Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
ƏVVƏLİ BURADA
Bugünkü buraxılışımızda Heydər Əliyev İlinin mahiyyəti və önəmi, ölkəmizin bu il əldə etdiyi mühüm nailiyyətlər, eləcə də Azərbaycan ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə AİA.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
- Eldar müəllim, Siz də xatırlayırsınız ki, 2020-ci ildə Azərbaycan müharibəni dayandıran anda bizim Silahlı Qüvvələrimizin hissələri Xankəndinin, Xocalının bir addımlığında idilər. Bununla bağlı hətta bəziləri öz narazılıqlarını da bildirirdilər ki, niyə biz daha irəli getmirik. Sizin bu məsələyə münasibətiniz necədir?
- İlk növbədə birmənalı olaraq demək lazımdır ki, noyabr ayının 10-da hərbi əməliyyatların dayandırılmasının ən doğru qərar olduğunu tarix özü təsdiqlədi. Ermənistanın faktiki olaraq kapitulyasiya aktını imzalamasından sonra müharibənin dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarılsın. Bununla da minlərlə gəncimizin həyatı xilas edildi. Artıq o zaman Ali Baş Komandan bir gün Xocalıda və digər ərazilərimizdə də Azərbaycan bayrağını qaldıracağına tam əmin idi. Məhz bu məqsədə nail olmaq üçün müharibədən sonra Silahlı Qüvvələrimiz dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdirildi. Müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelər ələ keçirildi. 2020-2023-cü illər ərzində keçirilmiş bir neçə hərbi əməliyyat əslində Ermənistanın siyasi rəhbərliyinə də bir siqnal idi ki, onlar kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlidirlər və ilk növbədə öz silahlı qüvvələrini Qarabağdan çıxarmalıdırlar. Lakin rəsmi İrəvan bu dəfə də real vəziyyətə yox, xarici havadarlarının istəyinə görə hərəkət etdi. Bu səbəbdən bu ilin 19 sentyabr tarixində antiterror əməliyyatına başlayan Azərbaycan Ordusu növbəti dəfə peşəkarlıq və qəhrəmanlıq göstərərək, ən mühüm strateji yerlərə çıxaraq, qısa müddət ərzində qarşıya qoyulmuş bütün vəzifələri icra etdi və düşmən ordusu təslim olmağa məcbur qaldı. Bununla da ermənilərin 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qanunsuz separatçı rejim ləğv olundu. Növbəti dəfə hər kəs əmin oldu ki, nəyi nə zaman və necə etmək lazım olduğunu cənab Ali Baş Komandan özü hər kəsdən daha yaxşı bilir.
- Söhbətimizi Azərbaycanın beynəlxalq münasibətlər müstəvisində fəaliyyəti mövzusunda davam etdirmək istəyirəm. Bu gün ölkəmizin aktiv şəkildə iştirak etdiyi beynəlxalq təsisatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Sizcə bu qurumun fəaliyyəti təşkilata üzv ölkələrin iqtisadiyyatına təsir baxımından nə dərəcədə effektivdir?
- İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə ilk olaraq üç ölkə - Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Göründüyü kimi, təsisçi ölkələrin hər üçü yerləşdikləri regionda kifayət qədər yüksək nüfuza malik olan dövlətlərdir. Artıq bu faktın özü İqtisadi Əməkdaşlıq Təşkilatının önəmini təsdiq edir. Belə bir faktı da diqqətə alaq ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ilk daxil olduğu qurumlardan biri də məhz bu təşkilatdır. Beləliklə, 1992-ci il noyabrın 28-də daha 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin sayı 10-a çatdı. Hazırda Azərbaycanın sədrlik etdiyi bu təşkilatın Nazirlər Şurası ən azı ildə bir dəfə yığıncaq keçirir. Bu il oktyabrın 10-da Şuranın 27-ci iclasının Şuşada keçirilməsi, həmçinin Şuşa şəhərinin 2026-cı il üçün Təşkilatın turizm paytaxtı elan edilməsi ölkəmizin bu mötəbər qurumda da yüksək nüfuza sahib olduğundan xəbər verir. Az öncə sizin də qeyd etdiyiniz kimi, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işində fəal iştirak edir. Təsadüfi deyil ki, ölkəmizin bərpaolunan enerji sahəsində effektiv çalışmalarına verilən yüksək dəyərin nümayişi olaraq, Azərbaycan Təşkilatın Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.
