Eldar Quliyev: “Bu gün ordumuzun apardığı hərbi əməliyyatların və əldə olunmuş nəticələrin önəmini kimsə şübhə altına almağa çalışırsa bu, yalnız Azərbaycanı gözügötürməyənlər və yaxud da onlara xidmət edənlər ola bilərlər”
MÜSAHİBƏNİN ƏVVƏLLİ BURADA
Milli Məclisinin deputatı Eldar Quliyevin müsahibəsi
AİA.az-ın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev cavablandırır.
- Yəqin mənimlə razılaşarsınız ki, bu ilin avqust ayının 26-sı bütün ölkə üçün, xalqımız üçün ən əlamətdar günlərdən biri kimi tarixdə qalacaq. Məhz həmin gün biz Laçına əbədi qayıtdıq. İstərdim ki, bu tarixi hadisə ilə bağlı fikirlərinizi, düşüncələrinizi oxucularımızla da paylaşasınız.
- Həqiqətən də qalib ölkənin vətəndaşı olmaq insanlara başqa heç nə ilə müqayisə edilə bilməyəcək dərəcədə böyük bir qürur hissi yaşadır. Azərbaycan xalqı isə bu hissi artıq iki ildir ki, yaşayır. Düz iki il bundan öncə Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən qızğın və amansız döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci il sentyabr ayının 27-də Ermənistanın silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq və Vətən torpaqlarını işğaldan azad etmək məqsədilə Azərbaycan Ordusunun başladığı hərbi əməliyyatlar tez bir zamanda geniş miqyas alaraq Vətən müharibəsinə çevrildi. Əslində bu müharibənin nə ilə nəticələnəcəyi ilk gündən məlum idi. Dövlət başçımızın müdrik uzaqgörənliklə həmin tarixi günə qədər ötən illər ərzində həyata keçirdiyi əhatəli və effektiv hazırlıq işlərinin nəticəsi olaraq Azərbaycan istər hərbi potensialına, istər iqtisadi gücünə, istərsə də ölkədə hökm sürən ictimai-siyasi şəraitin əlverişliliyinə görə Ermənistanı qat-qat üstələyirdi. Erməni işğalçıları bu dəfə də dünyada olan havadarlarının dəstəyinə, Azərbaycana ediləcək təzyiqlərə və hətta əgər mümkün olarsa üçüncü tərəf kimi hansısa digər ölkələri münaqişəyə cəlb edə biləcəklərinə ümid edirdilər. Lakin bu dəfə onlar çox ciddi şəkildə yanılmışdılar. Artıq nə zaman ötən əsrin 90-cı illərinin əvvəli, nə də Azərbaycan səriştəsiz rəhbərlik tərəfindən xaosa doğru sürüklənən ölkə deyildi. 2020-ci ilin 8 noyabrında Şanlı Ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı indiyədək hərb tarixində misli görünməmiş əməliyyat keçirməklə düşməndən azad etdilər. Bundan sonra düşmən özünün faktiki kapitulyasiya aktı olan tarixi 10 noyabr Üçtərəfli Bəyannaməsini imzalamağa məcbur oldu.
Qeyd etmək lazımdır ki, məhz Şuşanın azad olunması hərbi əməliyyatların Azərbaycan üçün ən əlverişli şərtlərlə başa çatmasını təmin etdi. Noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən, bu Ermənistan üçün isə faktiki kapitulyasiya aktı olan bu sənədin ən əhəmiyyətli cəhətlərindən biri də bu oldu ki, sənədin imzalandığı an hələ də işğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər rayonları artıq qan tökülmədən özümüzə qaytarıldı. Bu isə bir daha Ölkə Prezidenti cənab İlham Əliyevin insanlarımızın, əsgərlərimizin həyatını hər şeydən daha üstün tutduğunu aydın şəkildə göstərir.
