» » Məhərrəm Novruzov: Gələcək inkişafın əsası

Məhərrəm Novruzov: Gələcək inkişafın əsası



"Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Hacı Məhərrəm Novruzovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Hacı Məhərrəm Novruzov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

"Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov
- Vətənini zirvələrə ucalda bilmək xalqını sevən insanların ən müqəddəs missiyasıdır. Bu gün əziz xatirəsini dərin hörmət və ehtiramla andığımız Ulu Öndər Heydər Əliyevin böyük dövlət və siyasi xadim kimi bütün dünyada qəbul edilməsi tarixi bir həqiqətdir.

Müstəqilliyin təmin edilməsinin və qorunub saxlanılmasının nə qədər çətin olduğunu dəfələrlə bəyan etmiş Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğu missiyasını gerçəkləşdirməklə Azərbaycan xalqının azadlıq haqqını reallığa çevirdi.



Ulu Öndər hakimiyyətə gəldikdən sonra ilk növbədə milli birlik və həmrəylik ideyasını önə çəkdi, milli gücü bütün təhlükə mənbələrinə qarşı qoydu. Bununla da "siyasi müstəqillik xalq-lider birliyindən qaynaqlanan milli iradəyə söykənir" tezisini öz şəxsi nümunəsində təsdiq etdi. Vətəndaş qarşıdurmasına təhrik edilən xalqın milli birliyini bir hədəfə yönəltmək nə qədər çətin olsa da, Heydər Əliyev şəxsiyyəti bu önəmli vəzifənin öhdəsindən layiqincə gəldi.

Böyük yolun başlanğıcı

Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır. Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında müsbət göstəricilərə nail oldu. Böyük rəhbər sübut etdi ki, millətinə xidmət edərkən hansı ideoloji quruluşa mənsub olmağın heç bir fərqi yoxdur.

Azərbaycan xalqının milli dirçəliş, dövlət müstəqilliyi arzusunun ideyadan gerçəkliyə doğru inkişafı öz başlanğıcını məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi mərhələdən - 1969-1982-ci illərdən götürür. Sovetlər ittifaqı dönəmində Azərbaycan zəngin potensiala malik olsa da, zəif aqrar respublika kimi tanınır, bir sıra sosial-iqtisadi göstəricilərə görə digər respublikalardan geri qalırdı. Yaranmış vəziyyət əsaslı dönüş, ciddi islahatlar tələb edirdi. 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi və bundan sonra təqribən on üç illik dövr xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatında yeni təkamül mərhələsi olmuş, ictimai təfəkkürdə milli özünüdərk hissinin oyanışı ilə tarixdə öz yerini tutmuşdu. Prezideni İlham Əliyevin dediyi kimi: "Azərbaycan xalqı öz xilasını, öz gələcəyini ancaq Heydər Əliyevdə görürdü və bu münasibətin, bu fikirlərin, əlbəttə ki, çox böyük əsasları vardı. Çünki 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanda yaşanan inkişaf Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycan üçün həlledici anlarda məhz onun qətiyyəti, onun sözü həlledici rol oynamışdır".

Sovet rejiminin və ideologiyasının ciddi məhdudiyyətlərinə, qadağalarına baxmayaraq, Ümummilli Lider Azərbaycan xalqının gələcəyini hədəf götürmüş, qısa vaxt ərzində əhalini dinamik inkişafa səfərbər etməyə nail olmuşdu.

İlk növbədə milli kadr potensialı formalaşdırıldı

Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən biri onun 1969-1982-ci illərdə təhsilə göstərdiyi qayğı və Azərbaycanın sabahını quracaq insan kapitalının, yüksəkixtisaslı kadrların yetişdirilməsinə diqqəti idi. Əgər 1969-cu ildə Azərbaycanda cəmi 765 orta məktəbdə ildə cəmi 73 min şagird təhsil alırdısa, 1981-ci ildə artıq 335 min şagirdi əhatə edən 2625 məktəb fəaliyyət göstərirdi. Azərbaycanın ali məktəblərində 100-dən çox ixtisas üzrə mütəxəssis hazırlığına başlanılmış, 6 yeni ali təhsil ocağı, 12 orta ixtisas məktəbi yaradılmışdı.

