Aqiyə Naxçıvanlı: “Azərbaycanın kosmik sənyenin inkişafı yönümündə uğurları danılmazdır”
“Azərbaycan dövləti kosmik tədqiqatlar sahəsinin ölkəmizdə inkişafında çox maraqlıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması” və 2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında imzaladığı Sərəncamlar da bunu aydın şəkildə göstərir. Bunun ardınca, 2010-cu ildə dövlət başçısı “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzaladı və həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verdi. “Azərkosmos” Azərbaycanda və Cənubi Qafqazda ilk peyk operatoru oldu. Bu gün Azərbaycan Yerin orbitində üç peykə malikdir. Həmin peyklər azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və təkcə Azərbaycana deyil, eyni zamanda 45-dən artıq ölkəyə də xidmət göstərirlər. Beləliklə, digər sahələr kimi, Azərbaycanda kosmik sənayenin inkişafı da dövlətimizin xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Beynəlxalq Astronavtika Federasiyasının 2019-cu ildə Vaşinqtonda keçirilən Baş Assambleyasında 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi qərara alınmışdır. Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 100-dən artıq ölkənin ümumilikdə 5000-dən çox iştirakçı ilə təmsil olunduğu 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirildi. Mərasimdə çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda kosmik tədqiqatlar sahəsində beynəlxalq tədbirin ilk dəfə keçirilmədiyini vurğulayaraq bildirdi ki, hələ əlli il bundan öncə, 1973-cü ildə 24-cü Konqres də məhz Bakıda keçirilmişdir. Lakin o zaman mühüm beynəlxalq tədbirə ev sahibliyi edən ölkə SSRİ idisə, bu gün artıq bu hüquq müstəqil Azərbaycan dövlətinə məxsusdur. Əlbəttə ki, bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onların müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Prezident İlham Əliyevin öz çıxışında müstəqil ölkəmizin beynəlxalq müstəvidə fəallığına dair səsləndirdiyi fikirlərin əhəmiyyətini qeyd edən deputat həmçinin bildirib ki, bütün bu nailiyyətlər ilk növbədə dövlət başçısının həyata keçirdiyi uğurlu xarici siyasətin nəticələridir: “Cəmi 30 il bundan öncə Azərbaycan zəif, torpaqları işğal altında saxlanan, yoxsulluğun yüksək həddə olduğu və demək olar ki, beynəlxalq aləmdən təcrid durumda olan bir ölkə idi. Lakin 1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və növbəti on il ərzində effektiv şəkildə həyata keçirdiyi unikal xarici siyasət strategiyası, son iyirmi il ərzində isə bu strategiyanın Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün yeni çağırışlarına uyğun inkişaf və uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin ən fəal üzvlərindən birinə, sürətlə inkişaf edən nüfuzlu bir ölkəyə çevrilib. Dövlət başçımızın siyasəti hər zaman aydın, şəffaf və birmənalı olub, Azərbaycana yeni dostlar qazandırmağa və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlib. Artıq dördüncü ildir ki, ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Həmçinin Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı uğurla inkişaf edir. Hazırda ölkəmiz Avropa İttifaqının 9 üzvü ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Həmçinin Azərbaycan nadir ölkələrdəndir ki, eyni zamanda iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Ölkəmizin Avropa ilə Asiya arasında yerləşməsi, möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, qitələrarası körpü rolunu oynaması cəmiyyətimizin formalaşmasında və inkişafında mühüm rol oynamış, Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmuşdur. Məhz Azərbaycanın təşəbbüsü ilə tarixdə ilk dəfə olaraq Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı vahid platforma çərçivəsində bir araya gətirildi və burada qlobal siyasət, mədəniyyətlərarası dialoq və dinc inkişafa dair vacib məsələlər müzakirə edildi. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından ən etibarlı təchizatçı ölkələrdən biridir. Eyni zamanda Azərbaycan digər qitələrdə yerləşən onlarla ölkə ilə effektiv tərəfdaşlıq edir və bu münasibətlər ölkəmizin dinamik iqtisadi inkişafına xidmət edir.”
Daha sonra A.Naxçıvanlı ölkəmizin öz ərazi bütövlüyünü bərpa etdikdən sonra iqtisadi potensialını da xeyli gücləndirdiyini və bütün tərəfdaş ölkələrlə daha səmərəli şəkildə əməkdaşlıq etmək imkanlarını artırdığını vurğulayaraq bunları deyib: “Azərbaycan Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirən bir çox mühüm beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısıdır. Asiyadan Avropaya qədər uzanan nəqliyyat marşrutlarının, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verən boru kəmərlərinin xəritəsində Azərbaycan ən əhəmiyyətli mövqeyə sahibdir. Lakin bütün bu layihələrin maksimal effektivliklə reallaşa bilməsi üçün əlbəttə ki, tələb olunan ən vacib şərtlərdən biri, bəlkə də birincisi bu coğrafiyada sülh və əmin-amanlığın təmin olunmasıdır. Son 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal altında saxlanması Cənubi Qafqaz regionunu dünyanın ən qeyri-stabil bölgəsinə, hər an alovlana biləcək hərbi münaqişə ocağına çevirmişdi. Lakin Azərbaycan üç il öncə bu problemi də kökündən həll etdi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə 2020-ci ilin 27 sentyabr tarixində əks-hücum əməliyyatlarına başlayan Şanlı Ordumuz cəmi 44 gün ərzində ölkənin ərazi bütövlüyünü bərpa etdi. 28 il davam edən danışıqlar prosesində əldə edilə bilməyən nəticəyə bu qısa müddətdə nail olundu. BMT nizamnaməsinin hər bir ölkəyə verdiyi özünümüdafiə hüququndan istifadə edən Azərbaycan, həm də bu ali təşkilatın Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan dörd qətnaməsinin icrasını təmin etdi. Sentyabrın 19-da keçirilmiş lokal xarakterli antiterror tədbirinin nəticəsində isə, Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bununla da Cənubi Qafqazda nəhayət ki, dayanıqlı sülhə nail olmaq üçün indiyədək mövcud olmayan unikal şərait yarandı. Azərbaycan bütün maraqlı tərəfləri bu fürsətdən maksimum yararlanmağa, Qafqazda sülhün və əməkdaşlığın qurulmasına, bütün region ölkələrinin və qonşu dövlətlərin bundan fayda əldə etməsinə çağırır” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.