Главная > Şou biznes > Bu gün Beynəlxalq Qadınlar Günüdür

Bu gün Beynəlxalq Qadınlar Günüdür


8-03-2021, 10:02. Разместил: admin
Bu gün Beynəlxalq Qadınlar Günüdür


Bu gün - 8 Mart dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur.
1857-ci ilin martın 8-də ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, uzun iş saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil ediblər.

Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin təmsili başlanğıcı olan bu aksiyanın qarşısı polis tərəfindən alınıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edib, ötən il doğulan 126,6 min körpədən 46,7 faizi qız uşaqlarının payına düşüb.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsil alanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,9 faizi qızlardır.

Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 10-u qadındır.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29 faiz, sahibkarlar arasında isə 21,3 faizdir. Milli Məclisdə də qadın deputatların sayı artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,3 faizə çatıb.

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Eyni zamanda dövlət başçısının imzaladığı sərəncamla Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadına fəxri adlar verilərək təltif ediliblər.


Вернуться назад