1969-1982-ci illərdə minlərlə azərbaycanlı gənc ən nadir ixtisaslara yiyələnmək üçün SSRİ-nin aparıcı təhsil ocaqlarına göndərilmişdi. Həmin dövrdə keçmiş SSRİ-nin 170-dən çox ən nüfuzlu ali məktəblərində Azərbaycanın iqtisadiyyatı, elm, təhsil və mədəniyyəti üçün 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc kadr hazırlanmışdı. Heydər Əliyevin bu istiqamətdə misilsiz fəaliyyətinə diqqət çəkən Prezident İlham Əliyev demişdir: "SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı".

Ümummilli Liderin bu dövrdə strateji addımlarından biri də 1971-ci ildə milli hərbi kadrların hazırlanması üçün baza rolunu oynayan ilk təhsil ocağının - Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin (C.Naxçıvanski adına Hərbi Liseyin) yaradılmasıdır. Azərbaycan xalqı özünün dövlət müstəqilliyini bərpa etdikdən və Ermənistanın ərazi iddiaları, işğalçılıq siyasəti ilə üzləşəndən sonra bu addımın - peşəkar hərbi kadr hazırlığının nə dərəcədə məsul, uzaqgörən və taleyüklü addım olması bir daha öz təsdiqini tapmışdı. Bundan başqa, Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olmuşdu. Bu tədbirlər nəticəsində ali hərbi məktəblərə daxil olan azərbaycanlı gənclərin sayı 1967-ci ildəki 31 nəfərdən 1985-ci ildə 1052 nəfərə çatmışdı. Məktəbin müdavimləri sonralar digər hərbi təhsil müəssisələrində öz bilik və bacarıqlarını artırdıqdan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində - 44 günlük Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında misilsiz xidmətlər göstərmişdilər.

2003-cü il aprelin 21-də bu hərbi məktəbin otuz illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Ümummilli Lider bu təhsil ocağı haqqında demişdir: "Cəmşid Naxçıvanski adına Hərbi Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona, bax, bu cür baxacağam".

Milli-mədəni dəyərlərin qorunması

Ulu Öndər xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində qətiyyətli addımlar atmış, o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Ulu Öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin qorunması və inkişafı sağlam düşüncəyə, mədəniyyətə və milli özünüdərk hissinə söykənir.

Azərbaycanın təhsil ocaqlarında Azərbaycan tarixinin geniş tədrisi, milli bayramların, ayinlərin sərbəst keçirilməsinə yaradılan şərait də Ümummilli Liderin adı ilə bağlıdır. Sovet rejiminin Azərbaycan xalqının mənafeyinə zidd siyasəti ilə açıq mübarizədən çəkinməyən Heydər Əliyevin xalqına, milli-mənəvi dəyərlərinə dərin ehtiramı nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili elan edilmişdi.

Ötən əsrin 70-ci illərində Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, həmçinin digər şəhər və rayonlarda Azərbaycanın görkəmli ədəbiyyat, elm və incəsənət xadimlərinin -  İmadəddin Nəsiminin, Natəvanın, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin, Səttar Bəhlulzadənin abidələri ucaldılmış, ev muzeyləri yaradılmış, ilk dəfə olaraq çoxcildlik Azərbaycan ensiklopediyasının nəşrinə başlanılmışdı. 1976-cı ildə Şuşanın sosial-iqtisadi və mədəni inkişafı haqqında qərar qəbul edilmiş, bu şəhərdə Vaqifin heykəlinin açılışı olmuşdu. 1982-ci il oktyabrın 26-da görkəmli Azərbaycan şairi və dramaturqu, bolşevik repressiyalarının qurbanı Hüseyn Cavidin nəşi uzaq Sibirdən Azərbaycana gətirilmişdi. Həmin dövrdə Azərbaycan kinosu da böyük inkişaf yolu keçmiş, "Uzaq sahillərdə", "İstintaq", "Nəsimi", "Babək" kimi məşhur ekran əsərləri məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə ərsəyə gəlmişdi.