- Prezident İlham Əliyev bu ilin noyabr ayının 9-da İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilmiş 16-cı Zirvə toplantısında çıxış edərkən ölkəmizin nəqliyyat və logistika infrastrukturunun Təşkilata üzv dövlətlər üçün açıq olduğu xüsusi vurğuladı. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan ümumiyyətlə hər cür əməkdaşlığa açıq ölkədir. Təbii ki, bu əməkdaşlığın formatı xalqın və dövlətin maraqlarına uyğun gəlirsə. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasət kursu da ilk növbədə məhz Azərbaycanın milli maraqlarının təmin olunmasını nəzərdə tutur. Ölkəmizin nəqliyyat və logistika infrastrukturuna gəlincə isə, əlbəttə ki, bu infrastrukturun İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün əhəmiyyəti müstəsna xarakter kəsb edir. Bu gün Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoymaqla Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən ən önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri artıq tam hazırdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Eyni zamnda Azərbaycan üçün Xəzər regionunda da əməkdaşlığın mühüm istiqamətləri kimi nəqliyyat infrastrukturunun inkişafını, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılmasını qeyd etmək olar. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilib-istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir önəmli töhfəsi olub. Lakin bu nailiyyətlər də son hədd deyil. Bu gün Azərbaycan Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı Ticarət Limanının imkanlarını da bugünkü 15 milyon tondan 25 milyon tona çatdırmağı nəzərdə tutur. Bütün bu təşəbbüslərin reallaşması İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək.
- Eldar müəllim, dekabrın 6-da Azərbaycan daha bir mötəbər beynlxalq tədbirə ev sahibliyi etdi. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum keçirildi. Bu tədbirdə müzakirə olunan mövzular barədə nə deyə bilərsiniz?
- İlk növbədə belə bir vacib məqamı qeyd edim ki, dünyada fəaliyyət göstərən məşhur beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın Bakı Forumunda iştirakı bu beynəlxalq tədbirin yüksək nüfuzundan və əhəmiyyətindən xəbər verir. Məlumdur ki, Forumda qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektləri və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqi müzakirə edilib. Mötəbər tədbirdə iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, beynəlxalq ekspertləri maraqlandıran sualları cavablandırarkən real faktlara və analitik təhlilə əsaslanan detallı açıqlamalar təqdim etmişdir. Bunu da demək lazımdır ki, belə tədbirlərin keçirilməsi həm tərəflər arasında səmərəli fikir mübadilələrinin aparılması, həm də Azərbaycanda və regionda gedən proseslər barədə beynəlxalq ictimaiyyət nümayəndələrinə məlumatların necə deyərlər, birinci əldən təqdim olunması baxımından çox əhəmiyyətlidir. Məsələn, mənim diqqətimi xüsusilə cəlb edən məqamlardan biri 2020-ci ilədək BMT xətti üzrə Qarabağ münaqişəsi ilə məşğul olduğunu deyən beynəlxalq ekspertlərdən birinin Azərbaycan Prezidentinin Qarabağın erməni əhalisinin cəmiyyətimizə inteqrasiyası ilə bağlı göstərdiyi səyləri şərh etməsi oldu. Həmin ekspert bildirdi ki, Azərbaycan Prezidenti azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı ilə paralel olaraq, Azərbaycan vətəndaşlığı olmuş erməni əhalisinin də cəmiyyətimizə inteqrasiyasına şərait yaratmağa çalışıb. Həqiqətən də, dövlətimiz tərəfindən həmin insanlara yaşadıqları ərazidə qalmaq və həyatlarına davam etmək üçün ən optimal şərtlər təklif edilirdi. Hətta onlara təklif olundu ki, 2024-cü ildə keçiriləcək bələdiyyə seçkilərində iştirak etsinlər və öz nümayəndələrini seçərək, öz bələdiyyələrinin rəhbərləri olsunlar. Bu faktın özü də Azərbaycan dövlətinin və məxsusi olaraq Azərbaycan Prezidentinin ümumbəşəri dəyərlərə, humanizm prinsiplərinə nə dərəcədə sadiq olduğunu bir daha nümayiş etdirir.
- Eldar müəllim, ADA Universitetində keçirilmiş Forumda cənab Prezident İlham Əliyevə ünvanlanan suallardan biri Türk Dövlətləri Təşkilatının gələcəkdə bir hərbi-təhlükəsizlik ittifaqına, belə demək mümkünsə, NATO-nun bir analoquna çevrilməsi ehtimalı ilə bağlı oldu. Sizcə bu sualın müəllifini belə bir ehtimal irəli sürməyə hansı amillər sövq etmiş ola bilər?
