ölkələrin dövlət quruluşu, siyasi sistemlər dəyişir, ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti isə qətiyyən dəyişmirdi. Rusiya inqilabları fonunda erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə qalmışdır. Məhz həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Həmçinin sovet dönəmində də xalqımıza qarşı bu siyasət davam etmişdir. Təkcə 1948-1953-cü illərdə Ermənistandakı tarixi torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə, daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir.
- Sovet imperiyasının süqutu və müttəfiq respublikaların öz müstəqilliklərini elan etməsi də sanki ermənilərin öz işğalçı siyasətlərini artıq yeni formatda davam etdirməklərinə yeni fürsət vermiş oldu. Mənimlə razılaşırsınızmı?
- Tamamilə razıyam. Həmin dönəmdə Azərbaycanın ən böyük bədbəxtliyi, ermənilərin isə ən böyük şansı onda oldu ki, sovet formasiyasının son, müstəqilliyimizin isə ilk illərində ölkə rəhbərliyində Ümummilli Lider Heydər Əliyev olmadı. Məhz bu amil torpaqlarımızın geniş miqyasda işğalına yol açdı. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. 1994-cü ilə qədər xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etdilər. İşğal zamanı yaşayış məntəqələri dağıdıldı, dinc əhali kütləvi şəkildə amansızcasına qətlə yetirildi. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Bundan başqa Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbələr vurmuşdur. Ermənistan uzun illər ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Qeyd etmək lazımdır ki, ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmiş və Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
- Eldar müəllim, düşünmək olardı ki, II Qarabağ savaşının nəticələri Ermənistanın vəziyyətə yeni baxış formalaşdırmasına səbəb olacaq. Amma həmin tarixi gündən, Azərbaycanın qələbəsindən keçən üç il ərzində müşahidə etdiyimiz proseslər bunun tam əksini göstərdi. Ölkəmizə qarşı təxribatlara, diversiyalara son qoyulmadı. Sizcə hadisələrin məhz bu məcrada inkişafında yenə də xarici təhrikçilər əsas rol oynadılar, yoxsa bu artıq rəsmi İrəvanın öz mövqeyi idi?
- Mən az öncə də qeyd etdim, bir daha təkrar edirəm. Ermənistan bu gün nə iqtisadi, nə də siyasi cəhətdən müstəqil dövlət deyil. Bu ölkənin suverenliyi sırf formal xarakter daşıyır. Belə olan halda Ermənistanın hansısa mövqeyindən danışmaq nə dərəcədə düzgündür? Daha doğrusu mövqe var, sadəcə olaraq bu mövqe şahmat lövhəsi üzərindəki fiqurların mövqeyi kimi, bəlli oyunçular tərəfindən müyyən edilir və dəyişdirilir. Cənubi Qafqazda əsas oyunçu olmaq arzusunda olan qüvvələr isə kifayət qədərdir. Buna görə də son üç ildə müşahidə etdiyimiz proseslərin, yəni ermənilərin davranışının səbəblərini təhlil edərkən bir çox faktorlar nəzərə alınmalıdır. Burada Rusiya amili, İran amili, ABŞ və Fransanın timsalında Qərb amili, həmçinin daxili separatçı-revanşist qüvvələr, müxalifət amili də nəzərə alınmalıdır. Hərçənd Ermənistanın müxalifəti də iqtidarı kimi, eynilə xaricdən idarə olunur. Xarici qüvvələrin böyük əksəriyyəti isə Cənubi Qafqazda davamlı sülhün və inkişafın bərqərar olmasında maraqlı deyillər. Xüsusən də güclü və müstəqil Azərbaycanın liderliyi ilə. Məhz bütün bunlar Vətən müharibəsi başa çatandan sonra keçən üç il ərzində Ermənistanın Azərbaycanla sülh sazişini imzalamaqdan boyun qaçırmasını, ölkəmizə qarşı siyasi təxribatlar və silahlı diversiyalar, mina terroru ilə müşayiət olunan düşmənçilik siyasətini davam etdirməsini şərtləndirən əsas amillər kimi çıxış ediblər. Yeganə istisna kimi son hadisələrin gedişində, Azərbaycan antiterror əməliyyatlarını keçirərkən Paşinyanın ağıllı davranaraq proseslərə müdaxilə etməkdən çəkinməsini qeyd edə bilərik. Bununla rəsmi İrəvan son otuz ildə bəlkə də ilk dəfə həqiqətən də erməni xalqının maraqlarına uyğun addım atmış oldu. Əks halda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini və bunun erməni xalqını hansı fəlakətlərə sürükləyə biləcəyini təsəvvür etmək çətin deyil.