Müstəqil dövlət quruculuğu

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci dövr - 1993-2003-cü illər onun hakimiyyətə gəlişinin birinci dövrünün (1969-1982-ci illər) məntiqi davamıdır. Bu mərhələ müstəqil Azərbaycan Respublikası üçün həlledici, taleyüklü olmuş və həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuş, ölkəmizin iqtisadi-siyasi və mədəni inkişafının strateji xətti müəyyən edilmişdir. 

Müstəqilliyin ilk iki ilini Azərbaycan demək olar ki, tam beynəlxalq özünütəcrid vəziyyətində keçirmişdi. Ovaxtkı rəhbərliyin məntiqsiz bəyanatları Azərbaycanın onsuz da zəif olan beynəlxalq münasibətlərini daha da gərginləşdirmişdi. Ümummilli Lider Heydər Əliyev BMT, ATƏT, MDB, AŞ PA və digər mötəbər qlobal və regional qurumların tribunalarından fəaliyyətinin aydın proqramını bəyan edərək təhlükəsizliyin təmin olunması üçün həyati vacib məsələlərin həllinə nail oldu. Ermənistanın işğalçı dövlət kimi tanınması, ölkəmizin ərazi bütövlüyünün pozulmasına beynəlxalq siyasi-hüquqi qiymət verilməsi, ağır şəraitdə yaşayan qaçqınların humanitar təhlükəsizlik haqlarının vəhşicəsinə pozulmasına dünya ictimaiyyətini inandırmaq istiqamətində fədakar diplomatik səylər göstərdi.

Bu dövrdə Ümummilli Lider gərgin fəaliyyəti ilə dünyanı Azərbaycan faktorunu tanımağa məcbur etdi. Dəyişən siyasi mühitdə ənənəvi tarixi müttəfiqlərlə yanaşı, yeni strateji tərəfdaşlar seçiminə aydınlıq gətirdi. "İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir" şüarını irəli sürdü. Azərbaycanın iqtisadi təhlükəsizliyinin təməl prinsipləri gerçəkləşdirildi.

Yeni neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi.

Yeni neft diplomatiyası sayəsində Azərbaycan Avropa və Asiya arasında siyasi-ticari əlaqələrin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, Bakı-Tbilisi-Qars dəmiryolu, "Cənub qaz dəhlizi", TRASEKA kimi layihələrin gerçəkləşməsində mühüm rol oynadı. Azərbaycan böyük İpək yolu layihəsinə qoşulmaqla həm də beynəlxalq və regional əhəmiyyətli logistika mərkəzinə çevrildi.

Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşmasına, bilik iqtisadiyyatının qurulması və innovasiyaların tətbiqinə xüsusi əhəmiyyət verilir və bu istiqamətlər artıq yeni iqtisadi siyasətin əsas tərkib hissələrinə çevrilmişdir. Dördüncü Sənaye İnqilabının əsasını İKT-nin inkişafı təşkil edir. Ona görə də Prezident İlham Əliyev İKT-ni iqtisadi inkişafın əsas prioritetlərindən biri hesab etməklə, bu sahənin inkişafına xüsusi diqqət göstərmiş, onun tapşırıqlarına uyğun olaraq bu istiqamətdə çoxsaylı islahatlar və tədbirlər həyata keçirilmiş, proqramlar qəbul edilmişdir. İKT-nin inkişafı çərçivəsində Azərbaycanın kosmik ölkəyə çevrilməsi istiqamətində də əhəmiyyətli addımlar atılmış və bu addımlar innovativ inkişafa əsaslı şəkildə təkan vermişdir. 

Ümummilli Lider Heydər Əliyevin geosiyasi təfəkkürünün bəhrəsi olan transmilli layihələr (Trans-Xəzər, Trans-Qafqaz layihələri) Azərbaycanı Avropada təhlükəsizlik sisteminin həyati vacib arteriyalarından birinə çevirdi. Onun bölgədə sülhün, əməkdaşlığın, sabitliyin simvolu kimi təsdiq edilməsinə, Azərbaycana qarşı yönəldilə biləcək real və potensial təhlükə risklərinin neytrallaşdırılmasına, qlobal təhlükəsizlik sisteminin dəstəyinə, dövlətimizin bu sistemin ən fəal subyekti kimi tanınmasına göstərdiyi təsir bu gün göz önündədir.