- Düşünürəm ki, Türk Dövlətləri Təşkilatının getdikcə artan beynəlxalq nüfuzu və gücü dünyada bəzi dairələri ciddi şəkildə narahat etməyə başlayıb. Təşkilatın noyabr ayında Astanada keçirilmiş Zirvə görüşündə dövlət başçımızın müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi barədə söylədiyi fikirlər isə, görünür ki, bu narahatlığı bir qədər də artırmışdır. Lakin cənab Prezident İlham Əliyev hər zaman öz çıxışlarında, öz təşəbbüslərində ilk növbədə öz ölkəsinin və dost-qardaş ölkələrin maraqlarını əsas tutur. O cümlədən Astana Sammitində dövlət başçımız hazırkı geosiyasi reallıqları nəzərə alaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır. Bu gün Rusiya-Qərb geosiyasi qarşıdurmasının nə ilə nəticələnəcəyi məlum deyil. Həmçinin Qafqazda vəziyyət, Mərkəzi Asiya ölkələrinin sərhədləri boyunca gedən proseslər məhz təhlükəsizlik mövzusunun başlıca prioritet olaraq önə çəkilməsini tələb edir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türk dövlətlərinin böyük potensialı və geniş coğrafiyası var. Bu ölkələrin malik olduqları nəhəng enerji ehtiyatları bu gün milli təhlükəsizlik məsələsində ən vacib amil kimi çıxış edir. Təbii ki, belə bir əlverişli şərtlər daxilində Türk dövlətlərinin öz səylərini səfərbər etməsi ən gözlənilən və məntiqə uyğun addım olacaq.
- Forumun gedişində dövlət başçısı həmçinin Orta dəhlizin genişləndirilməsi perspektivləri, o cümlədən Özbəkistan, Qırğızıstan və Çinin birgə başladıqları mühüm dəmir yolu layihəsinin cəlbediciliyi barədə maraqlı açıqlamalar təqdim etdi. Necə bilirsiniz, Azərbaycanın bu layihəyə bilavasitə qatılması ehtimalı varmı?
- Cənab Prezident İlham Əliyev bu layihənin Orta dəhlizə böyük töhfə olacağını qeyd etdi. Həmin layihənin ölkəmiz üçün cəlbediciliyi isə, onun istiqamətinin Xəzərə doğru olması ilə bağlıdır. Bildiyimə görə ölkəmizin bu layihəyə bilavasitə qatılması məsələsi hazırda müzakirə mövzusu deyil. Çünki buna ehtiyac da yoxdur. Hazırda Azərbaycan özünün nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması ilə bağlı məsələlər üzərində fəal işləyir. Bakıdan Gürcüstan sərhədinə qədər olan dəmir yolunun yenidən qurulması artıq tam başa çatdırılıb. Bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan seqmentinin genişləndirilməsi də başa çatacaq. Bu da 100 milyon ABŞ dollarından çox olan, 100 faiz Azərbaycan investisiyasıdır. Bu seqmentdə maksimum bir neçə ay ərzində yükdaşımalar bir milyon tondan 5 milyon tona qədər genişlənəcək. Beləliklə, yeni yüklərin qəbulu üçün yeni imkanlar yaranacaq. Orta Dəhlizin daha bir qolu Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək. Bütün bunlar isə, Azərbaycanın beynəlxalq tranzit ölkə olaraq əhəmiyyətini və nüfuzunu daha da yüksəldəcək.
- Eldar müəllim, bu gün Azərbaycanın xürici əlaqlərindən danışarkən elə bilirəm ki, Mərkəzi Asiya ölkələri ilə olan münasibətlər xüsusi qeyd olunmalıdır. Yeri gəlmişkən, elə İqtisadi Əməkdaşlıq Təşkilatında da say çoxluğu məhz bu ölkələrə aiddir...
- Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət kursu Azərbaycanı bütün dünyada ən etibarlı tərəfdaş ölkələrdən biri kimi tanıtmışdır. Bu siyasətin mühüm istiqamətlərindən biri də ölkəmizin beynəlxalq əlaqələrinin şaxələndirilməsi məsələsidir. Eyni zamanda Azərbaycanda gedən dinamik iqtisadi inkişaf, respublikamızın strateji baxımdan əlverişli coğrafi yerləşməsi və zəngin təbii ehtiyatlara sahib olması ölkəmizə olan marağı daha da artırır. O cümlədən bu gün Azərbaycanın Mərkəzi Asiya regionu ölkələri ilə münasibətləri də uğurla inkişaf edir. Bir vacib məqamı unutmaq lazım deyil ki, bu ölkələr 70 il ərzində keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olmuşlar. Məhz elə həmin dövrdə də ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Bu gün Azərbaycan özünün Mərkəzi Asiya regionu ölkələri ilə əlaqələrini həm ikitərəfli formatda, həm də müxtəlif təşkilatlar çərçivəsində uğurla inkişaf etdirir.
(ardı var...)
Söhbətləşdi: Azər Məmmədov