Главная > Sosial > ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin iclası keçirilib - FOTOLAR

ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin iclası keçirilib - FOTOLAR


1-04-2022, 17:21. Разместил: admin
ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin iclası keçirilib - FOTOLAR


Aia.az xəbər verir ki, aprelin 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) Rəyasət Heyətinin iclası keçirilib.

ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev heyət üzvlərini iclasın gündəliyi ilə tanış edib.

Gündəliyə “ATİAHİ Respublika Komitəsinin 2021-ci ilə dair ümumi illik statistik hesabatı barədə”, “2021-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “2021-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə”, “2021-ci ildə həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətinin təşkili ilə bağlı görülmüş işlər barədə” məsələlər daxil edilib. Gündəliyin birinci məsələsi ilə bağlı Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov məruzə edərək 2021-ci ilin statistik göstəriciləri ilə bağlı məlumat verib. Qeyd edib ki, 1 yanvar 2022-ci il tarixinə olan məlumata əsasən, ATİAHİ-nin 136 rayon, şəhər və rayon hüquqlu komitəsində birləşən 5 739 ilk həmkarlar ittifaqı təşkilatı və 401 197 nəfər ittifaq üzvü var. Ötən ilin müvafiq rəqəmləri ilə müqayisə etdikdə, 2021-ci ildə ittifaq üzvlərinin sayında çoxalma baş verib. Belə ki, 2019-cu ildə ittifaq üzvlərinin sayı 389 422 nəfər olub. Məruzədə əlavə edilib ki, 2021-ci ildə Respublika Komitəsinin xidmətində olan 5 725 ilk təşkilatda həmkarlar ittifaqı komitəsi ilə müdiriyyət arasında kollektiv müqavilə bağlanıb. İttifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiə olunmasına xidmət edən kollektiv müqavilələr 302 186 nəfər ittifaq üzvünü əhatə edib. Məsələyə münasibət bildirən S.Möhbalıyev qeyd edib ki, rayon, şəhər və şəhər hüquqlu həmkarlar ittifaqı komitəsi sədrləri, eləcə də ilk təşkilat sədrləri yerlərdə həmkarlar ittifaqı komitələrinin nüfuzunun artırılması ilə bağlı iş aparmalıdır. Həmçinin kollektiv müqavilələrin müddəalarına əməl edilməsi xüsusi nəzarətdə saxlanılmalıdır: “Çalışmaq lazımdır ki, ilk təşkilatlarda nüfuzu olan şəxslər təmsil olunsunlar. Əgər ilk təşkilatların sədrləri nüfuzlu şəxslər olarsa, o zaman ümumilikdə həmkarlar ittifaqı təşkilatlarının nüfuzu yüksək olacaq”.
Gündəliyin ikinci məsələsi ilə bağlı ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək məlumat verib ki, 2021-ci ildə Respublika Komitəsinə və Respublika Komitəsinin xidmətində olan üzv təşkilatlara ümumilikdə 62 171 ərizə və şikayət daxil olub, onlardan 60 278-i müsbət həll edilib. Belə ki, əmək hüquqlarının müdafiəsi ilə bağlı daxil olmuş 424 müraciətdən 323-ü, həmkarlar ittifaqı orqanlarının işi ilə bağlı daxil olan 209 ərizədən 180-i müsbət həll edilib. Həmçinin 2021-ci ildə ATİAHİ Respublika Komitəsi və onun xidmətinə daxil olan şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələri 52 593 nəfər ittifaq üzvünə maddi yardım verib. Həmçinin qeyd olunub ki, əmək hüquqlarının müdafiəsi ilə bağlı baxılmış 424 müraciətin 87-si işə bərpa ilə bağlı olub. Ötən il ATİAHİ Respublika Komitəsinin müdaxiləsi nəticəsində 2 nəfər öz əvvəlki işinə bərpa edilib. Bununla yanaşı, Respublika Komitəsinin xidmətinə daxil olan şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin müdaxiləsi nəticəsində 40 nəfər öz işinə bərpa edilib. Məsələyə münasibət bildirən sədr qeyd edib ki, həmkarlar ittifaqı təşkilatları daxil olan hər bir ərizəyə diqqətlə yanaşmalı, həmkarlar ittifaqı üzvlərini narahat edən məsələlərin aradan qaldırılmasına çalışmalıdır: “Hər bir ərizə xüsusi yanaşma tələb edir. Bu baxımdan hər bir ərizə araşdırılmalıdır, problemi olan insanlara diqqət göstərilməlidir”. Gündəliyin növbəti məsələləri ilə bağlı ATİAHİ Respublika Komitəsinin katibi, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov çıxış edərək 2021-ci il üzrə büdcə göstəricilərinin yerinə yetirilməsi, həmçinin həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətinin təmin edilməsi ilə bağlı ötən il həyata keçirilmiş tədbirlər barədə məlumat verib. İclasın sonunda S.Möhbalıyev yekun söz söyləyərək tövsiyələrini çatdırıb. Qeyd edib ki, rayon komitəsi sədrləri müraciət edən şəxslərə öz köməkliyini göstərməlidir: “Bilirsiniz ki, biz ümumilikdə həmkarlar ittifaqları təşkilatları olaraq istər Pandemiya, istərsə də Vətən müharibəsi və ondan sonrakı dövrlərdə həssas əhali qruplarına müxtəlif yardımlar etmişik. Bütün əlamətdar günlərdə onlara lazımi köməkliklər göstərilir. Biz həmçinin şəhid ailələrinin, onların övladlarının problemləri ilə daim maraqlanır, demək olar ki, imkanımız daxilində onlara hər cür dəstəyi verməyə çalışırıq. Şəhidlərin ailələrinə baş çəkilir, hədiyyələr təqdim olunur və belə tədbirlərimiz mütəmadi xarakter daşıyır. Biz indiyə kimi 172 şəhidin 286 övladını himayəyə götürmüşük. Hər ay onların hesabına pul köçürülür. Düzdür, onlar dövlətimiz tərəfindən hərtərəfli himayə olunur, amma biz də – ictimai təşkilatlar da onlara hər cür dəstək göstərməliyik. Həmçinin həmkarlar ittifaqları üzvləri ilə yanaşı, şəhid ailələrini, qaziləri yollayışlarla təmin edir. Onların istirahətləri, müalicələri üçün istirahət mərkəzlərinə, sanatoriyalara yollayışlar veririk. Bu işlər bundan sonra da davam etdirilməlidir”.





Вернуться назад