Azərbaycanın xarici siyasətində milli maraqlara cavab verən çoxvektorlu balanslaşdırılmış model uğurla tətbiq olundu. Azərbaycan beynəlxalq münasibətlər sistemində layiqli yerini tutdu,  BMT və onun ixtisaslaşdırılmış qurumları ilə əməkdaşlığı genişləndi. 1994-cü il mayın 4-də NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədi imzalandı, Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirməklə suveren hüquqlarını qorumaq, Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında həqiqətləri dünya birliyinə çatdırmaq üçün yeni imkanlar əldə edildi. Azərbaycan Respublikası İKT və MDB çərçivəsində iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrini genişləndirdi. 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" imzalandı. Bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin dərinləşməsi istiqamətində hüquqi baza rolunu oynamışdır. 2001-ci il yanvarın 17-də Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi.

Ulu Öndər Heydər Əliyev türk dövlətləri arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hüquq bərabərliyi və qarşılıqlı faydalılıq prinsipləri əsasında qurulması, davamlı inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində qətiyyətlə çalışmışdır.

Ulu Öndər cəmiyyəti sağlam ideologiya ətrafında birləşdirdi

Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis edildi. Ümummilli Liderin qurduğu bu partiya  çox keçmədən  ölkəmizin son onilliklərdə nail olduğu ən böyük uğurların carçısına çevrildi. Ulu Öndər Heydər Əliyev ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində ölkəmizin müstəqil, demokratik, sivil dövlət kimi bərqərar olmasına və möhkəmlənməsinə əvəzsiz töhfələr verdi, Heydər Əliyevin müdrik siyasi baxışlarından və zəngin dövlətçilik təcrübəsindən bəhrələnərək öz fəaliyyətini mükəmməl siyasi mexanizmlər üzərində qurdu, ölkənin taleyüklü problemlərinin həllində həmişə ön cərgədə oldu, xalqın maraq və mənafelərinin keşiyində durdu. Yarandığı gündən öz siyasi xəttinə bağlılığı, xalq və dövlət qarşısındakı xidmətləri və ölkəmizin dinamik inkişafı Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu artırdı və mövqeyini xeyli möhkəmləndirdi. YAP eyni zamanda bölgənin ən güclü və nüfuzlu siyasi qüvvəsi kimi özünü təsdiq etdi. 800 minə yaxın üzvü olan partiyamızın sıraları xüsusilə gənc nəsli təmsil edənlər tərəfindən gündən-günə genişlənir. Bu, çox sevindirici haldır, çünki gələcəyimizin etibarlı əllərdə olmasından xəbər verir.

Ümumiyyətlə, Azərbaycan gəncliyinin milli mənəvi dəyərlər ruhunda tərbiyə alması, Vətənə, dövlətə bağlı olması Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin əsas xəttidir. Ulu Öndərin "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir" və "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" kimi müdrik fikirləri bu gün də gənclər siyasətinin devizidir.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev demişdir: "Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür.

Ümummilli Lider Heydər Əliyevin ideyalarını əldə rəhbər tutan və onların həyata keçməsinə çalışan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva da gənc nəslin təlim və tərbiyəsinə, onların müasir biliklərlə yanaşı, milli-mədəni irsə hərtərəfli yiyələnməsinə xüsusi diqqət ayırır.

Yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuş Azərbaycan xalqı Ümummilli Liderin hakimiyyətə qayıtdığı günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. 20 ildir Prezident İlham Əliyev 15 iyundan başlanan yolu - müstəqilliyin əbədi və dönməz xəttini uğurla davam etdirir. "Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də Onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik", - deyir ölkə rəhbəri İlham Əliyev.  

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir. Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında qeyd olunduğu kimi: "Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    İyul 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Qalereya