Mən az öncə də qeyd etdim ki, Azərbaycan xalqı artıq iki ildir qələbə sevincini yaşayır. Lakin bu, sadəcə 2020-ci ildə əldə olunmuş tarixi Qələbənin sevinci deyil. Məsələ bundadır ki, öz torpaqlarını işğaldan azad etdikdən sonra da qalib Azərbaycanın möhtəşəm uğurları davam edir. Artıq Azərbaycan dünya birliyinin də nəzərində 2020-ci ilin sentyabr ayına qədər olduğu imicində deyil. Bu gün Azərbaycan güclü, nüfuzlu, sözünü demiş və bundan sonra da deməyi bacaracaq bir ölkə kimi bütün beynəlxalq platformalarda öz mövqelərini sürətlə möhkəmləndirməkdədir. Bu gün Azərbaycanın irəli sürdüyü təşəbbüslər, o cümlədən Ermənistan hökumətinə ünvanlanan mesajlar Cənubi Qafqazda regional sülhün, sabitliyin və davamlı inkişafın bərqərar olması üçün ən optimal təkliflər kimi dəyərləndirilməlidir və dəyərləndirilir də. O cümlədən avqustun 26-da Laçın şəhərindən, Zabux və Sus kəndlərindən orada qanunsuz məskunlaşdırılmış ermənilərin qeyd-şərtsiz çıxarılması da Azərbaycanın nüfuzunun, möhtərəm Prezidentimizin siyasi iradəsinin daha bir təzahürüdür. Bu əlbəttə ki, böyük nailiyyətdir, amma bizi irəlidə daha böyük nailiyyətlər və qələbələr gözləyir.
- Eldar müəllim, əlbəttə ki, 2022-ci ilin ən önəmli hadisələrindən biri məhz avqustun 26-da Laçın rayonundan burada qeyri-qanuni məskunlaşdırılmış ermənilərin çıxarılması oldu. Bununla belə etiraf etməliyik ki, yaşadığımız il Azərbaycan üçün daha bir çox əhəmiyyətli hadisələrlə əlamətdar olub. Buna misal olaraq fevral ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısını qeyd etmək olar. Bu mötəbər beynəlxalq tədbirin əhəmiyyəti barədə nə deyə bilərsiz?
- İlk növbədə qeyd etmək lazımdır ki, bu gün Cənubi Qafqazda gedən proseslərə və bu proseslərdə Azərbaycanın aparıcı roluna münasibətdə Avropa İttifaqı ölkələrinin mövqeyi kifayət qədər önəmlidir. Məhz bu baxımdan da Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində getdikcə artan rolu bu mövqeyin formalaşmasına əhəmiyyətli təsir edən bir amil kimi çıxış edir. Əlbəttə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin xüsusi rolu var. Məlum olduğu kimi, dəyəri 33 milyard ABŞ dolları olan və XXI əsrin ən böyük layihələrindən biri hesab edilən Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın formalaşması Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın istismara verilməsilə artıq daha yüksək səviyyəyə keçid almış oldu və bu nailiyyət ilk növbədə Prezident İlham Əliyevin bütün bu illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyi, qətiyyəti və strateji idarəçiliyi sayəsində əldə olunub. Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir və bu da ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.
Möhtərəm dövlət başçımızın fevral ayının 4-də keçirilmiş toplantıda etdiyi çıxışında bildirdiyi kimi, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Həmçinin yeni bazarlarda Azərbaycan qazına ehtiyac var və tələbat getdikcə artır. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Bütün bu illər ərzində Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərərək, təchizatda hər hansı bir fasiləyə və ya müqavilə şərtlərinin pozulmasına yol verməyib. Azərbaycanın enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər də getdikcə artır.
- Doğrudur, hazırda məhz ənənəvi enerji resurslarının istehsalı və ixracı ölkə iqtisadiyyatının aparıcı sektoru kimi çıxış edir. Bununla belə bu gün Azərbaycan alternativ, bərpaolunan enerji növlərinin istehsalına da önəmli investisiya qoyuluşları edir. Necə bilirsiz bu sahənin perspektivləri ölkəmiz üçün nə dərəcədə önəmlidir?
- Bu gün Azərbaycanın daxilində də istər təbii qaza, istərsə də digər enerji resurslarına tələbat getdikcə artır. Daxili tələbatın artmasına səbəb olan amillərdən biri Azərbaycanda demoqrafik vəziyyətin müsbət olması, yəni əhalinin sayının getdikcə artmasıdır. Həmçinin sürətlə inkişaf edən sənayemizin tələbatını təmin etmək üçün və əlbəttə ki, 2020-ci ildə Vətən Müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırması üçün də əlavə həcmdə qaza ehtiyac var. Bir sözlə qaza və enerjiyə tələbat getdikcə artır və bu da bərpaolunan enerji növlərinin istehsalına marağı artırır. Çünki məhz bərpaolunan enerji mənbələrinin çoxluği ixrac üçün daha çox təbii qaza qənaət etməyə imkan verə bilər.