- Biz əlbəttə ki, irəlidə antiterror tədbirləri barədə daha ətraflı danışacağıq. Lakin bundan öncə mən istərdim ki, xarici qüvvələrin Cənubi Qafqazda gedən proseslərə müdaxilə cəhdləri mövzusunu bir qədər də inkişaf etdirək. Xüsusilə bu baxımdan Fransanın qeyri-adekvat mövqeyi diqqəti cəlb edir...
- Fransa tarixən Cənubi Qafqazda nüfuz sahibi olmağa can atan ölkələrdən olub. Amma bu baxımdan hər zaman Rusiyaya uduzub. Xüsusilə SSRİ dönəmində ittifaqı əhatə edən “dəmir pərdə” hər hansı bir Qərb ölkəsinin nəinki Cənubi Qafqaza, həmçinin Mərkəzi Asiya, Baltikyanı ölkələr regionuna da müdaxiləsini istisna edirdi. Sovet İttifaqının dağılmasından sonra isə vəziyyət dəyişdi. Bundan sonra Qərb ölkələri keçmiş SSRİ-nin müxtəlif bölgələrində mövcudluqlarını təmin etmək üçün nüfuz savaşına başladılar. Lakin Cənubi Qafqazda 1993-cü ildən sonra artıq yeni bir oyunçu da bu proseslərə qatıldığını bəyan etdi və regional liderliyə ən iddialı aktor kimi, qısa müddətdə bütün dünyanın diqqətini özünə cəlb edə bildi. Söhbət əlbəttə ki, Azərbaycandan gedir. Ulu Öndər Heydər Əliyevin ölkədə hakimiyyətə gəlişi ilə xarici düşmən qüvvələrin Azərbaycanı kiçik marionet dövlətlərə parçalamaq planları alt-üst oldu. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” isə, ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin əbədiliyini təmin edən əsas amillərdən birinə çevrildi. Təbii ki, belə olan vəziyyətdə bəzi Qərb ölkələri, o cümlədən Fransa öz məqsədləri üçün ambisiyalı və asan idarə olunan Ermənistandan istifadə etmək şansından yararlanmağa çalışdılar. 2020-ci ilə qədər torpaqlarımızın işğal altında saxlanmasına sadəcə göz yumulması deyil, faktiki dəstək verilməsi də Azərbaycanı zəif salmaq, ölkəmizə təsir rıçaqları əldə etmək məqsədi güdürdü...
- Həm də Fransa uzun illər bu siyasətini maskalanmış şəkildə həyata keçirə bilirdisə, bu gün artıq hər kəsin siması açıq-aydın görünməkdədir.
- Tamamilə doğrudur. Mən xüsusilə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyul ayının 5-də Bakıda keçirilən nazirlər görüşündə çıxış edən cənab Prezident İlham Əliyevin bu məsələyə dair ifadə etdiyi fikirlərini qeyd etmək istəyirəm. Möhtərəm dövlət başçımız öz mesajını açıq mətnlə hər kəsin diqqətinə çatdıraraq bildirdi ki, Fransa kimi özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən, əslində isə Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyən, Qəmər adalarının Mayot adası üzərində suverenliyini, həmçinin Yeni Kaledoniya xalqının, eləcə də özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarını kobud şəkildə pozan bir ölkənin BMT Təhlükəsizlik Şurasında beş əsas söz sahibindən biri olması bu ali orqanın nüfuzuna qətiyyən hörmət gətirə bilməz. Həqiqətən də Fransa bu gün özünün neokolonializm siyasətini davam etdirməyə çalışır və bu, çox təhlükəli bir tendensiyadır. Son vaxtlar Fransa mediasında müəyyən etnik azlıqlara qarşı irqçi fikirlər davamlı və geniş şəkildə yayılmaqdadır. Rəsmi şəxslərin və hətta parlament üzvlərinin irqi nifrət xarakterli çıxışları getdikcə artır. Təbii ki, belə bir ölkənin Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində hansısa addımlar atacağını gözləmək olmaz. Lakin bu, necə deyərlər, Fransanın öz problemidir. Azərbaycan artıq uzun illərdir ki, Cənubi Qafqazda liderliyini təsdiq edib və bu mövqeyini getdikcə daha da möhkəmlətməkdə davam edir. Bu gün isə, öz ərazi bütövlüyünü bərpa etmiş, qalib Azərbaycanın razılığı və iştirakı olmadan regionda ümumiyyətlə heç nə baş verə bilməz.
(ardı var...)
Söhbətləşdi: Azər Məmmədov
aia.az