Kamaləddin Qafarov: “Ağdam Azərbaycanın gözəl şəhərlərindən biri olacaq”
“30 ilə yaxın müddət ərzində davam edən işğal dövründə ermənilərin Azərbaycan xalqına qarşı törətmədikləri vəhşiliklər qalmadı. Kütləvi qırğınlar, qətliamlar azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiyası, tariximizə, mədəniyyətimizə və dinimizə qarşı misli görünməmiş təcavüzkarlıq və dağıdıcılıq əməlləri ilə müşayiət olunurdu. İndiyədək Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarında etnik təmizləmələrə məruz qoyulub. Xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmış Ağdam şəhərinin tamamilə dağıdılması isə hətta II Dünya müharibəsinin gedişində belə nadir hallarda müşahidə olunmuş xüsusi qəddarlıq və barbarlıqdan xəbər verir”.
Bu sözləri mətbuata Ağdam şəhəri günü ilə bağlı verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, eyni dağıntılara Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının da şəhər və kəndləri məruz qoyulub. “Bütün binaların dağıdılmadığı nadir ərazilər isə Şuşa, Laçın və qismən Kəlbəcər şəhərləri idi. Bunun yeganə səbəbi də odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək məqsədilə qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu isə, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Böyük təəssüf hissi ilə də olsa etiraf edilməlidir ki, bütün bu cinayətlər faktiki olaraq aşkar şəraitdə, dünya ictimaiyyətinin gözü qarşısında baş verib.”
Rəsmi İrəvanın hərbi cinayətlərinin və ermənilərin ölkəmizə və xalqımıza qarşı terror siyasətinin bütün işğal dövründə davam etdiyini vurğulayan deputat bu təhlükəli tendensiyanın arxasında bəzi dünya güclərinin yürütdükləri ikili standartlar siyasətinin durduğunu qeyd edib: “Münaqişənin tənzimlənməsi məqsədilə vasitəçilik missiyasını həyata keçirmək üçün ATƏT-dən mandat alan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar. Lakin Ermənistan bir dəfə də olsun bu əməllərinə görə qınanmayıb. Bu isə öz növbəsində erməniləri daha da azğınlaşdırıb. 1993-cü il 23 iyul tarixində ərazisinin 73 faizi işğal olunmuş Ağdamın rayon mərkəzi ilə birgə 90 kəndi düşmənin əlinə keçmiş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. Rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, unikal Çörək muzeyi, 67 idarə və 99 klubu dağıdılmış və talan edilmişdir. 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində xaricdən gətirilmiş 360 nəfər etnik ermənini qanunsuz olaraq məskunlaşdırmışdılar.”
K.Qafarov Azərbaycanın müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandığını qeyd edərək deyib: “Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi hərbi və siyasi-diplomatik strategiya nəticəsində Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı II Qarabağ savaşında həm hərbi, həm də siyasi-diplomatik müstəvilərdə parlaq qələbələrə imza atdı. Şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən, həmin il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Bu, Prezident İlham Əliyevin birbaşa səyləri nəticəsində Azərbaycan diplomatiyasının əldə etdiyi böyük nailiyyət idi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. Çox yaxın gələcəkdə Ağdam yenidən bərpa edilərək Azərbaycanın gözəl şəhərləri sırasında öz layiqli yerini tutacaq. Möhtərəm dövlət başçımızın dediyi kimi, indi Ağdam üçün yeni dövr başlayır. Tezliklə Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təsərrüfatının inkişaf etdiyi rayonlarından birinə çevriləcək”.