Главная > Sosial > Aliment ala bilməyənlər nə etməlidir? – ARAŞDIRMA

Aliment ala bilməyənlər nə etməlidir? – ARAŞDIRMA


27-11-2023, 13:30. Разместил: admin
Aliment ala bilməyənlər nə etməlidir? – ARAŞDIRMA


Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqlar ata və anaları tərəfindən saxlanılmağa, eyni zamanda nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. Həmin pul və məbləğ “aliment” adlanır və Azərbaycan qanunvericiliyinə görə, aliment məsələsində gender problemi yoxdur. Yəni  alimenti yalnız ata deyil, ana da ödəyə bilər. Məsələn, üçuşaqlı valideynlər boşanırlarsa, ana uşaqlardan imtina edərsə, bu zaman ata məhkəməyə müraciət edərək ananın gəlirinin yarısını aliment kimi tələb edə bilər. Konstitusiyada, həm də Ailə Məcəlləsində qadın və kişinin hüquqları bərabərdir. Ailə Məcəlləsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq üçün aliment ödənilməsi haqda saziş bağlamaq hüququna malikdirlər. Əgər onlar uşaqlarını saxlamaqdan imtina etsələr, bu zaman aliment valideynlərdən məhkəmə qaydasında tutulur.

Pravda.az alimentlə bağlı bir sıra məsələləri araşdırıb.

Boşanma faktı varsa, məhkəmə qaydasında uşaqlar üçün valideynlərdən hər ay müəyyən miqdarda aliment tutulur. Ölkəmizdə 1 uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi, 2 uşağa görə qazancın və başqa gəlirlərin üçdə bir hissəsi, 3 və daha çox uşağa görə qazancın və başqa gəlirlərin yarısı alimentə ödənilir. Araşdırmalarımızdan məlum olub ki, bəzi hallarda valideynlərdən məhkəmə qaydasında tutulan aliment öhdəliyinə xitam  verilməsi mümkündür. Belə ki, uşaq yetkinlik yaşına çatıbsa, yaxud yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə edibsə, aliment ödənilən uşaq başqası tərəfindən övladlığa götürülübsə, aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunubsa, aliment alan şəxs və ya aliment ödəyən şəxs ölübsə, əmək qabiliyyəti olmayan, yaxud ehtiyacı olan, aliment alan ər və ya arvad yeni nikaha daxil olubsa, aliment öhdəliyinə xitam verilir.

Hazırda müzakirə olunan məsələlərdən biri Azərbaycanda Aliment Fondunun yaradılmasıdır. 2020-ci ildə insan hüquqları üzrə müvəkkil - ombudsman tərəfindən digər ölkələrdə olduğu kimi Azərbaycanda da Aliment Fondunun yaradılması ilə bağlı təklif irəli sürmüşdü. Təklifə görə, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmi - Aliment Fondu yaradılmalıdır. Lakin hələ də bu təklif reallaşmayıb. Məhz maddi problemlər bu gün ailələrdə əsas boşanma səbəbləri sırasındadır. Əgər valideyn evliyikən maddi cəhətdən ailəsini, uşağını təmin edə bilmirsə, boşandıqdan sonra alimenti necə ödəyəcək? Buna baxmayaraq, hazırda Azərbaycanda aliment miqdarının artırılması gündəmdə olan əsas müzakirə mövzularından biridir.

Bununla bağlı Milli Məclisin deputatı Fazil Mustafanın fikirlərini öyrəndik. Fazil Mustafa məsələyə fərqli aspektdən yanaşdı:

“Bu, olduqca mürəkkəb mövzudur. Alimentin miqdarının artırılması əvəzinə, qadınların işlə təmin olunması məsələsinə baxmaq lazımdır. Əlbəttə ki, aliment pulu yetərli olmayacaq. Alimentin səviyyəsi qaldırılsa, onda da kişilərin həyatı pozulmuş olur. Elə kişilər var ki, məhz qadının günahı üstündə ailəsi pozulub. Qadınlar isə alimentlə kişiləri bir çox hallarda şantaj edirlər. Kişi yeni ailə qurur, amma öz ailəsinə baxmaq əvəzinə, ömür boyu aliment ödəməklə məşğul olur. Buna görə də bəzən ədalət prinsipi pozulur. Təbii ki, boşanma kişilərin günahı səbəbindən baş veribsə, alimentin ödənilməsi məsələsində problem yoxdur. Amma bilməlidirlər ki, aliment ümumi yaşayış üçün nəzərdə tutulan vəsait deyil, uşaq üçün ödənilən müəyyən məbləğdir. Buna görə də əsas məsələ işlə təminat olmalıdır. Məşğulluq orqanları boşanmış qadınların normal, layiqli işlə təmin olunmaları məsələsi üzərində hansısa konsepsiya gerçəkləşdirsələr, onda sıxıntılar da azalmış olar. Sanki bir tərəfdə oturub pul gözləyirlər. Axı digər tərəf də insandır, onun da yaşaması, hansısa şəkildə pul qazanması üçün şərtlər olmalıdır. Əgər o da işsiz olsa, alimenti necə ödəyəcək? Buna görə iki tərəfi də anlayaraq məsələyə yanaşmaq lazımdır. Alimentin miqdarının artırılması yenə də tərəflərin ancaq birinin vəsaitindən gedən məbləğ olacaq. Bir az həssas məsələ olduğu üçün hərtərəfli araşdırılıb qərar verilməlidir”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə açıqlamasında bir sıra problemlərə toxunub:

“Hər il cənab Prezidentin Sərəncamı ilə aliment pulu qaldırılır. Yaşayış minimumu uşaqlar üçün 220 manatdır. Əslində, hamımız başa düşürük ki, indiki dövrdə bu məbləğ ehtiyacları o qədər də ödəmir. Lakin məsələnin başqa tərəfi də var. Bu, uşağın saxlanılması ilə bağlıdır. Müasir dünya görüşü ilə məsələyə yanaşsaq, tərəflərin hər ikisinin işləməsi, gəlir əldə etməsi lazımdır. Ananın işləməsi, yaxud sosial dəstək proqramlarından bəhrələnməsi də müəyyən dəstək xarakteri daşıya bilər. Təəssüf ki, qadınlar bəzən müxtəlif resurslar barədə məlumatlı olmadıqları üçün alimentdən aldıqları məbləğ, doğrudan da, kifayət etmir. Buna görə də aliment alan şəxsə digər resurslarla da bağlı məlumat vermək lazımdır. Bəs biz necə edirik? Qanun qəbul edirik, qanunda yazıldığı qaydada onun icrası ilə bağlı işlər görürük. Halbuki hər bir icraçı məmurun əlinin altında digər xidmət paketləri ilə bağlı məlumat olsa, aliment alan şəxsə bu barədə məlumat versə, kifayət qədər dəstək əldə etmək olar. Məsələn, “Günərzi” mərkəzindən, sosial yardımın hansısa formasından yararlanmaq mümkündür”.

