ATİAHİ tərəfindən ali məktəb tələbələrinə adlı təqaüdlər verilib, intellektual oyunun qalibləri mükafatlandırılıb -Fotolar
2023/2024-cü tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün verilməsi və “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibi olmuş tələbələrin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə ali məktəblərin tələbə həmkarlar ittifaqlarının sədrləri və tələbələr iştirak ediblər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxışında bildirib ki, ATİAHİ RK-nın adlı təqaüdü 1995-ci ildə təsis edilib: “İndiyə kimi, 2914 tələbə bu təqaüddən yararlanıb. Bu gün isə daha 65 tələbəyə bu təqaüd təqdim ediləcək. Təqaüdün verilməsində məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir. Respublika Komitəsinin fəaliyyətinin əsas istiqamətini gənclər təşkil edir. Hər il onların sosial vəziyyətinin yaxşılaşdırılması, tələbələr arasında idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların elmə, təhsilə marağının artırılması, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bizim bu işləri görməkdə məqsədimiz gənclərin asudə vaxtını səmərəli keçirmək, zərərli vərdişlərdən uzaqlaşdırmaq, dövlətimizin gənclər siyasətinə dəstək olmaqdır”.
Onun sözlərinə görə, Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir: “Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir. Son 20 ildə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. İnanırıq ki, Azərbaycanın gənclər siyasəti bundan sonra da uğurla davam etdiriləcək, gənclərimiz Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verəcəklər”.
Sonda 65 tələbəyə ATİAHİ RK-nın adlı təqaüdü, intellektual oyunun 18 qalibinə isə diplom və pul mükafatı verilib.