Sözün və imzanın bərabərliyi
Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Toplantıda Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olunub. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər.
Öncə qeyd edək ki, 2014-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasim keçirildi. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu boru kəməri (TANAP) və “Trans-Adriatik” boru kəməri (TAP) layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə ildə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
Ölkəmizin başçısı cənab İlham Əliyev tədbirdə çıxış edərək bu xüsusatları bir daha diqqətə çatdırmış və 2014-cü ildə nəzərdə tutulan hədəflərin artıq reallığa çevrildiyini bildirmişdir.
Bununla yanaşı, Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrə də xüsusi diqqət ayıran ölkə başçısı bildirmişdir ki, “Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən görüşümüzdən bəri sizə məlumat vermək istəyirəm ki, bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq.”
COP29-a ev sahibliyi etmək kimi mühüm bir vəzifənin Azərbaycana etibar edilməsini yükəsk qiymətləndirən cənab İlham Əliyev eyni zamanda ölkəmizi tənqid edənlərə də mesaj vermişdir. Cənab Prezident bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu diqqətə çatdıraraq bildirmişdir ki, bizi tənqid edənlər unutmasın ki, Azərbaycan qazı 6 Avropa ölkəsinə ixrac olunur. Bizim necə etibarlı tərəfdaş olmağımız isə yəqin ki hamıya məlumdur. Ona görə də iqlmi bəhanə edib bizi tənqid atəşinə tutanların əsil məqsədinin və marağının nə olduğunu yaxşı bilirik.
Cənab Prezident Avropa İttifaqının bütün üzvlərinin təmsil olunduğu belə bir tədbirdə incə diplomatik üsulla Azərbaycana qara yaxanlara mesaj verdi ki, buyurun, qaz və neft almaq istəmirsiniz almayın. Lakin bunun əvəzini necə kompensasiya edəcəyinizi də düşünməniz pis olmaz. Sizə lazım olan enerji resurslarının da Azərbaycanda olduğunu unutmayın. Ölkəmizin “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tutulduğunu diqqətə çatdıran ölkə başçısı bundan sonra da bəşəri dəyərlər, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq edənlər üçün qapıların açıq olduğunu vurğuladı. Bu, sözü və imzası bərabər olan bir liderin konkret mövqeyi kimi dəyərləndirilməlidir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri