» Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”

Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”

  • 21-12-2023, 09:58
  • ---
  • 0
  • 43
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”


ƏVVƏLİ BURADA

Bugünkü buraxılışımızda Heydər Əliyev İlinin mahiyyəti və önəmi, ölkəmizin bu il əldə etdiyi mühüm nailiyyətlər, eləcə də Azərbaycan ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Bu baxımdan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA-nı da iqtisadi əlaqələrimizin uğurla inkişaf etdiyi beynəlxalq platformalardan biri kimi qeyd edə bilərikmi?

- Əlbəttə, biz bunu birmənalı olaraq deyə bilərik. Bu proqram 25 il bundan öncə yaradılmışdır. Bu il ilk dəfə olaraq SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirildi. Azərbaycan üzvü olduğu bütün digər beynəxalq təsisatlar kimi, hazırda sədrlik etdiyi SPECA-nın da işində son dərəcə fəal və səmərəli iştirak edir. Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və məhz bu əsasda qurulan regional əməkdaşlığın hər yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına güclü zəmin yaradır. O cümlədən son iyirmi beş il ərzində ölkələrimiz arasında SPECA tərkibində də hərtərəfli əlaqələr uğurla inkişaf edib. Buna baxmayaraq təşkilata üzv dövlətlərin Zirvə görüşü ilk dəfədir ki, keçirilir və bu görüşün də təşəbbüskarı kimi məhz Azərbaycan çıxış etmişdir. Qeyd etmək lazımdır ki, şəxsən cənab Prezident İlham Əliyevin dəvətilə SPECA-nın Bakı Sammitində Gürcüstanın və Macarıstanın Baş nazirlərinin, eləcə də Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin fəxri qonaq qismində iştirak etmələri regional əməkdaşlığa olan böyük marağın göstəricisidir. Əlbəttə ki, bu tərkibdə keçirilən Zirvə görüşü iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə əlverişli zəmin yaradır. Təsadüfi deyil ki, Sammitin yekunu olaraq qəbul olunmuş Bakı Bəyannaməsində də SPECA çərçivəsində xalqlarımızın bölüşdüyü ümumi maraqlara, məqsəd və dəyərlərə əsaslanan əməkdaşlığı gələcəkdə də dərinləşdirmək və inkişaf etdirmək üzrə üzv ölkələrin möhkəm qətiyyətləri bir daha təsdiq edilib.

- Eldar müəllim, Prezident İlham Əliyevin həmin Zirvə görüşündəki çıxışında ölkələrin əsl müstəqilliyi barədə səsləndirdiyi fikirlər mənim diqqətimi xüsusilə cəlb etdi. Siz bu fikirləri necə şərh edə bilərsiniz?

- Elə bilirəm siz də mənimlə razılaşarsınız ki, dövlət başçımızın səsləndirdiyi bu fikirlər ilk növbədə məhz Ermənistana ünvanlanan bir mesaj idi. Məsələ bundadır ki, cənab Prezident İlham Əliyev artıq uzun müddətdir ki, region ölkələrinin məhz üçlü formatda regional əməkdaşlığı ideyasını həyata keçirmək üçün böyük səylər göstərir, çağırışlar edir. Bu yanaşma qısa müddət ərzində Cənubi Qafqazı dünyanın ən inkişaf etmiş, ən varlı regionlarından birinə çevirə bilər. Bunun üçün nə lazımdır? Əlbəttə ki, ilk növbədə hər üç region ölkəsinin öz siyasi iradələrini ortaya qoymaları və müstəqil qərarlar qəbul etmək iqtidarında olduqlarını nümayiş etdirmələri. Lakin təəssüflər olsun ki, Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistan tarixi torpaqlarımızda forpost ölkə olaraq yaradıldığı ilk gündən bəri heç zaman müstəqil olmamışdır. Bu gün bu ölkə yenə də xarici dövlətlərin marioneti kimi çıxış edir. Zirvə görüşündəki çıxışında cənab Prezident İlham Əliyev bu məqamı təəssüf doğuran bir hal kimi qeyd etdi və bildirdi ki, belə ölkələrin siyasəti öz xalqlarının iradəsinə əsaslanmır və onların taleyi xarici sponsorlar tərəfindən müəyyən edilir. Bundan fərqli olaraq SPECA-ya üzv dövlətlər müstəqil xarici və daxili siyasət aparan, bu siyasətin əsasına ölkələrinin maraqlarını qoyan, mövcud olduqları regionda gedən proseslərə nəzarət edən əsl müstəqil ölkələrdir. Məhz bu müstəqillik sayəsində həmin ölkələrdə ictimai-siyasi sabitlik hökm sürür və iqtisadiyyat sürətlə inkişaf edir.

