Eltun Süleymanov: “ Qırğızıstan Prezidentinin Azərbaycana səfəri faydalı əməkdaşlığın inkişafına təkan verəcəkdir”
“Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə sıx tellərlə bağlıdır. Bu iki xalq ilə münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Eyni soykökə, mədəniyyətə və ənənələrə malik bu iki xalq arasında qardaşlıq,əməkdaşlıq münasibətləri tarixin bütün dövrlərində qarşılıqlı hörmət üzərində qurulub.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də ölkəmizə səfəri, keçirilən görüşlər və imzalanan sənədlər də əlaqələrin, bütün sahələrdə inkişafından xəbər verir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, “Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək” - deyə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında bildirib. İkitərəfli sənədlərin imzalanmasının önəmini qeyd edən dövlət başçısı vurğulayıb ki, bu sənədlər bir çox halda ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edəcək. "Onlardan hər biri böyük əhəmiyyət kəsb edir. Sadır Nurqujoyeviçlə imzaladığımız birgə Bəyannaməni xüsusilə qeyd etmək istəyirəm", - deyə Prezident İlham Əliyev əlavə edib. Bu sənədin imzalanması praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir.
İki ölkə arasında energetika və nəqliyyat sahələrinin böyük potensialıolduğunu qeyd edən cənab Prezident bildirmişdir ki, Azərbaycan Qırğızıstanda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir.
Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyasının mövcud olduğunu bildirən Cənab Prezident vurğulayıb ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik: "Hələ ki, mütləq rəqəmlər çox böyük olmasa da, amma potensialın artması tendensiyası mövcuddur". Dövlət başçısının sözlərinə görə, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb. "Bu gün, həmçinin Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Biz Nizamnamə fondunu 4 dəfə - 25 milyondan 100 milyon dollaradək artırdıq. Bunun əsas səbəbi müraciətlərin həddən artıq olmasıdır. Bizə Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin daxil olması barədə məruzə edilib", - deyən dövlət başçısı əlavə edib ki, 100 milyon da son hədd deyil.
Eltun Süleymanov vurğulamışdır ki, “44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq quruculuq işlərinə qardaş dost ölkələri də öz töhfələrini verirlər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə və Ağdam rayonunda orta məktəbin tikintisinə görə Qırğızıstana təşəkkür edib: "Belə qardaş dəstəyinə görə minnətdarıq, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir.
Qırğızıstan və Azərbaycan daim artan beynəlxalq nüfuzu, öz iqtisadi inkişafının perspektivi, coğrafi və geosiyasi vəziyyəti, eləcə də iki türk xalqı arasında tarixən yaranmış dostluq və qardaşlıq əlaqələrini nəzərə alaraq, gələcək inkişafa və ticarət-iqtisadi, siyasi, mədəni və digər sahələrdə qarşılıqlı surətdə ikitərəfli faydalı əməkdaşlığın geniş spektrdə güclənməsində siyasi iradə nümayiş etdirir.”