Səttar Möhbalıyev: “20 Yanvar şəhidləri dünyaya xalqımızın kimliyini göstərdi”
“Azərbaycan xalqının qədim və zəngin tarixinin hər bir səhifəsi qəhrəmanlıq salnaməsidir. Bu tarixə nəzər saldıqca xalqımızın yaratdığı dövlətlərin fəaliyyətində heç zaman təcavüzə rast gəlinmir. Həmin dövlətlər humanist siyasəti, mehriban qonşuluqları ilə dünya tarixində öz yerlərini tutublar. Elə dövrlər də olub ki, xalqımız böyük imperiyaların, təcavüzkar dövlətlərin işğalına da məruz qalıb. Amma buna baxmayaraq, öz mənliyini, kimliyini qoruyub, işğala qarşı usanmadan mübarizə apararaq istiqlalına qovuşub. Hərbi müdaxilə yolu ilə Azərbaycanı öz tərkibinə qatan Sovet hakimiyyətinə qarşı xalqımızın azadlıq mübarizəsi bizim şanlı tariximizin ən qürurlu səhifəsidir. İlk gündə bu işğala qarşı mübarizəyə qalxdı. Ozamankı sovet rəhbərliyi etirazları amansızlıqla yatırsa da, qəddar repressiyalara əl atsa da, azadlıq eşqini xalqımızın qəlbindən çıxara bilmədi”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Sovet hökumətinin Azərbaycana qarşı növbəti təxribatı əzəli və əbədi torpağımız olan Qarabağı Ermənistana birləşdirmək cəhdi idi. Mətin xalqımız bu çirkin plana qarşı və özünün müstəqillik tələbi ilə qətiyyətlə ayağa qalxdı. Günlərlə heç nədən çəkinmədən əzmkarlıqla öz haqq səsini ucaltdı. Totalitar rejimin buna cavabı isə 1990-cı ilin 20 yanvar günü əliyalın xalqa qanlı divan tutmaq oldu. Bu hərəkət Kremlin demokratiya maskasını düşürərək iç üzünü açıb bütün dünyaya nümayiş etdirdi. Göstərdi ki, bu, qəddar bir imperiyadadır, xalqları əsarət altında saxlayır və onların hər bir etirazının qarşısı xüsusi qəddarlıqla alınır. Törədilən hadisə SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə baş tutmuşdu. Əməliyyata isə müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov şəxsən rəhbərlik etmişlər. Həmin günlərdə Bakı ilə yanaşı, Neftçalada, Lənkəranda da dinc əhaliyə qarşı silah işlədildi, insanlar öldürüldü. Ümumilikdə Respublikamızda 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi”, - Milli Məclisin deputatı bildirib.
AHİK sədri vurğulayıb ki, 20 Yanvar hadisəsi Moskvanın gözləntilərini doğrultmadı, əksinə, xalqımızın istiqlal mübarizəsini daha da alovlandırdı: “Hadisənin səhəri günü xalqın heç nədən çəkinməyərək öz qəhrəman oğullarını böyük izdihamla şəhərin ən yüksək yerində dəfn etməsi imperiyaya olan etirazların bilavasitə davamı idi. Həmçinin baş verən hadisə xalqın birliyini daha da möhkəmləndirdi və mübariz etdi. Xalq kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etməyə başladı. Demək olar ki, Moskva Azərbaycandakı sosial dayaqlarını tamamilə itirdi. Və başa düşdü ki, Azərbaycan xalqının istiqlal ruhu alovlanıbsa, heç bir vasitə ilə onu qarşısını almaq, iradəsinin əksinə addımlar atmaq mümkün deyil”.
“Xalqını böyük məhəbbətlə sevən Ulu Öndər Heydər Əliyev Bakıda törədilən qanlı hadisədən xəbər tutan kimi, tətbiq edilən bütün qadağalara baxmayaraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi. Oradan səsləndirdiyi cəsarətli bəyanatla faciənin təşkilatçılarını qətiyyətlə tənqid etdi və SSRİ rəhbərliyinin bu qanlı əməlini bütün dünyaya çatdırdı. Ulu Öndər bu addımı ilə bir daha göstərdi ki, o, hər zaman xalqı ilə bir yerdədir, onunla bərabər hərəkət edir və xalqın azadlıq mübarizəsinə ürəkdən dəstək verir. Ümummilli Liderin fəaliyyətinin sonrakı mərhələsində də 20 Yanvar faciəsinin araşdırılması, siyasi-hüquqi qiymətin verilməsi, şəhidlərin adlarının əbədiləşdirilməsi mühüm yer tutmuşdur. Məhz bunun nəticəsində bütün həqiqətləri üzə çıxarmaq mümkün oldu”, - Milli Məclisin deputatı deyib.
AHİK sədri qeyd edib ki, 20 Yanvar şəhidlərinin adı daim uca tutulur, onların ailələrinin sosial problemlərinin həll olunması istiqamətində mühüm qərarlar verilir: “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanla şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Məhz onların ruhuna hörmət əlaməti olaraq dəfn olunduqları Şəhidlər xiyabanı təmir olunub və yenidənqurma işləri aparılıb. Bundan başqa, paytaxtın Yasamal rayonunda Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Həmçinin xalqımız 20 Yanvar faciəsinin hər ildönümündə Şəhidlər xiyabanını ziyarət edir, onların müqəddəs ruhlarına dərin ehtiram göstərir. Bu, tariximizə, şəhidlərimizə verilən dəyərin göstəricisidir”.