Ölkə Prezidenti cənab İlham Əliyev fevralın 11-də “Qobu” Enerji Qovşağının açılışından sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibəsində ölkəmizdə bərpa olunan enerji növlərinin istehsalı sahəsində görülən işlər barədə ətraflı açıqlamalar təqdim etdi. Dövlət başçımız bu sahədə Azərbaycanın böyük potensiala sahib olduğunu və bu imkanların tezliklə reallaşması istiqamətində gərəkli addımların atıldığını vurğuladı. Həqiqətən də bu gün artıq bir çox böyük xarici şirkətlər də Azərbaycanda bərpa olunan enerji növlərinin istehsalına sərmayə yatırmaq niyyətlərini bildirirlər. Əlbəttə ki, bu, ilk növbədə ölkəmizdə yaradılmış əlverişli və təhlükəsiz investisiya mühiti bağlıdır. Eyni zamanda da Azərbaycanın ötən illər ərzində formalaşmış etibarlı tərəfdaş imici investorları ölkəmizə cəlb edir.
O cümlədən bu ilin əvvəlində enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Bundan başqa, Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər kifayət qədər yüksəkdir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Lakin hazırda ölkənin ən böyük potensialı Xəzər dənizindədir. Məhz bu səbəbdən hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər və onlardan konkret təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Əlbəttə ki, bütün bu layihələr Azərbaycana ixracla bağlı öz fəaliyyətini genişləndirmək, yeni ixrac bazarlarına çıxmaq imkanları verəcək. Beləliklə, Azərbaycan enerji sahəsində çox yüksək potensiala sahibdir və bu potensial həm daxili, həm də ixrac tələbatlarının ödənilməsinə yönəldiləcək.
- Eldar müəllim, bu gün Azərbaycan azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işlərini davam etdirir. Prezident İlham Əliyevin ölkənin rayon və bölgələrinə mütəmadi etdiyi səfərlər də bu işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Hazırda intensiv yenidənqurma işlərinin davam etdiyi bölgələrimizdən biri də Ağdam rayonudur. Dövlət başçısının fevral ayının 13-də Ağdama etdiyi səfərinin əhəmiyyəti barədə hansı fikirlərinizlə bölüşmək istərdiz?
- Möhtərəm Prezidentimizin ölkənin bütün rayon və bölgələrinə mütəmadi olaraq etdiyi səfərlərin hər biri həmin bölgənin inkişafı baxımından böyük əhəmiyyət kəsb edən hadisəyə çevrilir. Belə səfərlərin gedişində sonradan bölgənin sosial-mədəni həyatında, iqtisadi yüksəlişində xüsusi rol oynayan obyekt və müəssisələrin açılışı və ya təməlinin qoyulması artıq çoxdan bir ənənə halını almışdır. Əlbəttə ki, bu baxımdan Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdığı gündən indiyədək Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər həm iqtisadi, həm də mənəvi-siyasi cəhətdən xüsusi önəm daşıyır. Bu səfərlər bir tərəfdən həmin torpaqlarda böyük vüsətlə aparılan bərpa-quruculuq işlərinin birbaşa dövlət başçısının nəzarətində və diqqət mərkəzində saxlandığını vurğulayır. Digər tərəfdən də Qarabağ torpaqlarının tarixi sahiblərinin kimlər olduğuna dair dünyada hələ də yanlış fikir formalaşdırmağa ara-sıra cəhdlər edən bəzi qüvvələrə ünvanlanan mesajları özündə ehtiva etməklə bu səfərlər önəmli siyasi əhəmiyyət daşıyır. Eynilə fevral ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına etdikləri səfər də bir çox önəmli hadisələrlə əlamətdar oldu.
O cümlədən dövlətimizin başçısı Ağdam şəhərində sənaye parkının iki yeni müəssisəsinin təməl daşını qoymaqla ümumilikdə bölgənin inkişafına böyük töhfə vermiş oldu. Məlum olduğu kimi, bu gün ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri də məhz qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan sənaye parkları və məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. O cümlədən Ağdamın Qarabağ regionunda tutduğu coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını artırır. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Həmçinin işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdamda infrastruktur layihələri sürətlə icra olunur. Belə ki, artıq azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək və bu da ölkənin enerji təhlükəsizliyinin təminatına növbəti önəmli töhfə olacaq.
Həmçinin Ağdamda yeni mehmanxananın inşasına başlanması da bu işlərin bir hissəsidir. Məlum olduğu kimi, son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülüb. Ölkəmiz bütün dünyada getdikcə daha çox sevilən beynəlxalq turizm məkanlarından birinə çevrilməkdədir. Lakin ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. Bu gün isə Müzəffər Ali Baş Komandanın qətiyyəti və Şanlı Ordumuzun rəşadəti sayəsində artıq işğaldan azad edilmiş bu torpaqlarda bir çox digər sahələr kimi, turizmin inkişaf etdirilməsi üçün də məqsədyönlü addımlar atılır, irimiqyaslı layihələrə start verilir.
ardı var...