- Eldar müəllim, Ölkə Prezidenti cənab İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr beynəlxalq ictimaiyyətə Azərbaycanda və Cənubi Qafqazda gedən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin mövcud vəziyyəti və bir çox digər aktual məsələlər barədə bilgiləri birbaşa regionun lider dövlətinin birinci şəxsindən almaq imkanı verir. Bu baxımdan dövlət başçısının dekabrın 9-da “Euronews”da yayımlanan müsahibəsində diqqətinizi daha çox məhz hansı məqamlar çəkdi?

- Azərbaycan bu gün artıq ərazi bütövlüyü ilə yanaşı, həm də öz suverenlıyını tam bərpa etmiş bir ölkədir. Bu baxımdan dünya ictimaiyətinin ölkəmizə marağının son vaxtlar daha da artması anlaşılandır. Təbii ki, Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında ölkəmizin getdikcə artan rolu Azərbaycanda gedən proseslərə, dövlətimizin yürütdüyü xarici siyasət kursuna məhz Aİ ölkələrində diqqəti bir qədər də artırır. Bu məqam öz əksini “Euronews”un müxbirinin suallarında da aşkar şəkildə tapıb. Diqqət etdinizsə, müxbir son iki ildə Avropada ən çox müzakirə olunan mövzulardan birinin məhz enerji təchizatı ilə bağlı olduğunu vurğuladı. Bununla da Azərbaycanın bu məsələdə mövqeyinin önəmi bir daha önə çəkilmiş oldu. Avropanın şərqində davam edən müharibə və bir çox digər səbəblər bu qitədə enerji təhlükəsizliyi məsələsini hələ uzun müddət əsas gündəmlərdən biri olaraq saxlayacaq. Bu səbəbdən də Azərbaycanın və əlbəttə ki, şəxsən cənab Prezident İlham Əliyevin mövqeyi Avropa ictimaiyyəti üçün vacib önəm kəsb edir.

- Dövlət başçımızın ölkəmizdə iqtisadi inkişafla bağlı risklərə dair təqdim etdiyi açıqlamaları necə şərh edərdiniz?

- Cənab Prezident İlham Əliyev hər zamankı kimi obyektiv çıxış edərək ölkəmizdə iqtisadi inkişafla bağlı risklərin olmadığını bəyan etdi. Həqiqətən də, nəzərə alsaq ki, hətta 30 il davam edən işğal dövründə belə Azərbaycan iqtisadiyyatı inkişaf edib, artıq bundan sonra, yəni ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa ediləndən sonra bu inkişafın yalnız daha da sürətlənəcəyini gözləmək olar. Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş əraziləri iqtisadiyyatımız üçün əlavə aparıcı qüvvə olacaqdır. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı iqtisadi islahatlar aparılır. O cümlədən gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirilib. Bütün bunlar artıq öz bəhrəsini verir və iqtisadi inkişafla bağlı risklərin olma ehtimalını sıfıra endirir. Bununla belə, dövlət başçısı belə bir vacib məqamı da diqqət mərkəzinə çəkdi ki, hər hansı potensial risklər yalnız sərhədlərimizin xaricindən qaynaqlana bilər. Buna görə də, Azərbaycan özünün sərhədlərinin müdafiəsinə daha çox diqqət yetirməlidir.

- Eldar müəllim, hamımız bilirik ki, Azərbaycanla Ermənistan arasında münasibətlər müzakirə olunarkən hətta bu gün də bəzi Qərb təmsilçiləri bu məsələdə ikili yanaşma tərzini nümayiş etdirirlər. Bu baxımdan “Euronews”un müxbirinin suallarında diqqətinizi çəkən bir məqam oldumu?

- Bəli, mənim diqqətimi belə bir məqam cəlb etdi ki, müxbir Qarabağdan köçmüş ermənilərin geri qayıtma ehtimalları ilə maraqlanarkən, nədənsə Ermənistandan qovulmuş 300 min azərbaycanlının taleyi ilə bağlı bircə sual belə vermədi. Lakin cənab Prezident İlham Əliyev özü bu məsələni diqqət mərkəzinə gətirməklə artıq bundan sonra Azərbaycanın ikili standartlara göz yummaq niyyətində olmadığını açıq şəkildə bəyan etdi. Bu xüsusda dövlət başçımızın Ermənistanla imzalanacaq sülh müqaviləsinə milli azlıqlarla bağlı müddəaların salınması barədə verdiyi açıqlama ən maraqlı məqamlardan biri kimi yadda qaldı. Cənab Prezident konkret olaraq bildirdi ki, əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini sənəddə əks etdirmək istəyirsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Azərbaycanın mövqeyi belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsi paralel həll olunmalıdır. Sülh sazişində də bu məsələ ya məhz bu cür əks olunmalıdır, ya da ümumiyyətlə əks olunmamalıdır. Bu mövqe bir daha Azərbaycan Prezidentinin qətiyyətini və siyasi iradəsini nümayiş etdirən vacib məqamlardan biridir.