M.Zeynalova deyib ki, kişilər də, qadınlar da alimentdən qaçır, onu ödəməkdən imtina edirlər: “Deyirlər ki, “işləmirəm”, yaxud “əməkhaqqım kifayət qədər deyil”. Hətta əməkhaqqını gizlədənlər olur. Adamlar var ki, müxtəlif sahələrdə işləyirlər, amma gəlirlərini gizlədirlər. Bəzi qadınlar bizə deyirlər ki, ərimin kifayət qədər imkanı var, amma o, bu imkanları başqalarının adına yazdırır. Yaxud da “ərim qeyri-formal əmək fəaliyyəti ilə məşğuldur, gün ərzində müəyyən qədər gəliri var, amma qeydiyyata almadığına görə həmin gəlirdən çox az məbləğdə aliment alıram” deyənlər var. Deməli, kişi aliment verməmək üçün işsizliklə bağlı arayış təqdim edir, amma faktiki qeyri-formal fəaliyyətlə məşğuldur. Bunlar da böyük problemlərdir. Hansısa formada identifikasiya lazımdır. Aliment alanda məhkəmə şəxslərin formal və ya qeyri-formal daha hansı fəaliyyətlə məşğul olmaları barədə araşdırma apara bilər. Təəssüf ki, buna vaxt sərf etmirik, kifayət qədər araşdırmırıq. Məsələn, kişi xəstədir, pensiya alır, qadın isə deyir ki, mənə 1 uşaq üçün 150 manat ver. Kişi aldığı pensiyanın böyük hissəsini ödəyib, özü isə çıxılmaz vəziyyətdə qala bilər. Əslində, aliment ilkin dəstəkdir. Problemin mahiyyəti budur ki, boşanan tərəflər bir-birilərinə düşmən qismində münasibət bəsləyirlər. Əgər valideynlər birgə ailə münasibətləri ilə yaşaya bilməyiblərsə, sivil formada ayrılıblarsa, uşaqlar arasında resurslarını da sivil şəkildə bölməlidilər. Bu, onların borcudur. Emosional, düşmən xarakterli ayrılıqlar resursların gizlədilməsi və uşağın bu prosesdə əziyyət çəkməsi ilə nəticələnir. Aliment almayan qadın emosional olaraq bəzən uşağın varlığını da inkar edir, daima onu bu məsələdə aşağılayır. Nəticədə qadın öz həyatına nifrət edir, uşağa aqressiv yanaşır, onun yanında atasını ittiham edir. Belə münasibətlər vəziyyəti daha da gərginləşdirir. Məsələn, bir qadın mənə yaxınlaşıb dedi ki, ərimi tapmıram, Rusiyaya çıxıb gedib, aliment ala bilmirəm. Ona dedim ki, o, ölkəyə qayıtmayanadək aliment almağın mümkün deyil, sadəcə, Dövlət Miqrasiya Xidmətinə və digər aidiyyəti qurumlara məlumat versən, ərin ölkəyə gələndə saxlanılar. Eyni zamanda həmin qadından soruşdum ki, sən işləyirsən? Dedi ki, yox, niyə işləməliyəm? Qadın burada uşağın da haqqına girmiş olur. İşləmir, gözləyir ki, aliment pulunu xərcləyəcək. Belə tərs mütənasiblik var. Bu isə ən çox uşağa zərər verir, cəmiyyətə də çox neqativ təsirlər ötürür”.

Bəs görəsən, ərindən aliment ala bilməyən qadın hüquqlarını necə müdafiə etməli, hara müraciət etməlidir?

Məsələninin hüquqi tərəflərini tanınmış vəkil Elvin Əliyev izah etdi:

“Nikahın pozulması və aliment tələbi ilə bağlı əvvəlcə Mediasiya Şurasına müraciət olunur. Müraciət əsasında cavabdeh və iddiaçı tərəf ümumi razılığa gəlsə, həmin razılığa uyğun olaraq cavabdeh şəxs alimenti ödəməlidir. Əgər tərəflər razılığa gəlməsələr, bu halda işə məhkəmə qaydasında baxılır. Alimentlə bağlı dövlət rüsumu nəzərdə tutulmayıb. Bundan əlavə, əgər cavabdeh alimenti ödəmirsə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati protokol tərtib olunur. Cavabdeh barəsində İXM-nin müvafiq maddəsinə uyğun inzibati qaydada həbs də, cərimə də nəzərdə tutulub. Formlaşan məhkəmə təcrübəsi bunu göstərir ki, alimenti ödəməyən, məhkəmə qərarını, qətnaməsini qərəzli formada icra etməyən şəxslər əksər hallarda inzibati həbs olunurlar. Şəxs alimenti ödəməməkdə qərəzliliyi davam etdirirsə, ödəməkdən boyun qaçırırsa, haqqında bununla bağlı Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət işi başlanılır. Maddəyə görə, azadlıqdan məhrumetmə cəzası da var, yaxud məhkəmə hər hansı yüngülləşdirici halları nəzərə alaraq, sanksiyada nəzərdə tutulmuş daha yüngül cəzanı da tətbiq edə bilər. Lakin bu işdə əvvəlcə tələbkar tərəflə barışıq və ona ödənəcək alimentin ödənilməsi nəzərdə tutulur ki, şəxsə azadlıqdan məhrumetmə ilə əlaqəsi olmayan cəza verilsin. Bununla bağlı qadın icra məmuruna, yəni icra olunması üçün məhkəmə qətnaməsinin göndərildiyi İcra və probasiya şöbəsinin icra məmuruna müraciət etməlidir. Alimentlə bağlı hissəni icra məmuru icra edir”.


Вернуться назад