Kamaləddin Qafarov: “Azərbaycançılıq ideyası milli dövlətçilik məfkurəsinin əsasıdır”
“Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemləşdirilməsi və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında olan ən böyük tarixi xidmətlərindən biridir. Kifayət qədər böyük tarixi ənənələrinin olmasına baxmayaraq, azərbaycançılıq ideyası məhz Ulu Öndərimizin səyləri və gərgin çalışmaları nəticəsində yeni ictimai-siyasi dövrün fəlsəfi ifadəsi kimi formalaşmışdır. Ötən əsrin sonlarında müstəqil dövlətçiliyini bərpa edən Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ulu Öndər azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək, onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Vahid, bütöv Azərbaycanın bölünməzliyi uğrunda mübarizəni özünün həyat amalına çevirmiş Heydər Əliyev çıxışlarının birində demişdir: “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik.” Heydər Əliyevin yeni tarixi dövrdə- 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında da məhz azərbaycançılıq ideologiyası dayanırdı. Onun fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.
Deputat deyib: “Ulu Öndər cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli sürmüşdür. Heydər Əliyev dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifidir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən azərbaycançılıq ideologiyasının müəyyənləşdirilməsi də Ulu öndərin xidmətləri sırasında mühüm yer tutur. Ümummilli Lider Heydər Əliyev demişdir: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır.” Məhz bu fikirlər mahiyyət etibarı ilə dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasında durur.”
K.Qafarov Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun əhəmiyyətindən bəhs edərək deyib: “Ümummilli Lider Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna önəm verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin tarixi əhəmiyyətindən bəhs edərkən demişdir: “Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir. Bunu həyat da sübut etmişdir. Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır. Vətəndaş müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtarmışdır. İndi Azərbaycanda sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə yolunda çox işlər görülür. Buna görə də mən qəti əminəm ki, hazırda yeridilən xətt davam etdirilməlidir... İndiki siyasət bir çox onilliklər üçün nəzərdə tutulmuş siyasət olmalıdır. Əks halda, Azərbaycan yenə də hansısa hərc-mərcliyə məruz qala bilər”. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev son dərəcə fəal və müstəqil xarici siyasət kursu həyata keçirir. Bu xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə milli mənafeyinin müdafiəsinə yönəlib və onun əsasında Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli dövlətçilik məfkurəsinin ən mühüm ideyaları durur”.