- Eldar müəllim, bu il dekabr ayının 10-da Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyində rolunun bir qədər də artmasına xidmət edəcək daha bir önəmli hadisənin şahidi olduq. Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Bu hadisənin ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- İlk növbədə deməliyəm ki, Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru bu iki Balkan yarımadası ölkəsi ilə Azərbaycan arasında münasibətləri daha da dərinləşdirəcək mühüm iqtisadi amildir. Əlbəttə ki, layihənin reallaşması bu ölkələrin sənaye inkişafına böyük töhfə olmaqla bərabər, eyni zamanda da Azərbaycanın qaz ixracı coğrafiyasını daha da genişləndirəcək. Açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev bu gün Azərbaycan qazının artıq doqquz ölkəyə, o cümlədən yeddi Avropa ölkəsinə ixrac edildiyini qeyd etdi. Bu əlbəttə ki, yüksək göstəricidir. Bununla belə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfələrini gələcəkdə bir qədər də artırmağı planlaşdrır. Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumuna görə, ölkəmiz 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Ümumiyyətlə Azərbaycanın enerji strategiyası hazırda uğurla icra edilir. Möhtərəm dövlət başçımızın dediyi kimi, ölkəmizin irəli sürdüyü və icra etdiyi layihələr Avrasiyanın enerji xəritəsinin yenidən tərtib edilməsinə səbəb olmuşdur.

- Təbii ki, iqtisadi layihələr ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə də böyük töhfədir...

- Tamamilə sizinlə razıyam. Bu baxımdan cənub-şərqi Avropa ölkələri ilə son bir neçə ildə formalaşmış dostluq münasibətləri xüsusilə diqqəti cəlb edir. O cümlədən ölkəmizin Serbiya və Bolqarıstanla əlaqələri hazırda strateji əməkdaşlıq səviyyəsinə yüksəlməklə ümumilikdə Azərbaycan-Avropa münasibətlərinə böyük töhfə verir. Lakin belə bir vacib məqamı da qeyd etmək lazımdır ki, bu əlaqələrin məhz Azərbaycan, Serbiya və Bolqarıstan Prezidentlərinin şəxsi dostluq münasibətləri əsasında formalaşması ölkələrimiz arasında əməkdaşlıq perspektivlərini daha da genişləndirir. Azərbaycan ilə həm Serbiya, həm də Bolqarıstan arasınada imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamələr isə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir.

- Eldar müəllim, bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində rolunun artmasına dair etiraflar getdikcə daha çox tərəfdaş ölkələrin dövlət başçılarının çıxış və bəyanatlarında da öz əksini tapır. Bu baxımdan Bolqarıstan Prezidentinin çıxışında hansı məqamları qeyd edə bilərsiniz?

- Bu həqiqətən də çox önəmli bir məqamdır. İnterkonnektorun açılış mərasimində çıxış edən Bolqarıstan Prezidenti Rumen Radev ölkəmizin getdikcə möhkəmlənən beynəlxalq mövqelərini və artan nüfuzunu vurğulayan önəmli mesajlar səsləndirmişdir. Məsələn, Prezident Radev bildirmişdir ki, bu layihə eyni zamanda ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir. Daha sonra Bolqarıstan Prezidenti yeni İnterkorrektorun Avropanın enerji xəritəsini dəyişdirərək bütün region üçün şaxələndirməyə və təhlükəsizliyə zəmanət verən layihə olduğunu diqqət mərkəzinə çəkmişdir. Məhz bu İnterkonnektor sayəsində Bolqarıstan nəhayət ki, Azərbaycan qazını qəbul etməyə başlayıb. Prezident Radev Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirərək, Azərbaycan hökumətinin bütün anlaşma və razılıqlara ciddi yanaşmasını xüsusi qeyd etmiş və bütün avropalı həmkarları ilə görüşlərində hər dəfə Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirdiyini vurğulamışdır. Bütün bunlar bir daha sübut edir ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən Azərbaycanın enerji strategiyası ölkənin iqtisadi qüdrətinin artmasına xidmət edən ən effektiv və önəmli amillərdən biridir.

- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.

- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.

Söhbətləşdi: Azər Məmmədov

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya